10 may 2023 16:58
650

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə konfrans keçirilib - FOTO

Yevlaxda Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, konfransda Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Azərbaycan Respublikası Milli Məclisinin sədrinin 1-ci müavini Əli Hüseynli, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun idarə müəssisələrinin rəhbərləri, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə konfrans iştirakçıları və rayonun idarə, müəssisələrinin kollektivləri, Ulu Öndərin Yevlax şəhərinin mərkəzindəki abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyaraq Ulu Öndərin müqəddəs xatirəsinə öz ehtiramlarını bildiriblər.  

Sonra konfrans İqtisadiyyat Nazirliyi Aran Regional Bölməsində davam edib. İdarənin foyesində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən şəkillərdən ibarət sərgiyə baxış keçirildikdən sonra konfrans işinə davam edib. İlk öncə Dövlət Himni səsləndirilib.

Konfransda Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev dünya miqyaslı siyasi təfəkkürə, zəngin və qətiyyətli idarəçilik bacarığına, ən çətin vəziyyətlərdə belə tükənməz əzm və qüdrətə malik Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz tarixi xidmətlərindən, şərəfli ömür yolundan və məharətli dövlətçilik təcrübəsindən bəhs edən geniş məruzə ilə çıxış edib. 

Şəhər rəhbəri öz çıxışında qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir. 

Ulu Öndərin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərindən danışan Anar Tağıyev qeyd edib ki, Ulu Öndərin quruculuq, tərəqqi yönümlü fəaliyyəti Azərbaycanın bütün bölgələri kimi Yevlax şəhərində də özünü aydın göstərib. Heydər Əliyevin böyük təşkilatçılıq və müdrik liderliyi ilə ötən əsrin 70-ci illərindən etibarən Yevlax tək Azərbaycanın deyil, bütün Qafqazın güclü sənaye mərkəzlərindən birinə çevrildi. Yevlaxda həmin illərdə yaradılan Qafqazın iri sənaye müəssisəsi olan Yunun ilkin emalı fabriki, həmçinin Pambıqtəmizləmə, Tütün fermentləmə, Dəmir beton məmulatları və digər zavodlar, kombinatlar, onlarla iri müəssisə və digər iqtisadi subyektlər geridə qalmış Yevlaxı yüksələn şəhərə döndərdi. 

Heydər Əliyev 1969-1982-ci illərdə, yəni birinci hakimiyyəti dörvündə Yevlaxda 4 dəfə səfərdə olub. Hər səfəri zamanı rayon əməkçiləri ilə görüşüb, onların qaldırdıqları problemləri dinləyib, sakinlərin müxtəlif məzmunlu müraciətlərinin həlli istiqamətdə əməli işlər həyata keçirib. Belə ki, sakinlərin müraciət əsasında yeni yeni məktəb binaları, mədəniyyət obyektləri, kənd həkim məntəqələrinin tikintisi üçün göstəriş verib və işlər uğurla həyata keçirilib. 

Ulu Öndər Heydər Əliyevin başladığı islahatların nəticəsi olaraq tariximiz ərzində ilk dəfə məhz Heydər Əliyevin hakimiyyəti dövründə torpaqlar təmənnasız olaraq kəndliyə verildi. Tədricən yeni dövrün tələblərinə uyğun olaraq torpaq üzərində yeni mülkiyyət formaları, yeni əmək münasibətləri formalaşdı, təsərrüfatlara yeni nəfəs verildi.

1993-cü ildə Azərbaycanda hakimiyyətə yenidən qayıdan Ulu Öndər Heydər Əliyev ölkəni parçalanmaqdan xilas etdi. Müstəqilliyimizi qorudu, müasir dövlətçiliyimizin sarsılmaz əsaslarını formalaşdırdı. Bu güclü potensial üzərində Prezident İlham Əliyev inkişafın Azərbaycan modelini yaratdı. Müasir çağırışlar, trendlər əsasında məqsədyönlü islahatlar tətbiq etdi. Dövlətimiz qüdrətləndi, xalqımız gücləndi. Beləliklə, tarixin ən qüdrətli Azərbaycanı yarandı. Daima Azərbaycanı müstəqil görmək arzusu ilə yaşayan və bütün dövrlərdə milli mənafelərin təminatçısı olan Heydər Əliyevin dövlətçilik strategiyasını müvəffəqiyyətlə davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət güclü və qüdrətli Azərbaycanı parlaq gələcəyə, işıqlı sabahlara və yeni-yeni zəfərlərə doğru aparmaqdadır.

Heydər Əliyevin xilas etdiyi, möhkəm təməllərini yaratdığı dövlətimizi Prezident İlham Əliyev qalib dövlətə çevirdi. Heydər Əliyevdən İlham Əliyevə ötürülən bu şərəfli dövlətçilik salnaməsi hər birimizin qürur mənbəyimizdir. İndi bütün azad edilmiş torpaqlarımızda Azərbaycan bayrağı qürurla dalğalanır. Vətən Müharibəsində əldə olunan Böyük Zəfər də məhz Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsi idi. 

Bu günün Azərbaycanı möhtəşəm, qüdrətli dövlətdir. Bu günün Azərbaycan xalqı inamlı, əzmli, güclü xalqdır. Əldə etdiyimiz nailiyyətlər, uğurlar məhz Heydər Əliyev dühasının bəhrələridir. Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi, gərgin zəhməti, beynəlxalq nüfuzu olmadan bütün bunları əldə etmək mümkünsüz idi. 

Şəhər rəhbəri qeyd etdi ki, nə qədərki Azərbaycan var, Heydər Əliyev də var. Heydər Əliyev isə Azərbaycanda əbədi var olacaq.

Sonda Heydər Əliyevin həyat yolu, zəngin və çoxşaxəli irsi, zəngin dövlətçilik təcrübəsini özündə əks etdirən videoçarx nümayiş olunub.