10 aprel 2023 15:11
394

Polis Akademiyasında Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib FOTO/VİDEO

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib.

Bu barədə “İki sahil”ə DİN-dən məlumat verilib.

Bildirilib ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb.

O, qeyd edib ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə hakimiyyətlə xalq arasında olan sıx bağlılığın nəticəsində ölkəmiz hərtərəfli inkişaf edib. Bütün bunlar isə Vətən müharibəsindəki möhtəşəm qələbəmizi şərtləndirib, nəticədə hərbi və siyasi-diplomatik yolla 30 ilə yaxın müddətdə düşmən tapdağında olan dədə-baba torpaqlarımız işğaldan azad edilib.

Tədbirdə daha sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri, professor Ədalət Qasımov qeyd edib ki, Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinin elan edilməsi üçün real əsaslar, yeni suveren bir ölkə kimi qarşılaşa biləcəyi mühüm məsələlərin həlli üsulları hələ ulu öndər Heydər Əliyevin sovet hakimiyyəti illərində respublikamıza birinci rəhbərliyi dövründə formalaşdırılıb. Məhz onun Azərbaycana rəhbərlik etdiyi həmin illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı, hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar dövlət vəzifələrinə irəli çəkildilər. Ümummilli lider Heydər Əliyevin mənalı həyatından və çoxşaxəli fəaliyyətindən ətraflı bəhs edən Ə. Qasımov bildirib ki, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və xalqımızın parlaq gələcəyinə həsr edən ulu öndər dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb.

Tədbirdə öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.