Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşündə bildirib: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”.
Əsrlər boyu azərbaycanlıların yaşadığı Qərbi Azərbaycanın ən dilbər guşələrindən biri də 1937-ci ildə yaradılan, 1951-ci il martın 19-da ləğv edilərək ərazisi əsasən Vedi və Qəmərli rayonlarına birləşdirilən Qarabağlar rayonunun mərkəzi olan Çimənkənddir. Bu kənd Vedibasar mahalının Cığındərə bölgəsində, Vedi rayonun mərkəzi olan Böyük Vedi qəsəbəsindən 9 km şərqdə, Vedi çayının kənarında, Aşağı Qarabağlar kəndinin yanında yerləşir. 1920-ci ilədək bu kənddə ancaq Azərbaycan türkləri yaşayıb. 1922- 1988-ci illərdə azərbaycanlılarla ermənilərin yanaşı yaşadığı qarışıq kənd olan Çimənkənd 1870-ci illərin sonu 1880-ci illərin əvvəllərində Aşağı Qarabağlar kəndindən çıxan ailələr tərəfindən salınıb. Çimənkənd kəndində Aşağı Qarabağlar kəndi ilə bir yerdə 1886-ci ildə 85 ailədə 853 nəfər (461 kişi, 392 qadın), 1914-cü ildə isə 1879 nəfər azərbaycanlı yaşayıb.
Vurğulamaq gərəkdir ki, 1918-1920-ci illərdə Vedibasar azadlıq ordusunun ən aparıcı bölüklərindən biri də Çimənkənddə yerləşirdi. Ona Vedibasar Milli Komitəsinin 11 nəfər üzvündən biri olan Sultan xan Mərəndi rəhbərlik edirdi. 1920-ci ildə Vedibasar erməni daşnakları tərəfindən işğal edildikdən sonra Çimənkənd camaatı da Cənubi Azərbaycana pənah aparmış, yalnız bölgədə Sovet hakimiyyəti qurulduqdan sonra onlar doğma yurdlarına qayıtmışlar. 1922-ci ildə artıq geri qayıdan çimənkəndlilərin sayı 880 nəfər idi. Lakin camaatın etirazına baxmayaraq, Hayastan hökuməti həmin il Çimənkəndə xaricdən gəlmiş 210 nəfər erməni mühaciri də yerləşdirdi.
1926-cı ildə Cimənkənddə 690 nəfər azərbaycanlı, 141 nəfər erməni yaşayıb. 1931-ci ildə isə kənddə 663 nəfər azərbaycanlı, 178 nəfər erməni yaşayırdı.
Daha sonra, 1937-ci ildə Vedi rayonunun iki inzibati rayona ayrılması və rayonun dağlıq hissəsində Çimənkənd mərkəz olmaqla Qarabağlar rayonunun yaradılması kəndin sürətlə inkişafına təkan verdi. 1939-cu ildə kənddə azərbaycanlı əhalinin sayı artıq 4.600 nəfərə çatmışdı.
Hamımıza yaxşı məlumdur ki, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən- min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir. Bu mənada SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları ilə Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı törədildi. Bu qərarlar əsasında 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olundu. Məhz 1948-1953-cü illər deportasiyası zamanı Qarabağlar rayonunun başqa kəndləri kimi, Çimənkəndin də bütün azərbaycanlı əhalisi zorla Azərbaycana köçürüldülər. Çox sonralar kənd əhalisinin cüzi bir hissəsi sonralar geri qayıtmışdı.
Bu, bir gerçəklikdir ki, son iki yüz ildən çox bir müddətdə barbar ermənilərin şovinist siyasəti nəticəsində azərbaycanlılara məxsus yer-yurd adları dəyişdirilərək erməniləşdirilib. Bu bədnam əməllərin tərkib hissəsi kimi 1978-ci il yanvarın 25-də Ermənistan hökumətinin qərarı ilə Çimənkənd kəndinin adı dəyişdirilərək Urtsadzor qoyulub. 1988-ci ildə isə kənddə hələ də yaşamaqda davam edən bütün azərbaycanlı əhali öz doğma kəndlərindən vəhşicəsinə qovuldu.
Azərbaycanlıların öz doğma yurdlarından deportasiya edilməsi xalqımıza qarşı törədilmiş tarixi cinayətdir. Soydaşlarımızın tariximizin ayrılmaz parçası olan Qərbi Azərbaycandan indi Ermənistan adalndırılan ərazilərdən deportasiya edilməsi ölkəmizin başçısının çıxış və nitqlərində daim önə çəkilir. Dövlətimizin başçısı daim vurğulayır ki, Ermənistandan deportasiya olunmuş soydaşlarımızın öz doğma torpaqlarına qayıtması bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqdur. İnsan Hüquqları Ümumi Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktda, BMT-nin Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyasında, 1967-ci il Protokolunda və digər sənədlərdə həmin hüquq aydın əksini tapıb.
Erməni barbarları yaddan çıxartmamalıdırlar ki, biz qırx dörd günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə nəticəsində Qarabağa və Şərqi Zəngəzura qayıtdığımız kimi, sülh yolu ilə Qərbi Azərbaycana da qayıdacağıq. Ölkə başçısının Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə “Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar” söyləməsi xalqımızda böyük ruh yüksəkliyi və əminlik yaradıb.
Zahid Rza, “İki sahil”