Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə Dənizkənarı Milli Parkda Gənclər Festivalı keçirilib.
Bu barədə “İki sahil”ə Gənclər Fondundan məlumat verilib.
“Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin anadan olmasının 100 illik yubileyi münasibəti ilə həyata keçirilən festivalda gün boyunca minlərlə gəncin iştirakı ilə Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi, Ümummmilli Liderə həsr edilən “Heydər Əliyev və Azərbaycan” guşəsində sərgi təşkil olunub, gənclərə onun həyat və fəaliyyətindən bəhs edən video süjetlər nümayiş edilib.
Açıq hava altında qurulan festival ərazisində aparıcı gənclər və könüllü təşkilatlarının məlumat stendləri yaradılaraq tədbir iştirakçılarına təşkilatların fəaliyyətləri, həyata keçirilən layihələrə gənclərin cəlb edilmə prosesləri və gənclər təşkilatlarının vətəndaş cəmiyyətindəki tutduqları mövqe barədə məlumatlar verilib.
Gənclər Festivalına toplaşan gənclərin əyələncəsinin təmin edilməsi məqsədi ilə ərazidə yaradılan incəsənət guşəsi ilə yanaşı qurulan oyun parkurları, intellektual yarış zonaları, viktorinalar, idman oyunları iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən Gənclər Festivalı tanınmış ifaçıların konsert proqramı ilə gecə saatlarınadək davam edib.