Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elan olunmuş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Sumqayıt şəhərində silsilə tədbirlər davam etdirilir.
Sumqayıt Apellyasiya Məhkəməsinin təşəbbüsü ilə Sumqayıt Dövlət Dram Teatrında “Missiya” tamaşası nümayiş olunub.
“İki sahil” xəbər verir ki, tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, Sumqayıt apellyasiya və birinci instansiya məhkəmələrinin hakimləri, məhkəmə aparatının əməkdaşları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Vurğulanıb ki, İkinci Qarabağ müharibəsində qazanılmış parlaq Qələbə güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsidir. Otuz il işğal altında qalan torpaqlarımız məhz bu konsepsiyanın nəticəsində hərbi-siyasi yolla azad olundu, ərazi bütövlüyümüz təmin edildi. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı bu böyük uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirdi.