19 dekabr 2022 17:15
1589

Milan: İtaliyanın ən dəbli şəhəri - FOTO

Milan İtaliyanın ən dəbli şəhəri olduğunu bilirdinizmi? Hər il 10 milyondan çox insanın ziyarət etdiyi  bu mədəniyyət və moda   mərkəzi haqqında  nə qədər məlumatınız var?  Bu yazıda Milan haqqında topladığımız ən maraqlı məlumatları təqdim edirik.

İtaliyanın ikinci böyük şəhəri və Lombardiya regionunun paytaxtı olan Milan yüksək incəsənət mərkəzi sayılır.  Uzun müddət alman dilində “Maylənd” adlanan Milan sözünün mənası latın dilindən tərcümədə “düzənlikdə məskunlaşma” deməkdir. Milan eramızdan əvvəl 6–5-ci əsrlərdə qallar (fransızlar) tərəfindən salınıb. Uzun illər bütün Avropa işğalçıları Milanı idarə ediblər. Milan bir neçə dəfə Böyük Roma İmperiyasının paytaxtı olub. 1157-ci ildə Milan müstəqil olsa da, bu, uzun sürməyib. 1277-ci ildən 1500-cü ilə qədər növbə ilə Milanı Viskont və Sforts sülaləsi idarə edib. Elə bu dövrlərdə də şəhərdə bir sıra abidələr ucaldılıb.

Dünyanın ən böyük kafedrallarından biri - Duomo Katedralı burada yerləşir. Bura Avropanın ən böyük turist obyektlərindən biridir. Duomo kilsəsi böyüklüyünə görə dünyada dördüncü, Avropada isə üçüncü kilsədir. Tikintisinə 1386-cı ildə başlanılsa da, kilsə 1813-cü ildə başa çatdırılıb. Bu, dünyada qotika üslublu ən böyük kilsələrdən biridir.

Katedralda 3400-dən çox heykəl, 135 qorqulyalar(nağıl personajları)  və 700 dekorativ fiqurla rastlaşmaq olar.

Bu şəhərdə dünyanın ən böyük opera teatrlarından biri olan La Skala Teatrı yerləşir. 1778-ci ildə kraliça Mariya Terezanın fərmanına əsasən tikilən teatr dünya şöhrətli minlərlə «qızıl» səs eşidib. Təxminən  3000 tamaşaçı üçün qucaq  açan bu tearda son iki əsrin ən məşhur  müğənniləri, həmçinin Cüzeppe Verdi və Arturo Toskanini kimi əfsanəvi bəstəkar və dirijorlar çıxış ediblər.

Milan, əslində düz bir şəhərdir. Ən yüksək nöqtəsi dəniz səviyyəsindən 122 metr yüksəklikdədir.

Milan müxtəlif kulinarların qarışdığı şəhərdir. Hazırda şəhərdə milli mətbəxə qayıdış var. Milli mətbəxi sadə xörəklərdən ibarətdir ki, onları istənilən restoran və barlarda dadmaq olar. Milanda böyük diqqət yeməkdən əvvəl içilən spirtli içki aperitivə yönəlib. Bu içkidən sonra ilk xörək süfrəyə verilir: zəfəranlı qatı ət şorbası. İsti xörək olaraq isə Milanda, adətən kassaola yeyilir - donuzun qabırğa, quyruq, qulağından, kələm və digər tərəvəzlərdən ibarət selyanka. Daha bir məşhur Milan xörəyi Salame di Milano adlanır ki, bu, pendirin müxtəlif növlərindən və kolbasadan hazırlanır. Milan -ən adlı pasxa çörəyi Panettonenin vətəni sayılır. Bu şəhərdə Maskarpone pendiri də çox məşhurdur, ondan əsasən krem və desertlərdə istifadə olunur. Heç bir Milan süfrəsini Qorqonzola pendiri olmadan təsəvvür etmək olmaz. Həmçinin masada fəsəliyə bənzər polento da olmalıdır.

Milanda, həmçinin Leonardo Da Vinçinin qiymətli əsəri olan "Sirli şam yeməyi" saxlanılır. Bu rəsmdə İsa Peyğəmbərin  və həvarilərin xəyanətdən əvvəl son yeməyi təsvir edilir. Rəsm “Santa Maria delle Grazie” monastırında (Milanın qərb hissəsindəki Dominikan monastırının əsas kilsəsi) yerləşir.

Qeyd edək k, Milanda Çin əhalisi o qədər artıb ki, Porta Volta və Borqo degli Ortolani əraziləri arasında əsl Çin mahalı yaranıb. Həm də bura təkcə çinlilərin yaşadığı və biznes qurduğu yer deyil.   Burada, həmçinin Çin qəzetləri satılır və ən əsası şirkət adları  belə əsasən Çin hərfləri ilə  yazılır.

İtaliyanın iqtisadi və sənaye mərkəzi, ölkənin ikinci ən böyük şəhəri olan Milan II Dünya müharibəsi zamanı güclü bombardmanlara məruz qalmışdı v nəticədə   mədəni irsin üçdə biri məhv edilmişdi. Həmçinin şəhərin əsas simvolları, o cümlədən Duomo  Katedralı ciddi şəkildə zədələnmişdi.

Milanda ən böyük beynəlxalq hava limanı - Malpens yerləşir. O cümlədən ən yaxşı metro və dəmir yolu kommunikasiyası da buradadır. Milan İtaliyanın ən böyük avtomobil magistralı qovşağı sayılır. “Milano Centrale” 1931-ci ildə tikilib və Avropanın ən böyük dəmir yolu vağzallarından sayılır. Vağzal Art Deco üslubunda inşa edilib. Milan, həmçinin Avropada böyük tramvay və trolleybus şəbəkəsinə malikdir.

Milanın himayədarının Müqəddəs Ambrozu olmasına baxmayaraq, şəhərin Müqəddəs Madonna tərəfindən qorunduğuna inanılır. Heykəl 1774-cü ildə ucaldılıb və o vaxtdan  bəri şəhərin simvoluna çevrilib.

Milan inanılmaz çoxmədəniyyətli şəhərdir. Milanın əhalisinin 20%-dən çoxu əcnəbi mühacirlərdən ibarətdir.  Onların əksəriyyəti bura Filippin, Ekvador, Şri-Lanka, Misir, Peru, Çin Xalq Respublikası, Rumıniya, Mərakeş, Ukrayna və Albaniyadan gəlib.

Şəhərin iqlimi kontinentaldır, qışı soyuq, yayı isə  isti və  rütubətlidir. Dekabrdan fevral ayına qədər qar yağır, yaz ayları isə adətən yağışlı keçir. Qışda temperatur -1 ilə 10 dərəcə arasında, yayda isə 20 ilə 30 dərəcə arasında dəyişir.

Moda paytaxtı olan Milan italyanları və xariciləri öz məşhur tədbirləri - moda nümayişləri, müxtəlif sərgilər, çoxsaylı idman və mədəni hadisələrlə cəlb edir. Milan əsl moda mərkəzidir. Dəbdəbəli Milan Armani və Versaçi kimi dünya şöhrətli dizaynerlərin vətənidir. Buradakı iri moda evləri, mağazalar, outletlər bütün Avropadan şəhərə alıcı cəlb edir. Moda həvəskarları buraya ildə iki dəfə - yayda və qışda gəlirlər.

Burada İtalya futbol liqasının ən güclü iki komandası - İnter Milan və FC Milan yerləşir. Internazionale (İnter Milan) 1908-ci ildə, FC Milan isə 1899-cu ildə yaradılıb.

Milan 14-cü əsrdə vəbadan əziyyət çəkməyən azsaylı Avropa şəhərlərindən biri idi (Qara ölüm 1346-1353-cü illərdə pik həddində idi)

Milanın, eləcə də bütün İtaliyanın əhalisi əsasən katolikdir. Lakin burada  protestantlar, müsəlmanlar, sikxlər, buddistlər də yaşamaqdadır.

Samirə Tağıyeva, “İki sahil”