07 dekabr 2022 17:00
865

Uzun bığların rekordunu təzələyən olubmu? - FOTO

Qədim Şərq dövlətlərində saqqal və bığ kişi  gücünün  simvolu və ehtiram atributu idi. Misirdə onları yalnız fironlara uzatmağa  icazə verilirdi. Dünya sivilizasiyasının beşiyi olan Mesopotamiyada isə bığ və saqqal  tanrıların, padşahların və qüdrətli döyüşçülərin məcburi atributu idilər. Orta əsrlərdə isə  cəngavərlərin  saqqal və bığı  gücün və kişiliyin təcəssümü idi.  Qədim Rusiyada saqqal və bığ saxlamaq ənənəsi xristianlıqla birlikdə Bizans dövründən gəlib. Burada bığ və saqqal  kişiliyin, müdrikliyin, şərəfin, ləyaqətin əsas  simvolu idi. Rusiyada saqqalsız kişi demək olar ki, yox idi və saqqal saxlamayan kişiləri  qadın üzlü adlandırırdılar və onlara heç hörmət etmirdilər.  Saqqalsız kişiylə  ailə qurmaq çox çətin idi. O, zamanlar hesab olnurdu ki, belə kişi  nəsli davam etdirə bilməz. Qədim Rusiyada saqqalsız kişilər qınaq obyektinə çevrilərək ictimaiyyətdə özlərinə yer tapa bilmirdilər.   O , zamanlar  ruslar  düşməni ciddi şəkildə cəzalandırmaq, səfiri təhqir etmək istəyirdilərsə, onda onun  saqqalını qırxırdılar.

Lakin 17-ci əsrin sonlarında,  imperator I Pyotr saqqal saxlayanlara xüsusi  vergi tətbiq edəndə, bu ənənə yavaş-yavaş yox olmağa başladı. Ancaq artıq bir əsr sonra, aramsız müharibələr dövründə baxımlı bığ və saqqal  yenidən hərbçilərin dəyişməz atributuna çevrildi. 19-cu əsrin sonlarında   hamar qırxılmış kişi üzü daha da dəbli sayılmağa başlasa da,  20-ci əsrin əvvəllərində bığ yenidən müasir insanın əsas atributuna çevrildi. Ən azı sürrealizm dövrünün simvoluna çevrilən Salvador Dalinin əfsanəvi ekssentrik bığını xatırlayın.  Lakin  Böyük Depressiya dövründə bığ və saqqallı kişilərin işə düzəlməsi çox çətin idi. Beləliklə, məsələn, Avropa və Şimali Amerikada saqqallı kişilərin işə götürülməsi haqqında xüsusi qaydalar qəbul edildi.

İkinci Dünya Müharibəsi zamanı və sonra, bığ yenidən  dəbə düşsə də  illər keçdikcə yalnız üslubunu dəyişdirdi. Belə ki, “fırça bığları” ucları yuxarıya yapışan burulmuş bığlarla, onları isə “Tom Sellek bığları” və s. dəyişdi.

Müasir dövrdə də kişilər müxtəlif səbəblərdən bığ və saqqal uzadırlar.  Bəziləri dəbli görsənmək xatirinə , digərləri daha müdrük və ya  güclü  görünmək üçün. Bir  çoxlarıda  düşünürlər ki, üzdəki saqqal onların cazibəsini artırır və qadınların gözündə onların görünüşünü  daha da cəlbedici  edir.

  Lakin elə insanlar var ki, onlar saqqal və bığlarını məşhurlaşmaq üçün qırxmırlar. Məsələn, Hindistanda yaşayan Ram Sinqh Çauhan bığlarını artıq 50 ildir ki, qırxmır. Hindistanın Caypur şəhərinin 67 yaşlı sakini Ram Sinqh Çauhan bığlarının uzunluğuna görə, hətta 2012-ci ildə” Ginnesin Rekordlar Kitabı”na düşüb. Həmin rekord indiyədək yenilənməyib.
 Planetin ən uzun bığının sahibi adını alan bu kişi onlara 1970-ci ildən bəri uzatmağa başlayıb.  Hazırda onun bığının  uzunluğu beş metrdən çoxdur.

Qədim Hindistanda bığ kişi üçün böyük əhəmiyyət kəsb etdiyi üçün onun  bığının rekord uzunluğu Ram Sinqhə cəmiyyət içində xüsusi hörmət qazandırdı və onun qürur mənbəyinə çevrildi. Yeri gəlmişkən, bu atribut hindlilər arasında o qədər vacibdir ki, Hindistanın böyük şəhərlərində polislərə  bığlara görə hətta bonuslar da verilir.

Ram Sinqh "sərvət"ini qürurla nümayiş etdirir və bığlarını həyatının ən böyük dəyəri   hesab edir. O, etiraf edir ki, bığlarını  belə bir ölçüyə çatdırmaq heçdə asan deyildi. Bığlarına qulluq etmək çox əziyyətlidir və   gündə  bunun üçü ən azı iki saat vaxt sərf edir.

"Bığ uşaq kimidir. Gərək qayğısına qalasan, sevəsən, qulluğunda durasan. Bığımı bu uzunluğa çatlırmaq asan olmadı. 1970-ci ildən bəri bığıma qayçı vurmuram. Bığ qədimlərdə Hindistanda sərvət sayılardı, kişinin ləyaqəti və namusu olardı. Bığ qiymətsizdir. Mənim üçün hər şeydir. Mən racputam və xalqımızda, nəslimizdə bığ kişinin yaraşığı sayılır", - Ram Sinqh Çauhan deyib.

Planetin ən uzun bığına sahib olan bu kişi hətta  agent Ceyms Bonddan bəhs edən "Octopussy" (1983) filminə də çəkilib. O, həmçinin  indiyədək iki dəfə Hollivud, 6 dəfə Bollivud filmlərinə çəkilib.  Çauhan qeyd edib ki, son illər ərzində bığının uzanma  sürəti əhəmiyyətli dərəcədə azalıb. Yaşlandıqca hormonlar zəiflədiyinə görə, hər səhər yuxudan duranda bığımı qaydaya salan  kişi onlara  kokos, zeytun və ya badam yağlarından  çəkir.

  Onun rəqibləri onun rekordunu qırmaq istəslər də, hələ də buna nail ola bilməyiblər. Ram Sinqhin əsas rəqibləri bunlardır: hindli  Kalyan Ramji Sain ( bığın uzunluğu 3 metrdən çoxdur), pakistanlı Malik Əmir Məhəmməd Xan Afrid (təxminən 80 sm), pakistanlı Səddi Məhəmməd ( dünyanın  ən möhkəm  bığının sahibi sayılır). O, bu nailiyyətinə görə , hətta rekord qırmışdı.   Səddi bığları ilə  1,7 ton ağırlığında nəhəng pikapı 60,3 m məsafəyə  sürükləyib.  İngilis Ted Sedman isə  106 sm uzunluğunda” velosiped sükanı” şəklində olan bığları ilə məşhurlaşıb.

Hindli Ram Sinqh uzun illərdir ki, almanların məşhur  Saqqal və Bığ Klubunun üzvüdür. Həyat yoldaşı Aşa, uşaqları və nəvələri fəxr edirlər ki, onların ailə başçısı bütün dünyada  bu qədər məşhurlaşıb.

Samirə Tağıyeva, "İki sahil”