Komandolarımızın və xüsusi təyinatlılarımızın yüksək peşəkarlıqla icra etdikləri döyüş hazırlığı tapşırıqları düşmənlərə mühüm mesajdır
Azərbaycan Ordusunun döyüş hazırlığı səviyyəsinin və peşəkarlığının daha da yüksəldilməsi, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə bacarığına yiyələnməsi məqsədilə mütəmadi keçirilən təlimlər xüsusi əhəmiyyət daşıyır. Şanlı Qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsi də göstərdi ki, bütün qoşun növləri üzrə qabaqcıl üsulların tətbiqi, yeni nəsil döyüş texnikasından istifadə etməklə keçirilən təlimlər hərbi əməliyyatların taleyini müəyyən edən, zəfəri şərtləndirən ciddi amillərdəndir. Bu gün bütün dünyada istər hərb sənayesinə, istərsə də döyüş fəlsəfəsinə baxış tamamilə dəyişib və bu dəyişikliyin zəruriliyini qəbul edən ölkələrin silahlı qüvvələri daha güclü, daha hazırlıqlıdır. Dəyişməyənsə bir “qanun” var – təlimdə nə qədər çox tər tökülərsə, döyüşdə bir o qədər az qan tökülər. Yəni, qələbə qazanmaq üçün bütün qoşun növlərinin təlimlərinin əhəmiyyəti bütün dövrlərdə aktuallığını qorumaqdadır.
Azərbaycan Silahlı Qüvvələrinin bütün növ bölmələrinin inkişafı, müasirləşdirilməsi və döyüş qabiliyyətinin artırılması dövlətimizin prioritetlərindəndir. Çünki iki il öncə Azərbaycan öz ərazi bütövlüyünü təmin etsə də Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunması istiqamətində aparılan danışıqlar tam yekunlaşmayıb, ölkəmizə qarşı düşmən münasibət davam etməkdədir. Üstəlik, bu münasibəti sərgiləyən yalnız Ermənistan deyil. Son hadisələr göstərdi ki, cənub qonşumuz İran da uzun illərdir “qardaş dövlət” yalanı ilə riyakarcasına maskalanaraq Azərbaycana qarşı əslində ermənilərdən də betər düşmənçilik siyasəti yürütməkdədir. İran nəinki Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində əldə edilən irəliləyişdən narahatlıq keçirdiyini və erməni yandaşı olduğunu nümayiş etdirdi, üstəlik nuh əyyamından qalma köhnə texnikası, başıpozuq ordusu ilə sərhədlərimizdə təlimlər keçirərək ölkəmizi açıq şəkildə təhdid etdi.
Oktyabrın 17-də Cənubi Azərbaycan ərazisində, Araz çayı sahilində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçirdiyi təlimlərin məqsədi aydın idi. Ancaq ölkəsindəki ciddi daxili problemləri həll etməkdə aciz qalan İranın ali rəhbərliyi bir şeyi unudur ki, Azərbaycan onların yaddaşında qaldığı kimi ötən əsrin 90-cı illərinin Azərbaycanı deyil. Bu gün ölkəmizə qarşı düşmən mövqe sərgiləmək istəyən hər kəs qarşısında hərbi və iqtisadi baxımdan güclü, qüdrətli, dünyada böyük nüfuz sahibinə çevrilmiş, istənilən təhdidə lazımi cavab vermək iqtidarında olan Azərbaycanın olduğunu unutmamalıdır. Bunu bilməyənlərin və ya unudanların çoxunun yaddaşı İkinci Qarabağ müharibəsi nəticəsində təzələndi. Reallığı qəbul etmək istəməyən, Azərbaycana yuxarıdan aşağı baxmağa davam edənlərə isə bunu Azərbaycan Ordusu, düşmənlərin qorxusu röyasına çevrilmiş Xüsusi Təyinatlı Qüvvələrimiz (XTQ), “hər zaman və hər yerdə” ölüm “saçan” komandolarımız xatırlatmağa hər zaman hazırdır.
Müharibənin başa çatmasından keçən iki il ərzində Silahlı Qüvvələrimizin maddi-texniki bazası ən müasir tələblər səviyyəsində daha da inkişaf etdirilib, silah arsenalı təkmilləşdirilib, hərbi təhsil və hərb elmi yeni mərhələyə qədəm qoyub. Azərbaycan Ordusunun qardaş Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində ciddi islahatlar aparılıb. Mütəmadi olaraq iki ölkənin müxtəlif növ silahlı birləşmələrinin iştirakı ilə, bundan başqa Türk Dövlətləri Təşkilatına üzv digər ölkələrin, həmçinin Pakistan və qonşu Gürcüstanla birgə davamlı ikitərəfli, çoxtərəfli təlimlər keçirilir.
Müdafiə Nazirliyinin 2022-ci il üçün döyüş hazırlığı planına əsasən oktyabrın 28-də ordumuzun Raket və Artilleriya Qoşunlarının “N” hərbi hissəsində keçirilən komanda-qərargah təlimi, noyabrın 1-də Quru Qoşunlarının döyüş hazırlığı planına əsasən Əməliyyat (Komando) hərbi hissəsinin taktiki-xüsusi təlimləri şəxsi heyətin peşəkarlığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Noyabrın 2-də XTQ-nin komandanı, general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə Azərbaycanın cənub sərhədlərində başlanan təlimlər isə həm də ölkəmizə qarşı yönəlmiş təhdidlərə ən layiqli cavabdır. Xüsusi təyinatlılarımız “Həyəcan” siqnalı ilə qaldırılaraq daimi dislokasiya məntəqələrindən əməliyyat rayonlarına çıxarıldıqdan sonra komandirlərin məruzələri dinlənilib və tapşırıqlar dəqiqləşdirilib. Hərbi Hava Qüvvələrinin, Raket və Artilleriya Qoşunlarının təlimə cəlb olunan hissə və bölmələri də müvafiq olaraq təyin edilmiş aerodromlara və rayonlara cəmləşdirilib, digər qoşun növləri ilə qarşılıqlı fəaliyyət təşkil edilib.
XTQ-nin budəfəki təlimləri bir sıra məqamlarına görə fərqlənir və daha geniş miqyaslıdır. Plana uyğun olaraq təlimin növbəti mərhələlərində xüsusi təyinatlı bölmələr onları dəstəkləyən Hərbi Hava Qüvvələri, eləcə də Raket və Artilleriya Qoşunlarının bölmələri ilə qarşılıqlı əlaqədə bir sıra tapşırıqları icra edir. Təlim çərçivəsində xüsusi təyinatlı bölmələrin müəyyən xüsusi hazırlıqları üzrə ayrıca yoxlamalar da keçirilir. Noyabrın 3-də təlimlərin növbəti mərhələsi zamanı xüsusi təyinatlılarımız tərəfindən şərti düşmənin dərinliyində müxtəlif kəşfiyyat tapşırıqları və xüsusi əməliyyatlar yerinə yetirilib, həmçinin aviasiya və artilleriya vasitələrinin, eləcə də zərbə dronlarının dəstəyi ilə təyin edilən həddin və məntəqələrin nəzarətə götürülməsi təmin edilib.
Həm komandolarımızın, həm də xüsusi təyinatlılarımızın digər qoşun növlərimiz kimi ən yüksək peşəkarlıqla icra etdikləri döyüş hazırlığı tapşırıqları Azərbaycana düşmən münasibət bəsləyənlərə layiqli cavab, mühüm mesajdır. Ölkəmizə qarşı qara niyyətindən əl çəkməyənlər qəhrəman Azərbaycan əsgərlərinin bu təlimlərini diqqətlə izləsinlər. Bəlkə qanarlar ki, bizim Xüsusi Təyinatlı Qüvvələrlə, komandolarla üz-üzə gəlmək heç kimə, o cümlədən də onlara məsləhət deyil. Bir də bəzi mollabaşlar görsünlər ki, təlimi bax belə keçirərlər!
Mahir Rəsuloğlu, “İki sahil”