Gənclər və İdman Nazirliyi, Bakı Abadlıq Xidmətinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə keçirilən Bakı kənd və qəsəbələri arasında futbol turnirində dörddəbir final mərhələsi başa çatıb.
"İki sahil" xəbər verir ki, 32 kənd və qəsəbənin uşaq futbol komandası arasında təşkil olunan turnir böyük marağa səbəb olub.
Turnirin keçirilməsində əsas məqsəd uşaq futbolunun inkişafı və təbliği, eyni zamanda idmanın kütləviliyinə nail olmaqdır.
Yeni Suraxanı Mərdəkan komandasına 4:0 hesabı ilə qalib gəlib. Əhmədli Binəyə (3:4), Ramana isə Mehdiabada (1:3) uduzub. Sabunçu-Məmmədli görüşü 1:1 hesabı ilə başa çatıb. Penaltilərdə Sabunçu komandası qələbə qazanıb və yarımfinala adlayıb.
Yarışlara 2010-2011-ci il təvəllüdlü, ümumilikdə 350-dən çox uşaq cəlb olunub. İlk mərhələdə 8 qrupda start götürən turnirə noyabrın 13-də final qarşılaşması ilə yekun vurulacaq.