Çində içməli soyuq su əldə etmək demək olar ki, mümkün deyil. Restoranlarda, ictimai yerlərdə və ofislərdə su adətən isti olur. İlin istənilən vaxtında orada su içmək istəsəniz, suyun temperaturu 40°C-dən 100°C-dək olacaq.
Çinin şəhərlərində hər yerdə isti su olan qurğular var, hətta aptekdə də istəyə bilərsiniz və mütləq sizə gətirəcəklər. Çinlilər isti sudan bəzən çay dəmləyirlər, lakin daha tez-tez sadəcə qaynar su içirlər.
Bu ənənə artıq bir neçə min illərdir ki, mövcuddur. Kommunist Mədəni İnqilabı illərində belə ləğv edilmədi. O zaman vətəndaşların rifahının yaxşılaşdırılması üçün əsas şüarlardan biri bütün uşaqları gündəlik qaynar su ilə təmin etmək idi.
Çində körpələrə uşaqlıqdan yuxudan oyanan kimi dərhal bir stəkan qaynar su içməyi və bunu mütləq oturaraq etməyi öyrədirlər.
Tədqiqatçılar qaynar suya olan bu sevginin bir neçə səbəbini açıqlayıblar.
Onlardan biri də milli ənənəvi təbabətdir. Onlar hesab edirlər ki, bütün xəstəliklər Yin və Yang arasındakı enerjilər arasındakı balanssızlıqdan qaynaqlanır. Qaynar su bir müddət bədənə harmoniyanı bərpa etməyə kömək edir və beləcə bədənin özü sağlamlığın bərpasına və ya xəstəliklə mübarizəyə başlayır.
Bu qayda yemək zamanı xüsusilə vacibdir. Ənənəvi təbabətin tərəfdarları metafora kimi yağlı qabları soyuq su ilə yumağa çalışmaq nümunəsini göstərirlər və soyuq su içməyi buna bənzədirlər. Onların fikrincə, isti su yeməkdən əvvəl və yemək zamanı mədədə olmalıdır.
Ümumiyyətlə, çinli ənənəvi tibb mütəxəssisləri 40 yaşdan sonra içəridəki bədən temperaturundan aşağı olan heç bir şey yeməməyi tövsiyə edirlər. Nəzəriyyə, əlbəttə ki, mübahisəlidir, lakin çinlilər ona sadiq qalırlar və son illərdə bütün dünyaya yayırlar.
Bioloqlar və tarixçilər isə bunu belə izah edirlər ki, Çinin bir çox sakinlərinin kifayət qədər zəif bir həzm sistemi var və əhalinin yüksək sıxlığı şəraitində təhlükəsiz və təmiz su mənbələri artıq kifayət etmir. Bu səbəbdən onlar qaynar su içməyi düzgün hesab edirlər.
Məsələn, Cənub-Şərqi Asiyada və Hindistanda xəstəliklərlə mübarizə üçün ədviyyatlardan həddindən artıq çox istifadə edilir. Çində isə qaynar maye normaldır - onların fikrincə, suyun temperaturu nə qədər yüksək olarsa, bir o qədər təhlükəsiz və təmizdir.
Nubar Süleymanova, “İki sahil”