10 may 2023 10:47
470

Bakı metrosunda Heydər Əliyevin xatirəsi anılıb FOTO

"Bakı Metropoliteni" QSC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar onun xatirəsi anılıb.

“İki sahil” bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, metronun tarixində silinməz iz buraxmış, onun inkişafında xüsusi və əvəzsiz xidmətləri olan Ümummilli Liderin anadan olduğu günlə əlaqədar qurumun kollektivi və rəhbər heyəti iş gününə “Nərimanov” elektrik deposunda Heydər Əliyevin büstünün ziyarət edilməsi ilə başlayıb. Depo ərazisindəki əsas parkda yerləşən abidə önünə əklil qoyulub, dahi rəhbərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Kollektivin nümayəndələri büstün önünə gül dəstələri düzüb.

Gün ərzində Bakı metrosunun kollektivinin nümayəndələri Fəxri xiyabana gedərək, Heydər Əliyevin məzarını ziyarət edəcək, onun xatirəsinə ehtiramını ifadə edəcək.

Dahi şəxsiyyətin metronun inkişafında danılmaz xidmətləri daim hörmətlə anılır. Sovet dövründə böyük çətinliklərə baxmayaraq bu nəqliyyat növü inkişaf etdirilib, müstəqilliyin ilk illərində isə keçmiş SSRİ respublikaları arasında iqtisadi əlaqələrin tənəzzülə uğradığı dövrdə məhz Heydər Əliyevin nüfuzu, zəhməti və yaxından dəstəyi ilə metro sərnişinlərə nümunəvi xidmətini davam etdirib. Təkcə onu demək yetər ki, 2003-cü ilə qədər Bakı metropoliteninin xətlərinin uzunluğu 31,5 km idisə, bunun 21,3 km-i məhz Heydər Əliyevin rəhbərliyi və yaxud yaxından iştirakı ilə tikilərək xalqın xidmətinə verilib. Sərnişin sayının artdığı, kəskin çatışmazlıqların yarandığı dövrlərdə yeni metro vaqonlarının alınması, dağılmış təsərrüfatın bərpası məhz Ulu Öndərin sayəsində həllini tapıb.

Bakı metropoliteninin kollektivi və yeni nəsilləri adət-ənənəsinə sadiq qalaraq, Heydər Əliyevin xatirəsini daim əziz tutacaq.