24 may 2023 18:03
686

Ulu Öndər Azərbaycanın neft strategiyası konsepsiyasının müəllifidir FOTO

Mayın 24-də Azərbaycan Respublikası Elm və Təhsil  Nazirliyinin Neft və Qaz  İnstitutunun təşkilatçılığı ilə  Azərbaycan  xalqının Ümummilli  Lideri Heydər Əliyevin  100 illik yubileyinə həsr edilmiş " Heydər Əliyev və Azərbaycan neft strategiyası: Neft-qaz geologiyası  və geotexnologiyalarında irəliləyişlər" mövzusunda beynəlxalq elmi-praktiki konfrans  öz işinə başlayıb.

“Holiday Inn Baku” otelində keçirilən açılış mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının  (AMEA) prezidenti, akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, Elm və Təhsil Nazirliyinin tabeliyində olan bir sıra elmi müəssisələrin baş direktorları, əməkdaşları, Milli Məclisin deputatları, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri, Türkiyə, Gürcüstan, Özbəkistan, Türkmənistan, İsrail, Qazaxıstan, Rusiya, Tacikistan və digər ölkələrdən alimlər iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən Neft və Qaz İnstitutunun baş direktoru, akademik Fəxrəddin Qədirov Ümummilli Lider Heydər Əliyevin neft strategiyasının bir neçə mərhələdən ibarət olduğunu, ilkin mərhələdə, yəni Ulu Öndərin ölkəmizə rəhbərlik etməyə başladığı 1969-cu ildən etibarən Xəzərdə aparılan geoloji-kəşfiyyat, qazma işləri nəticəsində Azəri-Çıraq-Günəşli kimi dərinliklərdə yerləşən zəngin neft yataqlarının kəşf olunduğunu deyib. Qeyd edib ki, Ulu Öndər bu mərhələdə görülən işlərin gələcəkdə müstəqil Azərbaycanın iqtisadiyyatının əsasını təşkil edəcəyini bilirdi və buna uyğun addımlar atırdı. Görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqilliyin ilk illərində neft strategiyasını həyata keçirərkən bir çox çətinliklərlə üzləşdiyini deyən akademik Fəxrəddin Qədirov keçmiş Sovet İttifaqı ölkələri ilə iqtisadi əlaqələrin qırılması, ölkə ərazisində olan böhran və investisiya çatışmazlığının həmin illərdə başlıca problemlər olduğunu söyləyib. Diqqətə çatdırıb ki, Ümummilli Lider “Neft Azərbaycanın milli sərvətidir” devizini əsas tutaraq xarici neft şirkətlərini ölkəmizə dəvət etdi, yeni neft strategiyası işlənib hazırlandı. Akademikin sözlərinə görə, həmin dövrdə ARDNŞ-in birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyev yeni neft strategiyasının hazırlanması və uğurla həyata keçirilməsində ən fəal iştirakçılardan oldu.

Akademik Fəxrəddin Qədirov bildirib ki, 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”nin Ulu Öndər Heydər Əliyev ölkəmizin suverenliyinin qarantı və iqtisadiyyatımızın inkişaf etdirilməsinin əsas faktoru olduğunu bəyan etdi, 1999-cu ildə isə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin çəkilişi haqqında müqavilə imzalandı.

Ümummilli Lider Heydər Əliyevin neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən Fəxrəddin Qədirov 2017-ci ildə Azəri-Çıraq-Günəşli yatağının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişini 2056-cı ilə qədər uzadıldığını vurğulayıb.

Akademik Fəxrəddin Qədirov Ümummilli Lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində Musa Əliyev, Şəfaət Mehdiyev, Xoşbəxt Yusifzadə kimi Azərbaycan Milli Elmlər Akademiyasının alimlərinin xüsusi rolu olduğunu, müstəqillik illərində isə Geologiya və Geofizika İnstitutunun bu sahədə fərqləndiyini söyləyib.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, rezerv və neft strategiyası mövzusu Heydər Əliyev və Azərbaycan dövlətçiliyi probleminin ana xətlərini müəyyən edən strateji əhəmiyyətə malik bir məsələdir. Qeyd edib ki, Heydər Əliyevin şəxsiyyəti və gördüyü işlərin miqyası geniş sözlər deməyə, elmi araşdırmalar aparmağa, monoqrafiyalar yazmağa, dissertasiyalar müdafiə etməyə, ümumiləşdirmələr aparmağa tam əsas verir.

“Bütün bunlarla bərabər, hesab edirəm ki, Heydər Əliyev və neft strategiyası, Heydər Əliyev və Azərbaycan nefti məsələsi bu mövzuların içərisində əsas yer tutur. Heydər Əliyevin neft strategiyası məsələsi Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi həm birinci mərhələdə, həm də ikinci mərhələdə tale ilə, inkişafla, yüksəlişlə bağlıdır. Heydər Əliyev Azərbaycan neftindən xalqımızın milli maraqlarına uyğun şəkildə istifadə etmək siyasətini həyata keçirmişdir. Ondan öncə isə Nəriman Nərimanov bu siyasəti həyata keçirməyə çalışsa da, sərt sovet rejimi buna imkan verməmişdi. Beləliklə, Ulu Öndər 1969-cu ildə hakimiyyətə gələrkən və Azərbaycan neftindən xalqımızın milli maraqlarına uyğun istifadəsi siyasətini həyata keçirərkən Onun qarşısında Nəriman Nərimanovun acı təcrübəsi vardı. Buna baxmayaraq, Ulu Öndər Azərbaycan neftindən xalqımızın milli maraqlarına uyğun istifadəsi siyasətini həyata keçirmək üçün mümkün yolları tapmağı bacarmışdı”, - deyə akademik İsa Həbibbəyli bildirib.

AMEA rəhbəri qeyd edib ki, Ulu Öndər SSRİ dövründə Azərbaycanda neft emalı sənayesini bərpa etməklə və miqyasını genişləndirməklə ölkədən xam neft ixracının payını qat-qat azaltmağa nail olmuş, apardığı siyasət nəticəsində neft hasilatı bir neçə dəfə artmış və ölkəmizə düşən pay əvvəlki illərdən çox olmuşdur. Həmçinin bildirib ki, Ulu Öndər SSRİ rəhbərliyinin diqqətini Azərbaycanın başqa potensialına, üzümçülük, şərabçılıq sənayesinə, bostan tərəvəz məhsullarına yönəltməklə Sovet İttifaqının Azərbaycana yönəlmiş neft siyasətini yumşaltmağa qadir ola bilmişdir: “Bütün bunlar əsas verdi ki, Azərbaycan xam neft istehsal edən və ixrac edən ölkədən neft sənayesi məhsulları ixrac edən ölkəyə çevrilsin. Azərbaycan neft sənayesində iş yerlərinin sayı 10 dəfədən çox artmışdır. Azərbaycandan ixrac olunan neft məhsulları ölkəmizin dünyada bir dövlət və xalq kimi tanıdılmasına şərait yaratmışdır. Bu, Heydər Əliyevin SSRİ dövründəki neft siyasətinin əsasını təşkil edirdi. Heydər Əliyev bu yolla sovet rejiminin sərt illərində belə Azərbaycan neftindən xalqımızın mənafeyi naminə istifadə etməyin əsaslarını qoymuşdur. Bu isə geniş mənada ölkəmizin gələcəkdə iqtisadi müstəqilliyinin əsaslarını yaratmaq demək idi”.

Ölkəmizin müstəqilliyinin ilk illərində üzləşdiyi çətin iqtisadi böhran barədə də danışan akademik İsa Həbibbəyli Ulu Öndərin diplomatik bacarığı, uzaqgörənliyi, dəmir iradəsi nəticəsində  imzalanmış “Əsrin müqaviləsi” ilə xarici investorları ölkəmizə gətirdiyini, hasilatın pay bölgüsü ilə Azərbaycan neftindən xalqımızın mənafeyi naminə istifadə etməyi bacardığını söyləyib. Diqqətə çatdırıb ki, bununla bir çox dövlətlərin Azərbaycanın dostuna və tərəfdaşına çevrildiyini, ölkəmizlə həmrəy olduqlarını, respublikamızın real gəliri artdı, dövlət büdcəsi formalaşdı, Azərbaycanı inkişaf etməyə başladı.

Prezident İlham Əliyevin Ulu Öndərin cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, neft strategiyası istiqamətində də atdığı bütün addımları böyük bacarıqla, istedadla, iradə ilə inkişaf etdirdiyini deyən AMEA rəhbəri həmin zəmin əsasında ölkə başçısının yeni neft epoxasını formalaşdırdığını, TANAP, TAP, Cənub Qaz Dəhlizi kimi və digər beynəlxalq layihələrin həyata keçirildiyini bildirib. Vurğulayıb ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas rol oynayır və neftin, qazın satışından əldə olunan gəlir ölkəmizdə qeyri-neft sektorunun inkişafına, ən əsası isə insan kapitalına yatırılır.

Sonra Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə çıxış edərək bildirib ki, tədbirdə bir çox ölkələrdən qonaqların iştirak etmələri Azərbaycanın neft strategiyasının hələ də dünyanın diqqətində olmasının göstəricisidir. Ulu Öndərin 1969-cu ildə respublika hakimiyyətinə gəldikdən sonra Azərbaycanın neft strategiyasında əsaslı dönüşün qeydə alındığını deyən akademik Akif Əlizadə həmin dövrdə Heydər Əliyevin atdığı addımların Azərbaycanın neftini qorumaq və gələcək nəsillərə saxlamaq məqsədi daşıdığını söyləyib. Qeyd edib ki, Ümummilli Liderin həmin dövrdə SSRİ-nin aparıcı ali təhsil və elm ocaqlarında təhsil almağa göndərdiyi gənclər arasında neft üzrə mütəxəssislər də vardı. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanarkən Azərbaycanın investisiya qoymağa imkanı olmadığını xatırladan akademik Akif Əlizadə məhz Ulu Öndərin məharətinin və şəxsiyyətinin bu müqavilənin həyata keçirilməsində mühüm rol oynadığını deyib, görkəmli dövlət xadiminin daim xatirələrdə, yaddaşlarda qalacağını bildirib.

SOCAR-ın baş geoloqu Arzu Cavadova isə təmsil etdiyi qurum tərəfindən aparılan neft strategiyasından danışıb, bu gün SOCAR-da neft-qaz-kondensatından əlavə, bərpa olunan alternativ enerji mənəbələri üzrə də işlərin davam etdirildiyini söyləyib, konfransın Ulu Öndərin neft siyasətini yenidən tədqiq etməyə imkan verəcəyini deyib və tədbirin işinə uğurlar arzulayıb.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin neft strategiyasını əks etdirən film nümayiş olunub.

Milli Məclisin  deputatı, akademik  Ziyad  Səmədzadə "Heydər Əliyevin ideyaları və Azərbaycan iqtisadiyyatının davamlı,keyfiyyətli inkişafı" mövzusunda  çıxış edərək həyatını xalqımızın rifahının yüksəldilməsinə həsr edən Ümummilli Liderin həm Sovet hakimiyyəti, həm də müstəqillik illərində Azərbaycanın hərtərəfli inkişafı naminə misilsiz xidmətlərindən danışıb. Məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən 1969-1982-ci illərdə Azərbaycanda neft sənayesinin də inkişafı üçün genişmiqyaslı fəaliyyətin həyata keçirildiyini söyləyən Z.Səmədzadə  müstəqillik illərində Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf konsepsiyasının əsas istiqamətlərindən birinin də milli neft strategiyası olduğunu vurğulayıb:”Hazırda əldə etdiyimiz bütün uğurlarımızın başlanğıcı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qalibiyyətli neft strategiyası ilə qoyulmuşdur. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası respublikamızın dövlət müstəqilliyinin mühüm təminatçısına çevrilməklə, ölkəmizdə azad iqtisadi mexanizmlərin tətbiqini və dünya iqtisadiyyatına inteqrasiyanı təmin etdi. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş yeni neft strategiyasının zəfər təntənəsi bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Bütün sazişlər üzrə neft-qaz əməliyyatları qrafikə uyğun olaraq, vaxtında və keyfiyyətlə yerinə yetirilir.”

Konfransda, həmçinin AMEA-nın müşaviri, akademik Yaqub Mahmudov “Azərbaycanın dövlətçilik tarixində Heydər Əliyev şəxsiyyəti”, Neft və Qaz İnstitutunun professoru Vaqif Kərimov və Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinin əməkdaşı Ulyana Serikova “Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev – Azərbaycanın neft strategiyası konsepsiyasının müəllifidir”, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Neft və Qaz İnstitutunun elmi katibi, y.e.ü.f.d. Şəlalə Hüseynova və şöbə müdiri, g.-m.e.d. Namaz Yusubov “Karbohidrogen sistemləri və palçıq vulkanizmi: paragenezis və ya birgə inkişaf” və Türkiyənin Dokuz Eylül Universitetinin professoru Günay Çiftci “Yeni oyun dəyişdiricisi: dəniz qaz hidratları” mövzularında məruzələrlə çıxış ediblər.

Öz işini elmi sessiyalarla davam etdirən konfrans mayın 25-də başa çatacaq. Mayın 26-da isə konfrans iştirakçıları palçıq vulkanlarına səfər edəcəklər.

Yaqut Ağaşahqızı, “İki sahil”