06 mart 2023 23:59
759

Doğma yurd həsrəti

Qərbi Azərbaycan dedikdə yadıma ilk düşən uzun illər qonşumuz olan Gülüzar xala oldu. Onu “qaçqın” kimi tanıyırdıq. “Qaçqın” sözünün nə anlam daşıdığını bilmirdim. Hətta bir dəfə nənəmdən niyə Gülüzar xalaya “qaçqın” deyildiyini soruşdum. Nənəmin cavabı o oldu ki, bala, onlar İrəvan bölgəsində yaşayıblar. Ata-baba yurdlarından ermənilər tərəfindən didərgin salınıblar. Camaat da o zamandan onu belə çağırır. Düşünürəm ki, 34-35 il öncə yurdlarından didərgin düşsə də, bu ad Gülüzar xala və ailəsinə hər zaman haradan gəldiklərini unutmağa imkan verməz. Elə bu düşüncə ilə üz tuturam əvvəllər yaşadığım, uşaqlığımı keçirdiyim məhləmizə. Bu dəfə buraya gəlişim qonşu kimi deyil, bir jurnalist kimi Gülüzar xalanı görmək, onunla keçmişdən, olub keçənlərdən geniş söhbət etməkdir.

Culfa şəhərinin Məmməd Səid Ordubadi küçəsində yerləşən ikimərtəbəli binanın ikinci girişinin birinci mərtəbəsində yaşayan Gülüzar xalanın mənzilinin qapısını döyürəm. Qapını açan ev sahibi məni görüb təəccübünü gizlədə bilmir. Salam verib, hal-əhval tutandan sonra gəlişimin səbəbini söyləyirəm. Bir az sükut yaranır… Sonra Gülüzar xala dərin bir ah ilə söhbətə başlayır:

– Mən 1960-cı ildə qədim adı ilə desəm, Qərbi Azərbaycanın Uluxanlı, indiki adı ilə desəm Zəngibasar rayonunda anadan olmuşam. İndi həmin rayonun adını ermənilər özünün küləşdirib Masis qoyublar. Atam dəmiryolçu idi. Zəngibasarın dəmiryol vağzalının yanında yerləşən binada yaşayırdıq. Ailədə 2 bacım, 2 qardaşım var idi. Mən 8 yaşımda olanda atam vəfat etdi. Orada 10 illik Azərbaycan tam orta məktəbimiz vardı – Cəlil Məmmədquluzadə adına. Həmin məktəbdə təhsil almışam. Məktəbimizin qarşısında Cəlil Məmmədquluzadənin büstü də qoyulmuşdu. Rayonda böyük, qədim məscidimiz, pirlər də var idi. Bizim ən çox ziyarət etdiyimiz pir “Ağa Dədə” piri idi. Rayon böyük idi. Yuxarı Necili, Aşağı Necili, Mehmandar, Zəhmət, Təzəkənd, Rəncbər kəndlərinin, demək olar ki, əhalisi azərbaycanlılardan ibarət idi. Mən ailə həyatı qurduqdan sonra kənddəki sovxozda işləmişəm. Sonralar Zəngibasar Dəmiryol Stansiyasında işləməyə başladım. 1988-ci ilin may ayına kimi bizi nə incidən, nə də söz deyən var idi. Elə ki Sumqayıt hadisələri baş verdi, bu bəhanə ilə başladılar azərbaycanlıları sıxışdırmağa. Biz yerimizi-yurdumuzu qoyub gəlmək istəmirdik. Hər nə qədər dirənsək də alınmadı. Rayona tanklar yeridildi. Səhər durub rayonun oda verildiyini gördük. Artıq hər kəs canını götürüb qaçmaqda çarə gördü. Mənim uşaqlarım balaca idilər. Böyük qızım 5-ci sinifdə oxuyurdu, balaca qızımın isə hələ 5 yaşı tamam deyildi. Evimizdən çıxmaq istəmirdik. Ancaq dayım oğlunun ayağına yaba keçirdilər. Bunu gördükdən sonra əliyalın camaat burada qalmanın sonunun ölüm olacağını görüb, rayonu tərk etməyə məcbur oldu. Üz tutduq dəmiryol vağzalına. Orada bir gün vaqonda gizləndikdən sonra mən və uşaqlarım qardaşımın ailəsi ilə qatara minib Bakı şəhərinə getdik. Qalacaq yerimiz olmadığından uşaqları Mərdəkanda yerləşən rus təmayüllü internat məktəbinə qoyub, qardaşım Cəfərlə Naxçıvana gəlməli olduq. İkimiz də dəmiryolçu olduğumuza görə bizi Culfa Dəmiryol Stansiyasında işlə təmin etdilər. Sonralar evlə təmin olunduq. Mən yaşamaq üçün şəraitimi qurduqdan sonra Bakı şəhərinə gedib uşaqlarımı internat məktəbindən çıxardım və Bakı Şəhər İcra Hakimiyyətinə bacılarımın və qardaşımın yerini tapmaqda mənə kömək etmələri üçün müraciət etdim. Bir neçə gün Bakı şəhərində bacımgili axtarıb tapdım. Bacımgil Nəsimi rayonunda mənzillə təmin olunmuşdular. Öyrəndim ki, balaca qardaşım Mingəçevirdə evlə təmin olunub. Sonra uşaqlarımla geri qayıtdım. Bizim üçün yeni həyat 1988-ci ilin dekabrından Culfa rayonunda başladı. Mənimlə bərabər gələn qardaşım Cəfər ermənilərin başımıza gətirdiyi müsibətləri qəbul edə bilmirdi. Yurd həsrəti onu bizdən aldı. Bütün bunlara ürəyi dözməyən qardaşım 1989-cu ildə vəfat etdi. Gülüstan kənd qəbiristanlığında onu dəfn etdik. Sonralar azğın ermənilərin etdiyi qətllər, soyqırımları haqqında eşidib bildikdə bizim böyük bir faciədən qurtulduğumuzu anladım. Artıq 35 ildir ki, mən bu rayonda yaşayıram. Yaxşı dost-tanışım, qonşularım var. İnsanın ən böyük təsəllisidir bunlar.

Gülüzar xaladan Zəngibasar üçün darıxmağını soruşuram. Deyir ki, insan doğulub boya-başa çatdığı yurdunu unuda, darıxmaya bilərmi?! Əlbəttə ki, çox darıxıram. İndiyə kimi heç ümid etmirdim ki, bir gün Qərbi Azərbaycan adı çəkilər. Ancaq ölkə Prezidenti cənab İlham Əliyevin 2022-ci il 24 dekabr tarixdə Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşü, buradakı çıxışı mənim illərdir, yox olan ümidlərimi dirçəltdi. Əgər bir gün o torpaqlarımıza qayıtmaq imkanımız olsa, ilk olaraq atamın məzarını ziyarət etmək istəyirəm.

Gülüzar xalanın on illərdir, ovunmayan bu yurd həsrəti və qəlbində alovlanan ümid şöləsi mənə də dövlət başçımızın həmin görüşdəki tarixi nitqini xatırlatdı: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq, əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarixboyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır.Ancaq, əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır”.

Ümidlər tükənməzdir, Gülüzar xala. İki ildən artıqdır ki, 30 illik Qarabağ həsrətimizə son qoyduq. Müzəffər Ali Baş Komandan, şanlı ordumuz sayəsində böyük Zəfərə imza atdıq. Bu Zəfəri yaşayan xalqın hər zaman sabaha ümidi var. Bu ümidi isə bizə ölkə Prezidenti cənab İlham Əliyev verərək öz nitqində inamla qeyd etdi: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”. Ali Baş Komandanın qeyd etdiyi kimi, məcburi köçkünlərimizin öz torpaqlarına qayıtmaları ilə bağlı arzularımız necə reallığa çevrildisə, çox çəkmədən İrəvana, Göyçəyə, Zəngəzura qayıdış arzularımız da gerçək olacaq. Buna isə xalqın inamı sonsuzdur. Çünki bunu təmin edəcək qüdrətli liderimiz, müzəffər sərkərdəmiz və güclü ordumuz var.

O gün uzaqda deyil.

Səriyyə Salahova