Aprelin 6-da Göyçay rayon Heydər Əliyev Mərkəzində Milli Məclisin deputatı Məzahir Əfəndiyevin təşəbbüsü ilə Göyçay və Ağdaş Elektrik Şəbəkələrinin, eyni zamanda Ağsu və Zaqatala Regional Qaz İstismar İdarələrinin, o cümlədən Göyçay, Ağdaş istismar sahələrinin kollektivi ilə “Heydər Əliyev və enerji siyasəti” mövzusunda geniş tərkibdə birgə görüş keçirilib.
görüşdən öncə iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Görüş Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.
Sonra çıxış edən M.Əfəndiyev ilk növbədə Azərbaycanda energetika orqanlarının tarixindən, Azərbaycan Xalq Cümhuriyyəti və Sovetlər dönəmindəki inkişaf mərhələlərindən söz açaraq Azərbaycanda enerji siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsində hərtərəfli inkişaf etdirilməsinin məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olmasının danılmaz bir fakt olduğunu qeyd etdi. “Ümummilli liderimiz müstəqil dövlətimizin energetika sisteminin mahiyyətcə təkmilləşdirilməsinə xidmət edən islahatlar həyata keçirib. 1993-cü ildən başlayaraq bütün sahələrdə olduğu kimi, bilavasitə iqtisadiyyatımızın şaxələndirilməsi ilə bağlılığı olan bu sahə yeni mərhələdə inkişaf etməyə başladı”.
Daha sonra müstəqillik illərində energetika sahəsində əldə olunan nailiyyətlərə nəzər yetirən millət vəkili neft, qaz siyasətinin həyata keçirilməsinin və dövlətin enerji resurslarının idarə olunması mexanizminin müasir dövrün çağırışlarına uyğunlaşdırıldığını xüsusi vurğuladı, bu məcrada qəbul edilən qanunları diqqətə çatdırdı.
Eyni zamanda deputat bu gün həyata keçirilən işlərin Prezident İlham Əliyevin rəhbərliyi altında layiqincə, uğurla davam etdirildiyini qeyd edərək Azərbaycan Respublikası Prezidentinin milli iqtisadiyyatın inkişafı ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlardan bəhs etdi.
Digər çıxış edənlər də Ulu Öndər Heydər Əliyevin həyat fəaliyyətindən, Azərbaycanın inkişafı naminə gördüyü işlərdən, o cümlədən iqtisadiyyatın və energetika sahəsinin şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açdılar.
Çıxışlardan sonra görüş müxtəlif mövzuları əhatə edən müzakirələrlə davam etdi, rəsmi hissəsi başa çatdıqdan sonra xatirə şəkili çəkdirildi.
Sonda tədbir iştirakçıları görüşün baş tutması ilə bağlı təşəbbüsünə görə Məzahir Əfəndiyevə minnətdarlıqlarını bildirdilər.