25 fevral 2023 01:58
981

Dərələyəz mahalı: Tarixi yurd yerimiz

Qədim yurd yerimiz olan Qərbi Azərbaycanın Dərələyəz mahalı-Şərur-Dərələyəz tarixi vilayətinin dağlıq hissəsini təşkil edir. Mahal şimalda Basarkeçər yaylası, şərqdə Zəngəzur silsiləsi, cənubda Ələyəz dağları, qərbdə isə Səlim aşırımı yerləşən hündür dağlarla əhatə olunmuşdur. Ümumi sahəsi 2304 kvadratmetr olan, ən qədim dövrlərdən azərbaycanlıların yaşadığı Dərələyəz-Ələyəz dərəsi toponimi orta əsrlərdə inzibati-ərazi bölgüsü mənasında işlənməklə, geniş ərazini əhatə emişdir. XVIII əsrin əvvəlində Osmanlı dövlətinin idarəsi altında olan Naxçıvan sancağının 14 nahiyəsindən biri də Dərələyəz idi. Bu dövrdə Dərələyəz nahiyəsi 102 kəndi əhatə edirdi. Xalq bölgüsünə görə, 3 hissəyə ayrılırdı: Şərqi Dərələyəz, Qərbi Dərələyəz və Şərurun dağlıq hissəsi.

Dərələyəz toponimi Azərbaycan dilində “iki dağ və ya təpə arasında çuxur” mənasında işlənən dərə sözü ilə “alagöz” türk etnonimi əsasında yaranmışdır.Ölkə mahallara bölünəndə Naxçıvan əyaləti tərkibində 5 mahal, o cümlədən Dərələyəz mahalı təşkil olundu ki, bu da sonralar Şərur mahalı ilə birləşdirilərək Şərur-Dərələyəz qəzası adı ilə İrəvan quberniyası tərkibinə daxil edildi. Şərur-Dərələyəz qəzası İrəvan xanlığı dövründə (1827-1840) Şərur mahalı kimi onun tərkibinə, Dərələyəz isə Naxçıvan xanlığına daxil idi. Çar Rusiyası Naxçıvan və İrəvan xanlıqlarını işğal etdikdən sonra burada “Erməni vilayəti” yaratmışdı. 1840-cı il inzibati-ərazi bölgüsü zamanı “Erməni vilayəti” ləğv edildi, İrəvan və Naxçıvan qəzaları təşkil olundu. 1870-ci ildə isə Şərur və Dərələyəz torpaqları əsasında yeni qəza- Şərur-Dərələyəz qəzası təşkil olunmuşdu.

1828-ci ildə Rusiya ilə İran arasında bağlanmış Türkmənçay müqaviləsindən sonra ermənilərin kütləvi şəkildə əzəli torpağımız olan Qərbi Azərbaycana, eləcə də Dərələyəz mahalına köçürülməsinin nəticəsində bölgə kəskin demoqrafik dəyişikliyə məruz qalmışdı. Belə ki, köçürülmədən əvvəl bölgədəki ailələrin 94,1 faizi azərbaycanlılar, 5,8 faiz ermənilər təşkil edirdisə, köçürmələrdən sonra erməni ailələri 25,8 faizə çatmışdır. 1828-1830-cu illərdə İran və Türkiyədən Dərələyəzə 2773 erməni köçürüldü.

1897-ci il məlumatına görə, Dərələyəzin sahəsi 2972,3 kv.km, əhalisi 76551 nəfər idi. Əhalinin 70,5 faizi azərbaycanlı, 27,5 faizi erməni olmuşdur. 1918-1920-ci illərdə Dərələyəzin azərbaycanlı əhalisi dəhşətli soyqırıma məruz qalmış, sağ qalanlar isə öz doğma yerlərini tərk etməyə məcbur edilmişlər. Terrorçu Andronik Ozanyanın hücumundan kökənli müsəlman-türk əhalisini xilas etmək üçün Azərbaycan hüdudlarına daxil olan Osmanlı Türkiyəsinin IV Qafqaz Ordusunun Musa Qarabəkir Paşanın başçılığı ilə əsgər-zabit heyətinin bir tağımı da Dərələyəz mahalında olmuşdur.

Şərur-Dərələyəz qəzasının xəritəsi 1902-сu ilin “Qafqaz təqvimi”ndə  verilmiş xəritə əsasında hazırlanıb. 1918–1920-ci illərdə Dərələyəzin azərbaycanlı əhalisi dəhşətli soyqırıma məruz qalmış, sağ qalanlar isə öz doğma yerlərini tərk etməyə məcbur edildi. Sovet hakimiyyəti illərində Dərələyəz bölgəsi heç bir əsas olmadan, Azərbaycandan qoparılıb Ermənistana verilmişdir. Bütün XX əsr boyu azərbaycanlılara qarşı aparılan soyqırım siyasəti nəticəsində soydaşlarımız Qərbi Azərbaycandan o cümlədən Dərələyəzdən zorla deportasiya olunmuşlar.

1920-ci il avqustun 10-da Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycan SSR-in rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxarıb. Zaqafqaziya MİK-in 1929-cu il 18 fevral tarixli qərarına əsasən, Azərbaycan SSR-in rayonlaşdırılması ilə əlaqədar Şərur-Dərələyəz qəzası ləğv edilmiş, tərkibindəki Qurdqulaq, Xaçik, Horadiz kəndləri torpaqları ilə birlikdə Ermənistana qatılmışdır. Bu, Moskva müqaviləsinin (1921) və Qars müqaviləsinin (1921) şərtlərinə, eyni zamanda, beynəlxalq hüquq normalarına tamamilə zidd idi. Ermənistan SSR rayonlaşdırılan zaman Dərələyəz mahalı Keşişkənd və Soylan rayonlarına bölünmüşdür. Dərələyəz (dəyişdirilmiş adı Ayotsdzor) dağ silsiləsi Arpa çayı ilə Naxçıvan çayı arasındadır. Şərqdə Zəngəzur zirvəsinə qovuşur. Uzunluğu 70 km, ən hündür zirvəsi Kükü dağıdır.

Qədim türk yurdu Dərələyəz mahalında əhalinin zorla qovulması, deportasiyası başlamış, yaşayış məntəqələrinin dağıdılması və ləğv olunması 1988-ci ilə qədər mərhələlərlə davam etmiş, 48 kənd bir dəfə, 49 kənd 2 dəfə, 16 kənd 3 dəfə, 4 kənd 4 dəfə, 1 kənd 5 dəfə deportasiyaya məruz qalmış, dağıdılmış və ləğv olunmuş, əhalisi zorakılıqla qovulmuşdur.

Gün gələcək ölkəmizin başçısının söylədiyi kimi, soydaşlarımız əcdadlarımızın min illər boyu yaşadığı tarixi torpaqlarımıza, eləcə də Dərələyəz mahalına qayıdacaqlar.

Zahid Rza, “İki sahil”