Hər bir xalqın yaşaması, inkişaf etməsi və tanınması onun qüdrətli və qeyrətli övladlarının hesabına mümkün olur. Belə övladlar əsasən Vətənin, xalqın dar günlərində parlayıb üzə çıxır.
Abbasqulu bəy Xanbaba bəy oğlu Şadlinski 24 fevral 1886-cı ildə İrəvan quberniyasının Böyük Vedi kəndində anadan olmuşdur. Şadlinskilər sülaləsi XVII əsrdə yaşayan Binnətalı Sultan adlı bir şəxslə başlayıb və indiki Şadlinskilər onun 4 oğlunun – Aslan Sultan, Kəlbalı Sultan, Niftalı Sultan, Bala Sultan Şadlinskinin nəslindəndirlər. Yaşadıqları İrəvan quberniyasının Vedibasar mahalında Şadlinskilər həmişə tərəqqipərvər və mütərəqqi fikirləri ilə fərqlənib, xalqımızın haqq mübarizəsində ön sıralarda olublar. Bu nəslin kökü orta əsrlərdə Azərbaycan dövləti olan Şəddadilər dövlətinin qurucularından biri – Şadlılar tayfası ilə bağlıdır. Gəncədə yaşayan Şadlılar XIV əsrin axırlarında İrəvana köçüblər.
Abbasqulu bəy uşaq yaşlarında ikən Xanbaba bəy vaxtsız vəfat etmişdir. Balaca Abbasqulu ikisinifli rus-tatar məktəbini bitirmişdir. Bir müddət Vedidə mirab işləmişdir. 1902-ci ildə atadanqalma kiçik torpaq sahəsini əkib-becərməklə məşğul olmuşdur. Rusiyada 1905-1907, İranda 1905-1911-ci illər inqilabları onun ictimai-siyasi dünyagörüşünün formalaşmasına mühüm təsir göstərmişdir. Rusiyada 1907-ci il Fevral inqilabından sonra Şadlinski həyatını xalq işi uğrunda mübarizəyə həsr etmiş, kommunistlərə rəğbət bəsləmişdir.
1918-ci ilin əvvəllərində Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur və digər ərazilərdə daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımlarının baş alıb getdiyi bir şəraitdə xalq içərisində böyük nüfuzu olan Şadlinski Vedidə erməni-daşnak quldur dəstələrinə qarşı könüllü xalq birləşməsi – gələcək "Qırmızı tabor"u təşkil etmişdi.
O, 1918-1921-ci illərdə daşnaklara qarşı "Qırmızı tabor"un komandiri olmuşdur. "Qırmızı tabor"çular daşnaklara qarşı döyüşlərdə göstərdikləri igidlik və şücaətlərə görə onlardan 19 nəfər "Qırmızı bayraq" ordeni ilə təltif olunmuşdur.
1918-1919-cu illərin yay aylarında daşnak hərbi hissələrinin Vediyə hücumlarının qarşısının alınmasında böyük şücaət göstərən "Qırmızı tabor"çular, sonradan Şadlinskinin əmri ilə nizami daşnak ordusunun üstün qüvvələri qarşısında kəndi döyüşlə tərk etmiş, Vedibasar və Zəngibasar əhalisinin əksər hissəsi ilə İran ərazisinə keçərək əvvəlcə Xoy şəhəri yaxınlığında, sonra isə Mərənd şəhəri ətrafında mövqe tutmuşdular.
Abbasqulu bəy Şadlinski 1920-ci ildə Naxçıvanda sovet hakimiyyəti elan olunduqdan sonra Hərbi İnqilab Komitəsinin və Nəriman Nərimanovun dəvətini qəbul edərək sentyabrın 17-də 200 nəfərlik "Qırmızı tabor"u ilə Naxçıvana gəlmişdi. Buradakı qırmızı qvardiya döyüşçüləri də onun dəstəsi ilə birləşmişdi. Şadlinski ilk vaxtlar Naxçıvan sərhədlərinin qorunmasına, sonra Zəngəzur istiqamətində öz dəstəsinin daşnak hissələri ilə fəal döyüş əməliyyatlarına başçılıq etmişdir. Onlar cəllad general Dronun daşnak qüvvələrini darmadağın edərək Naxçıvanda Sovet hakimiyyətini qurmuş, burada ingilis-daşnak işğalına son qoymuşdur. O, bu xidmətləri müqabilində Nəriman Nərimanov tərəfindən "Qızıl Ulduz" medalı ilə təltif edilmişdir.
1921-ci ilin fevralından aprelin əvvəllərinə kimi İrəvanda daşnak qiyamının yatırılmasında qəhrəmanlıq göstərmişdi.
Daşnaklarla döyüşlərdə göstərdikləri şücaətə görə Şadlinski başda olmaqla, "Qırmızı tabor"un 19 nəfər döyüşçüsü Ermənistan SSR-in "Qırmız bayraq" ordeni ilə təltif olunmuşdur.
Naxçıvan şəhərinin sakini Əli Əliyev o dövrü belə xatırlayırdı: "Mən uşaq idim, o illərdə ermənilər Naxçıvanı qan çanağına döndərmişdilər. Erməni quldur dəstəsi hücuma keçmişdi. Camaat xilas olmaq üçün İran sərhədini keçməyə çalışırdı. Ancaq İran sərbazları bizi buraxmırdılar. Erməni silahlı dəstələri isə oraya yaxınlaşırdı. Hamının ümidi qırılmışdı. Gözlənilmədən Abbasqulu bəy öz dəstəsi ilə gəldi. Vəziyyəti görüncə tapançasını çəkib sərbazlardan birini güllələdi. O birilər qorxularından qapıları açıb bizi İran ərazisinə keçirdilər. Ondan sonra Abbasqulu bəy dəstəsi ilə ermənilərlə döyüşə getdi."
1921-ci ilin yayınada Abbasqulu bəy Şadlinskinin döyüşçüləri Dərələyəz və Zəngəzurda daşnak quldurlarının darmadağın edilməsində qəhrəmanlıq göstərmişdilər.
Ermənistanda və Zəngəzurda daşnak qoşunlarının hücumlarına son qoyulduqdan sonra Şadlinski 1922-ci ilin sonunadək Naxçıvanda qalmış və burada sərhədlərin qorunmasına rəhbərlik etmişdi.
Bundan sonra Vediyə qayıdan Şadlinski 1922-1928-ci illərdə Ermənistanda bir sıra məsul təsərrüfat vəzifələrində çalışmış, sonra isə burada Dəvəli sement zavodu tikintisinin rəhbəri təyin olunmuşdur.
Abbasqulu bəy Şadlinskinin İsgəndər, Mafərə, İsfəndiyar, Məmməd və Tacirə adlı övladları olmuşdur. O, ermənilər tərəfindən 1930-cu ilin fevral ayında öldürülmüşdür.
Abbasqulu bəyin Tərtər rayonunun Borsunlu kəndində yaşayan qohumlarından biri Xırdaxanım Əliyeva həmin acı hadisəni belə nəql edirdi: -"Həmişə getdiyimiz yaylağa yaxın, «Qaratorpaq» deyilən yerdə öldürülüb Abbasqulu bəy. Həmin hadisə baş verəndə atam təxminən altıncı-yeddinci sinifdə oxuyan uşaq imiş. O, həmin hadisələri yaxşı xatırlayırdı. Danışırdı ki, Abbasqulu bəy başının dəstəsi ilə gəlirmiş. Deyilən yerə çatanda görüb ki, yolun bir tərəfində ermənilər pusqu qurub, o biri tərəfdə isə onun gəlişini ermənilərə xəbər verən satqınlar. Orada qızğın atışma olub. Abbasqulu bəy, Xəlil və başqa bir nəfər vurulandan sonra sıldırım qayadan uçuruma yuvarlanıblar. Nə qədər ki, azərbaycanlılar orada yaşayırdı, həmin uçurumun yanından keçən bütün maşınlar dayanardı, dağdan gələnlər də, dağa gedənlər də həmin yerə gül atardılar. Hətta son illərdə Qarabağ savaşında şəhid olan oğlum da gedib həmin yerə gül qoymuşdu. Gələndə mənə dedi ki, ana, Abbasqulu babanın öldürüldüyü yeri ziyarət elədim.
Abbasqulu bəyin məzarı Vedi rayonunda «zavodun yanı» deyilən yerdəydi, indi yəqin ki, ermənilər dağıtmış olarlar. Elə yeri gəlmişkən bir əhvalatı da danışım sizə. Sovet dövründə atam Vedidə “İspalkom”un sədri işləyən vaxtı, İrəvanda kənd təsərrüfatı sərgisi keçirilirmiş. Atam da orada iştirakçıymış. Baxır ki, Abbasqulu bəyin şəklini qapının ağzında qoyublar, gələn-gedənə erməni xalqının düşməni kimi təqdim eləyir və şəkli təhqir edirlər. Ondan sonra atam gəldi, İsfəndiyar bibioğlusu ilə danışdı ki, Abbasqulu bəyin məzarını Azərbaycana köçürsünlər. Amma Vedidə raykom katibi olan Minasyan icazə vermədi, guya qəbrin açılması ekologiyaya ziyan vura bilər. Atam Abbasqulu bəyin heykəlinin Vedidə qoyulması məsələsini də qaldırmışdı, ermənilər ona da imkan vermədilər. Amma İrəvanda başkəsən Andronikə «erməni xalqının milli qəhrəmanı» kimi heykəl qoymuşdular".
Xırdaxanım Əliyeva bizə danışdığı əhvalatların bir çoxunu və Azərbaycanın hər tərəfinə səpələnmiş tayfalarının keçmişi haqqında eşidib-bildiklərini yazıb saxlayır. Biz də Abbasqulu bəy Şadlinski haqqında eşitdiklərimizi yazdıq. Yazdıq, çünki Abbasqulu bəy bir elin, bir elatın deyil, bütöv Azərbaycan xalqının qəhrəmanıdır. Yazdıq ki, nə vaxtsa Moskvanın diktəsi ilə təhrif olunmuş həqiqətlər heç olmasa indi - müstəqil olduğumuz vaxtda aydınlığa çıxsın. Çünki onun haqqında çəkilən "Axırıncı aşırım" filmində bir çox faktlar hay-bolşevik ideologiyasına uyğunlaşdırılaraq ciddi təhrif olunub. Bu isə digər bir mövzunun predmetidir. Sağlıq olsun, ona da qayıdacağıq.
Vəli İlyasov, “İki sahil”