Ətraf mühitin çirkli olduğu böyük şəhərlərdə insanlar kiçik şəhərlərdə yaşayanlara nisbətən daha tez qocalırlar. Çünki burada havanın çirklənməsi, dumandan tutmuş stressə qədər çoxsaylı xarici amillər var. Beləliklə, müasir dövrdə dəriyə qulluqda antioksidantların əhəmiyyəti daha aydın görünür.
Yüksək enerjili ultrabənövşəyi A (UVA) günəş şüaları ətraf mühitin çirklənməsi ilə birləşdikdə dərinizə oksidləşdirici zərəri daha çox olur. Normal şəraitdə vücudumuzda oksidləşdiricilərlə antioksidantlar arasında tarazlıq var. Orqanizmimiz sərbəst radikalların əksəriyyətini zərərsizləşdirmək üçün kifayət qədər antioksidant istehsal edir, lakin yaşlandıqca hüceyrələrimiz onları kifayət qədər tez və effektiv şəkildə aradan qaldıra bilmir. Bu vəziyyətdə bədənimizə kənardan dəstək olmalıyıq. Hüceyrənin davamlı olaraq radikalların hücumuna məruz qalması vəziyyətinə oksidləşdirici stress deyilir.
Sərbəst radikallar sağlamlığımız üçün kifayət qədər zərərlidir və antioksidantlar bu radikalları asanlıqla zərərsizləşdirə bilən molekullardır. Radikallardan qorunmaq üçün bədənimizdə kifayət qədər antioksidantların olması çox vacibdir. Dəriyə qulluqda əsas məqsəd daxili və xarici faktorlar nəticəsində əmələ gələn sərbəst radikalları təmizləmək və aradan qaldırmaqdır.
Beləliklə, dəri öz təbii tarazlığını bərpa edir və sağlam görünüş əldə edir. Dərimiz gün ərzində xarici amillərə - siqaret tüstüsü, çirkli hava, stress, radiasiyadan UV şüalarına qədər məruz qalır, buna görə də mütləq təmizlənməlidir. Dərinin təmizlənməsi quruluq, yağlılıq hissi və ya oxşar dəri problemlərini aradan qaldırmağa kömək edir.
Antioksidantlar sərbəst radikalları aradan qaldırmaq və qarşısını almaq qabiliyyətinə görə son illərdə insan qidalanmasında mühüm araşdırma mövzularından birini təşkil edir.
Antioksidantlar bədən hüceyrələri tərəfindən istehsal olunur və qida ilə də əldə edilə bilər. İnsan orqanizmini zərərli sərbəst radikallardan qoruyan və qidalarda mövcud olan əsas təbii antioksidantlar əsasən vitaminlər – C, E və A – təbii olaraq bir çox meyvə və tərəvəzdə olan flavonoidlər, yağ mənbəyi vasitəsilə ən yaxşı mənimsənilən karotenoidlər və polifenollardır. Onlar tərəvəz, meyvə və bütün taxıl əsaslı qidaların əksəriyyətində vardır.
Bu birləşmələrin təbii antioksidantlarla zəngin olan və yer üzündə geniş yayılmış bitkilərdən götürülməsi, həmçinin qida kimi ekstraksiya edilərək qida əlavəsi və ya konservant kimi istifadə edilməsi getdikcə aktuallaşan məsələyə çevrilib.
Müasir dəriyə qulluq vasitələrində əsas dəri strukturlarını oksidləşməyə qarşı daha yaxşı qorumaq və antioksidant müdafiə şəbəkəsini gücləndirmək üçün müxtəlif antioksidantlar istifadə olunur.
Vitamin C
Xaricdən tətbiq edilən C vitamininin dəriyə təsiri ətraflı araşdırıldığında dərinin UV şüalarının yaratdığı qızartı və günəş yanığı hüceyrələrinin əmələ gəlməsinin qarşısını aldığı görülür. Bu xüsusiyyətinə görə C vitamini xüsusilə günəşdən qoruyucu kremlərə və üz baxım məhsullarına əlavə edilir. C vitamininin dəriyə tətbiqi zamanı kollagen sintezini stimullaşdırdığı və qırışların azalmasına təsit etdiyi məlumdur.
Vitamin E
Dəri məhsullarında tez-tez istifadə edilən digər antioksidant E vitaminidir. Yağda həll olunan vitamin E ailəsi günəş yanığı hüceyrələrinin sayını azaldır və buna görə də şişlərin yaranmasının qarşısını ala bilir. Tədqiqatlar göstərir ki, E və C vitaminlərinin birlikdə istifadəsi günəş şüalarının zərərli təsirlərinə qarşı tək istifadə ilə müqayisədə daha güclü qorunma təmin edir.
Niasinamid
Nikotinamid kimi də tanınan niasinamid B-3 vitamininin bioloji aktiv formasıdır. Kliniki bir araşdırmada tətbiq olunan niasinamidin incə xətləri və dərinin rəngsizləşməsini azaltdığı və dərinin toxumasını və tonunu yaxşılaşdırdığı görünür. Antioksidant xüsusiyyətlərinə və güclü iltihab əleyhinə təsirinə əsaslanan başqa bir araşdırma nikotinamidin dəriyə tətbiqinin sızanaqların müalicəsində təsirli olduğunu göstərir.
Retinoidlər
Retinoidlər A vitamininin tərkibini təşkil edən və ya onunla kimyəvi cəhətdən əlaqəli olan kimyəvi birləşmələr sinfidir. Dəridə təbii olaraq meydana gələn antioksidant olan A vitamini qan axınını artırır və dərinin kollagen istehsalını stimullaşdırır və bununla da dərinin elastikliyini artırır.
Alfa Lipoik turşu
Alfa lipoik turşusu bədəndə sintez oluna bilən güclü antioksidantdır və ispanaq, brokoli və pomidor kimi bəzi qidalarda tapıla bilər. Sərbəst radikalların zədələnməsinin qarşısını alan lipoik turşu yağda və suda həll olma xüsusiyyətinə görə antioksidantlar arasında yeganədir. Lipoik turşusu, həmçinin C vitamini və E vitaminini antioksidant dövründə bərpa edən qlutatyonla qarşılıqlı əlaqədə olmaqla hüceyrə membranını qoruyur. Bu şəkildə dəri hüceyrələrini bərpa etməyə kömək edir.
Koenzim Q10
Koenzim Q10 yağda həll olunan birləşmədir və balıq, ispanaq, brokoli və gül kələm kimi bitki qidalarında olan güclü bir antioksidandır. Yaşlanma və qırışlara qarşı birləşmə kimi kollagen və elastinin zədələnməsinin qarşısını alır, həmçinin kollagen istehsalını stimullaşdırır. Normalda heyvan hüceyrələri tərəfindən sintez oluna bilən Q10 koenziminin istehsalı zamanla azalır. Bu səbəbdən yaşlanma əleyhinə məhsulların tərkibində çox əhəmiyyətli bir mövqeyə malikdir.
Fenolik antioksidantlar
Bu qrupdakı antioksidantlar sərbəst radikal təmizləmə qabiliyyəti baxımından çox güclü xüsusiyyətlərə malikdir.
Nubar Süleymanova, “İki sahil”