28 dekabr 2022 00:14
679

Hərbi əməkdaşlığın yeni formatı

Azərbaycan-Türkiyə-Gürcüstan birliyi ordumuzun qüdrətinin daha da artmasını şərtləndirir

Şanlı Qələbəmizlə başa çatan İkinci Qarabağ müharibəsi göstərdi ki, müasir ordu quruculuğu, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə həyata keçirilmiş kompleks tədbirlər nə qədər mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin təhlükəsizliyi üçün əsas faktorlardan olan bu sahədə ən yeni innovativ texnologiyaların tətbiqi, aparılmış zəruri islahatlar, təkmilləşdirmə prosesi və mütəmadi keçirilən təlimlər nəticəsində müxtəlif qoşun növlərinin döyüş qabiliyyətinin artırılması 44 gün davam edən qanlı müharibədə Azərbaycan Ordusunun düşməndən nə qədər güclü olduğunu açıq şəkildə nümayiş etdirdi. Təkcə məğlub Ermənistan deyil, dünyanın bir sıra ölkələri Silahlı Qüvvələrimizin qüdrətini etiraf etməli oldular, bəzi hərbi ekspertlər hələ də İkinci Qarabağ müharibəsini analiz etməklə məşğuldurlar.

Bəs Azərbaycan Ordusunu bu qədər güclü edən hansı səbəblərdir və hərbi sahədə beynəlxalq əməkdaşlığın səviyyəsi bizə nələr vəd edir? Müharibədən ötən iki ildən artıq dövrü Silahlı Qüvvələrimizin inkişafı baxımından necə xarakterizə etmək olar?

Məlum olduğu kimi, Azərbaycanın bir sıra dost və müttəfiq ölkələrlə sıx əlaqələri və əməkdaşlığı mövcuddur. Müxtəlif sahələri əhatə edən bu əməkdaşlıq, təbii ki, hərbi sahədən də yan keçmir. Postmüharibə dövrü Azərbaycan Ordusunun NATO standartlarına inteqrasiyası baxımından diqqət çəkir və bu yöndə islahatların aparılmasında ilk növbədə qardaş Türkiyənin təcrübəsindən və imkanlarından istifadə edilir. Təsadüfi deyil ki, təkcə 2022-ci il ərzində Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə 20-dək hərbi təlimi keçirilib. Digər ikitərəfli və çoxtərəfli təlimlərdən, hərbi əməkdaşlıq əlaqələrindən bəhs etməmişdən öncə bildirək ki, dost və qardaş Türkiyə ilə Azərbaycan arasında 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi iki ölkənin münasibətlərində yeni, müttəfiqlik səviyyəsini rəsmiləşdirmiş oldu. Bəyannamədə digər müddəalarla yanaşı, Azərbaycan və Türkiyənin Silahlı Qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması, modernləşdirilməsi istiqamətində birlikdə fəaliyyət göstərilməsi əksini tapır. Həmçinin müdafiə qabiliyyətinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsi, birgə təhsil və təlimlərin keçirilməsi də nəzərdə tutulur.

Bu baxımdan qardaş ölkə ilə ikitərəfli hərbi əməkdaşlığın ciddi əsasları var və dünyanın ən güclü ordularından olan Türkiyə Silahlı Qüvvələrinin hələ sözügedən Bəyannamə imazalanmamışdan öncə də ordumuzun modernləşdirilməsində yaxından dəstəyi və iştirakı Vətən müharibəsinin nəticələrinə ciddi təsir göstərmişdi. Xüsusilə türk komando məktəblərinin məzunları olmuş peşəkar xüsusi təyinatlılar Azərbaycan Ordusunun daha güclü döyüş qabiliyyəti nümayiş etdirməsini şərtləndirdi.

Son illər Azərbaycanın ordu quruculuğunda əldə etdiyi ciddi nailiyyətlərdə də Türkiyə ilə hərbi əməkdaşlığın, silah və sursat bazasının qardaş ölkənin müdafiə sənayesi məhsulları hesabına gücləndirilməsinin rolu danılmazdır. Bu gün bu əlaqələrin nəticəsi olaraq Azərbaycan həm də öz müdafiə sənayesini genişləndirir, müxtəlif növ yeni hərbi məhsulların istehsalı yerli imkanlar hesabına artırılır. Hətta Şuşa Bəyannaməsinə əsasən Türkiyə ilə müştərək hərbi istehsal müəssisələrinin yaradılmasına da start verilib. Bu günlərdə Türkiyənin “Baykar Makina” şirkətinə məxsus  “Bayraktar Teknoloji Azərbaycan” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində dövlət qeydiyyatına alınması da bu istiqamətdə atılmış mühüm addımlardan biridir. Qardaş ölkənin sözügedən şirkətinin istehsal etdiyi “Bayraktar” pilotsuz uçuş aparatlarının İkinci Qarabağ və hazırda davam edən Rusiya-Ukrayna müharibəsində oynadığı rol hamıya yaxşı məlumdur. “Baykar Makina”nın yeni layihəsi olan və bir neçə gün əvvəl ilk uçuşu uğurla reallaşdırılmış “Qızılelma” pilotsuz döyüş təyyarəsi isə mütəxəssislər tərəfindən dünya hərb tarixində yeni dövrün başlanğıcı kimi dəyərləndirilir. Bu baxımdan “Bayraktar Teknoloji Azərbaycan”ın yaradılması Silahlı Qüvvələrimizin qüdrətinin daha da artırılması baxımından müstəsna rol oynayacaq.

Son illər birgə təlimlərdə iştirakçı sayının artması, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin, həmçinin Pakistan və Gürcüstanla hərbi əlaqələrin inkişaf etdirilməsi ordumuzun döyüş qabiliyyətinin daha da gücləndirilməsini şərtləndirir. Xüsusilə qonşu Gürcüstanın Azərbaycan-Türkiyə təlimlərinə qoşulması, bu ölkədə xüsusi təyinatlılarının iştirakı ilə baş tutan “Qafqaz Qartalı” üçtərəfli təlimlərin ənənə halını alması regionda yeni hərbi əməkdaşlıq formatının yaranmasına imkan yaradıb. Dekabrın 21-də Türkiyənin Kayseri şəhərində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, qardaş ölkənin milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında keçirilmiş üçtərəfli görüş nəticəsində imzalanan yekun Bəyannamə də yeni əməkdaşlıq formatının gələcək inkişafı baxımından atılmış mühüm addımdır.

Qeyd edək ki, görüşdə hər üç ölkənin müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, ikitərəfli və üçtərəfli birgə təlimlərin keçirilməsinin vacibliyi, eləcə də regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər.

Azərbaycan Ordusunun daha da gücləndirilməsi, ikitərəfli və çoxtərəfli hərbi əməkdaşlığın inkişafı ilk növbədə Azərbaycanın təhlükəsizliyi deməkdir. Bu gün fəxrlə söyləmək olar ki, Silahlı Qüvvələrimiz öz mühüm funksiyasını layiqincə yerinə yetirmək iqtidarındadır. İnkişaf etdirilən əlaqələr, yeni hərbi əməkdaşlıq formatının yaranması ilə isə Azərbaycan Ordusu təkcə regionun deyil, dünyanın ən güclüləri sırasına yüksələcək. Bu, həm də Azərbaycana kəm baxanlara layiqli cavabdır.

Mahir Rəsuloğlu, “İki sahil”