12 aprel 2023 00:25
692

Növbəti erməni təxribatı və gecikməyən “dəmir yumruq”

Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub, əməliyyat şəraiti Ordumuzun tam nəzarəti altındadır

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaydığı məlumata görə, aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. 

Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub. Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib. Hazırda qeyd olunan istiqamətdə nisbi sakitlikdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.

Sosial şəbəkələrdə Ermənistanın  xeyli hərbçisinin öldüyü və yaralandığı bildirilib. Bəzi “Teleqram” kanalları bildirir ki, Azərbaycan Ordusunun  adekvat cavab tədbirləri nəticəsində Ermənistanın xüsusi təyinatlı ordu korpusunun komandiri Armen Qyozalyan da yaralanıb.

 Azərbaycan Xarici İşlər Nazirliyi də son erməni təxribatı haqqında bəyanat verərək bildirib ki, qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb. Bildirilir ki, Ermənistanın bu kimi təxribatlarının beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir.

Ermənistanın bu kimi hərbi təxribatları, eyni zamanda, siyasi təhrikçi addımlarla və bəyanatlarla müşayiət olunur. Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq Azərbaycana qarşı apardığı təxribatlar nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozur, eyni zamanda regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir.

Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır.

Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri bütün lazımı tədbirləri görür və bundan sonra da görəcəkdir.

Bir daha bəyan edirik ki, Ermənistanın törətdiyi təxribatlara görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.»

Buradan görünən odur ki, bütün bu hadisələrin günahkarı birbaşa Ermənistan tərəfidir. Bu məğlub ölkə hələ də  üçtərəfli 10 noyabr Bəyanatının şərtlərinə əməl etmir. Artıq 3 ilə yaxındır ki, Ermənistan sılh prosesini  uzadaraq həm aşkar, həm də gizli şəkildə Xankəndidəki separatçıları və erməni ordusunun qalıqlarını silahlandırır. Məqsəd guya 44 günlük müharibədəki məğlubiyyətlərinin əvəzini çıxmaqdır.

Bəli, bu gün Ermənistanda revanşist hissələrlə yaşayan qüvvələr  çoxdur. Lakin onlar Azərbaycan Ordusunun gücündən qorxaraq birbaşa hərbi əməliyyatlardan çəkinərək lokal hərbi təxribatlar törətməklə kifayətlənirlər. Bir sözlə, bu kimi  kimi təxribatlar Ermənistanın hələ də közərən qisasçılıq hisslərindən qaynaqlanır. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Ermənistan bu kimi xəyallarından vaz keçməsə “dəmir yumruğ”un növbəti  zərbəsini alacaq. Neçə ki, son təxribat nəticəsində bu zərbəni aldı.

Bəli , Prezident İlham Əliyev tərəfindən dəfələrlə bəyan edilmişdi ki, Ermənistan sülh müqaviləsini imzalmaqdan yayınmaq üçün növbəti hərbi təxribatlar  törətməyə çalışır. Bu gün Ermənistan üçün ən məqbul variant təxribatlardan əl çəkərək Azərbaycan tərəfinin təqdim etdiyi ədalətli sülh sazişinin imzalamaqdır. Məhz bu halda  o da digər dövlətlər kimi yeni inkişaf  pespektivi qazana və yaxınlaşan hərbi – siyasi iflasdan qurtula bilər.

 Qeyd edək ki, bu təcavüzkar ölkə bir zamanlar Rusiyaya, onun ordusuna arxayın olub Azərbaycana qarşı müxtəlif təxribatlar həyata keçirirdi. İndi isə Paşinyan bölgəyə dəvət etdiyi Avropa İttifaqının missiyasına arxayındır. Hesab edir ki, indi də onların arxasında gizlənib bu kimi təxribatlarla nələrəsə nail olacaq. Bunu onların əsassız bəyanatları, guya gərginliyi Azərbaycanın yaratması ilə bağlı ittihamları da göstərir.

Ermənistan hesab etməsin ki,  bu təxribatları cəzasız qalacaq. Bu dəfə də qüdrətli Azərbaycan Ordusu onlara lazımi cavab verdi və verməkdə də davam edir. Xüsusilə dövlət başçımız dəfələrlə bəyan edib  ki, şəhidlərimizin qanı yerdə qalmayacaq və  bir şəhidimizin əvəzinə bir neçə erməni əsgəri məhv ediləcəkdir.

Bu gün təcavüzkar ölkə Azərbaycana qarşı həyata keçirdiyi təxribatlarla nəinki  ərazi bütövlüyümüzü və suverenliyimizi pozur, eyni zamanda, regionda sülhə və təhlükəsizliyə  ciddi şəkildə mane olur. Ona görə də birmənalı olaraq Ermənistanın bu hərbi təxribatları beynəlxalq səviyyədə qətiyyətlə pislənilməlidir. Eyni zamanda, Ermənistan anlamalıdır ki, bölgəni yenidən müharibə ocağına  çevirərsə bu, onun sonu olacaqdır.

Elçin Zaman, “İki sahil”