Bu yazıda “zərif məxluq” sayılan qadınlar tərəfindən edilən ixtiraları təqdim edirik.
Kevlar
Kevlar çox yüngül karbon mənşəli və çox güclü tekstil liflərindən ibarət bir materialdır. Kevlardan bronjiletlərdə, zirehli dəbilqələrdə, paraşüt ipində, yol velosipedlərinin təkərlərində, fiber və ya data kabelləri üçün əlavə güc təmin edən ip və ya gəmiləri bağlamaq üçün istifadə edilən yüngül tros və kompozit konstruksiyalarla əmələ gətirilən lövhələr, borular və ya xüsusi nəqliyyat vasitələrinin gövdəsi və ya qanad konstruksiyalarının hazırlanmasında istifadə olunur. Kevlar poladdan 5 qat daha güclüdür. Heç bilirdinizmi ki, bu polimer amerikalı kimyaçı Stefani Kvolekin ixtirasıdır. 1964-cü ildə o, polad kordondan daha yüngül və güclü bir əvəzedici hazırlamağa çalışarkən yeniliyə imza atmış oldu. Komponentləri müəyyən nisbətlərdə qarışdıraraq, o, adi poladdan beş dəfə güclü material əldə etdi.
İlk kompüter alqoritmi
842-ci ildə məşhur riyaziyyatçı Ada Lavleys kompüterin əsası hesab olunan Babbage cihazı üçün alqoritm yaratmışdır.
Bluetooth və Wi-fi icadı
Heidi Lamar İkinci Dünya müharibəsi zamanı radio siqnalının torpedalara ötürülmə üsulunu təkmilləşdirməyi təklif etdi. Beləliklə o, nəinki Bluetooth, həmçinin "həyati əhəmiyyətli" hesab etdiyimiz Wi-Fi sistemini icad etmişdir.
Avtomobil salonunun qızdırıcısı
1893-cü ildə amerikalı mexanika mühəndisi Marqaret Uilkoks sürücünün əllərini qızdırmaq üçün mühərrikdə qızdırılan havanı avtomobilin salonuna yönəltməyi təklif etdi. Həmin il o, müasir avtomobil isitmə radiatoruna bənzəyən cihazı patentləşdirdi.
Ütü masası
Sarah Boone bir dərzi olaraq ütüləməni asanlaşdırmağın yollarını axtarırdı. Bunun üçün o, dar bir taxta götürdü, onu parça ilə örtdü və bu taxtaya birləşən qatlanan ayaqları əlavə etdi. Bu, 1892-ci ildə Saraya patent verilən müasir ütü masasının prototipi oldu.
Göz kataraktasın müalicəsi
Avropada yaşayan zənci qadın Patrisiya Basın kəşfi tibb aləmində, xüsusən də cərrahlıqda əsl inqilab oldu. 1988-ci ildə o, kataraktaları lazerlə əməliyyat etmək üçün istifadə edilən cihazı patentləşdirdi. Qeyd edək ki, oftalmoloq bu cihazı 5 il ərzində hazırlayıb.
Videomüşahidə sistemi
1960-ci ldə tibb bacısı Marie Van Brittan Brown öz evində özünü daha təhlükəsiz hiss etmək üçün dünyada ilk dəfə hərəkət edən videomüşahidə sistemini yaratdi. Bu mürəkkəb qurğu, qapı boyunca yuxarı və aşağı hərəkət edən mühərrik vasitəsilə işləyən kameradan ibarət idi.
Onun yataq otağındakı monitor isə həyəcan düyməsi ilə təchiz olunmuşdu.
Avtomobilin şüşə siləni
Bu gün avtomobillərin ön şüşəsini yağış, qar və çirkdən təmizləyən şüşəsilən fırçanın da ideya müəllifi qadın olub. 1903-cü ilin bir qış günü Mari Anderson Nyu York şəhərini gəzməyə gəlir. O, sürücünün qarı təmizləmək üçün tez-tez pəncərəni açdığına diqqət edir. Hər dəfə pəncərə açıldıqda isə sərnişinlərin üşüdüyünü görən qadının ağlına gözəl bir fikir gəlir və o, maşının içindən çıxan rezin ülgücün rəsmini çəkməyə başlayır. Lakin təəssüf ki, 1903-cü ildə onun icad etdiyi bu qurğu patent ala bilmir. O zamanlar nədənsə ixtira maşın şirkətlərini heç maraqlandırmır. Onların sözlərinə görə, bu qurğu sürücünün diqqətini yayındırır. Bir müddətdən sonra şüşəsilənlər hər kəs tərəfindən istifadə olunsa da , Anderson ixtirasından pul qazanmadı.
İlk korrektor
İkinci Dünya müharibəsindən sonra qrafit lentə əsaslanan yazı maşınları məşhur idi. Ancaq yazı səhvini düzəltmək üçün ağ boyadan istifadə olunurdu ki, bu proses də uzun çəkirdi. Bankda işləyən Bette Nesmith Graham müxtəlif komponentləri qarışdıraraq nəticədə indi bütün korrektorlarda istifadə olunan kompozisiya əldə etdi.
Kök hüceyrələrinin izolyasiyası
Ann Tsukamoto 1991-ci ildə kök hüceyrələri təcrid etmək üsulunu icad etdi və patentləşdirdi. Bu kəşf sayəsində xərçəng xəstələrinin və otoimmun xəstəliklərin müalicəsi üçün onları transplantasiya etmək mümkün oldu. Baxmayaraq ki, bir çox alimlər kök hüceyrələrin daha böyük potensiala malik olduğunu iddia etsə də, bunu reallaşdırmaq hələ mümkün deyildi. Qeyd edək ki, Tsukamoto hazırda kök hüceyrəsinin böyüməsi üzrə başqa bir tədqiqat aparır və yeddidən çox ixtiranın ortaq patentçisidir.
İlk büstqalter
1910-cu ildə Karess Krosbi şənliyə hazırlaşırdı. Qəşəng libas geyinərək o vaxtlar məşhur olan korsetin bu paltara uyğun olmadığını görür. O, iki əl dəsmalı və bir lent parçası götürərək, sadə sapların və iynənin köməyi ilə 1914-cü ildə dünyanın ilk büstqalterini yaratdı.
Uşaq bezinin icadı
ABŞ-dan olan bu xanım illərdir bütün uşaqlı ailələrdə istifadə olunan və anaların “xilaskarı ” sayılan uşaq bezlərini kəşf edib. Donovan 1949-cu ildə uşaqları bişməcə olmağa qoymayan “Boaters” adlı bezlərini yaradır. Sonradan icadını daha da təkmilləşdirərək 1961-ci ildə birdəfəlik uşaq bezləri olan “Pampers”ı yaradır.
Qabyuyan maşın
Qabyuyan maşını 1886-cı ildə Jozefina Koçrane adlı qadın ixtira edib. Koçrane evində tez-tez ziyafətlər verən varlı qadın idi. Özü isə heç vaxt qab yumurdu. Bunun üçün xüsusi xidmətçiləri vardı. Onun üçün dəyərli olan bu qablar hər dəfə yuyulan vaxtı sınırdı. Koçrane buna çarə tapmaq üçün xüsusi cihazın lazım olduğunu düşünürdü. Hansı alimə söylədisə, heç kim onun istədiyini ixtira edə bilmədi. Beləcə , bu ixtiranı özü etdi. 1893-cü ildə Çikaqodakı Dünya Sərgisində ixtirasına görə mükafat belə aldı.
İsitmə sistemi
Macarıstanda doğulmuş biofizik Telkes evlərdə günəş enerjisi ilə isitmə sisteminin ixtiraçısıdır. 1925-ci ildə Amerika vətəndaşlığı alan Telkes Vestinqhaus elektrik şirkətində mühəndis kimi işləyib. Fizika sahəsində bir çox uğurlara imza atan Mariya bu uğurlara görə ölkəsi Macarıstanın sərhədlərini aşa bilib.
Samirə Tağıyeva, “İki sahil”