...O, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti sırasında sayılıb-seçilən, nüfuzlu, işinin vurğunu olan peşəkar zabitlərdən biridir. Hərb sənətini özlərinə peşə seçən və zabit paqonlarını çiyinlərində gəzdirmək arzusunda olan kursantlar belə insanların köməyi ilə əsl hərbçiyə xas olan bir çox müsbət xüsusiyyətləri mənimsəyirlər. Belə peşəkar zabitlər həqiqətən sabahımızın hərbçiləri üçün əsl örnəkdirlər.
Haqqında bəhs etdiyim zabit tarix üzrə fəlsəfə doktoru, professor, ehtiyatda olan 1-ci dərəcəli kapitan Nurulla Arif oğlu Əliyevdir. O, 1962-ci il sentyabr ayının 25-də Rusiya Federasiyası Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olub. Orta təhsilini Bakı şəhərindəki 68 saylı orta məktəbdə alıb. Gənc yaşlarında hərb işinə olan marağı onu 1977-ci ildə C.Naxçıvanski adına Hərbi liseyə aparıb. 1979-cu ildə hərbi liseyi bitirdikdən sonra Kiyev Ali Hərbi Dəniz Siyasi Məktəbinə qəbul olub. Gələcəyin polkovniki 4 illik təhsil müddətində hərbi-siyasi ixtisasa dərindən yiyələnib.
Leytenant rütbəsi alan gənc zabit 7 il ərzində Leninqrad (indiki Sankt-Peterburq) hərbi dəniz bazasında tərbiyəvi işlər üzrə komandir müavini vəzifəsində xidmət edir. Sovetlər birliyi dağıldıqdan sonra və ölkəmizdə milli zabit kadrlarına ciddi ehtiyac olduğu zaman Nurulla Əliyev doğma Vətəninə qayıdır. Yenicə müstəqilliyinə qovuşan ölkəmizin Silahlı Qüvvələrində xidmətə başlayır. Cəbhə zonalarında döyüşən briqadada tərbiyəvi işlər üzrə komandir müavini vəzifəsində xidmət edən N.Əliyev tezliklə özünün peşəkar zabit keyfiyyətləri ilə diqqəti cəlb edir, az sonra Baş Qərargah rəisinin baş köməkçisi, Müdafiə nazirinin baş köməkçisi vəzifələrinə qədər yüksəlir.
1995-ci ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin tərbiyəvi işlər üzrə rəis müavini vəzifəsində xidməti borcunu ləyaqətlə yerinə yetirən 1-ci dərəcəli kapitan Nurulla Əliyev daha sonra həmin təhsil ocağının rəisi vəzifəsinə təyin olunur. Hərbi Dənizçilik Məktəbinə rəhbərlik etdiyi dövrdə, ilk dəfə olaraq məhz onun rəhbərliyi altında hərbi-dənizçi kadrların hazırlanması üzrə çoxmərhələli təhsil sistemi işlənilib hazırlanır. 1999-cu ildən Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi keyfiyyətcə yeni tədris proqramı üzrə zabit və miçman heyətinin hazırlanması sahəsində təhsil prosesinin Azərbaycan dilinə keçidini mərhələli şəkildə gerçəkləşdirmişdir ki, bu da Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin inkişaf istiqamətinə tamamilə uyğundur.
2010-2015-ci illərdə 1-ci dərəcəli kapitan N.Əliyev Azərbaycan Respublikasının Çin Xalq Respublikasında hərbi attaşesi vəzifəsində fəaliyyət göstərib. 2015-ci ildə təqaüdə çıxan zabit elə həmin ildə “Dərbənd” xeyriyyə cəmiyyəti sədrinin birinci müavini təyin olunur, bir qədər sonra isə sözügedən cəmiyyətin sədri kimi fəaliyyətini davam etdirir. 2016-cı ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Adyunktura və Elm şöbəsinin hərb tarixi üzrə professoru vəzifəsinə təyin edilir və hazırda da həmin vəzifədə calışır.
N.Əliyevin xidməti bir sıra mükafat və təltiflərlə qiymətləndirilmişdir. O, 2005-ci ildə Bakı şəhərinin “Qarabağ həqiqətləri” cəmiyyətinin diplomu və mükafatına, həmçinin Beynəlxalq elmi mərkəz tərəfindən hələ 2004-cü ildə təsis edilmiş “XXI əsr Azərbaycan alimləri” cəmiyyətinin diplom və mükafatına layiq görülmüşdür.
N.Əliyev vətən tarixşünaslığında ilk dəfə olaraq Azərbaycan hərbi-dəniz tarixinin qədim zamanlardan başlayaraq XXI əsrin əvvəllərinədək olan dövrünü tədqiq etmişdir. O, Azərbaycan hərbi-dəniz terminologiyası lüğətinin yaradılmasının təşəbbüskarı, iki hissəli “Azərbaycan hərbi-dəniz tarixi” (Azərbaycan və rus dillərində) dərs vəsaitinin, “Azərbaycanda hərb tarixi elminin əsas istiqamətləri” adlı vəsaitin, Azərbaycan-türk hərbi-dənizçilik üzrə lüğətinin, hərbi psixologiya və pedaqogika üzrə dərs vəsaitlərinin və diqər kitabların müəllifidir.
Nurulla Əliyev Azərbaycan dilində hərbi-dəniz fənlərinin müxtəlif sahələrinə aid olan kitab, dərs vəsaitləri və elmi-metodik sənədlərin hazırlanmasına, onların nəşr və tədrisdə tətbiq olunmasına böyük əmək sərf etmişdir. Onun nəşr olunmuş əsərləri, hazırladığı və topladığı materiallardan “Azərbaycan tarixi”nin yeddinci cildinin yazılmasında istifadə edilmişdir.
Hərbçi alimin rəhbərliyi ilə hərb tarixinin araşdırılması sahəsində çalışan tədqiqatçıların “Azərbaycan tarixçilərinin elmi əsərlərində hərbi məsələlər” (biblioqrafik göstərici), “Dərbəndin hərbi-strateji əhəmiyyəti və onun tanınmış hərbçiləri", “Azərbaycanın hərb tarixi. 1-ci və 2-ci hissələr (Azərbaycanda qədim dövrlərdən XVI əsrə qədər)”, monoqrafiyalar (Azərbaycan, rus və ingilis dillərində) və kitablar, o cümlədən 3 proqram hazırlanaraq nəşr edilmişdir.
2016-2021-cı illər ərzində Hərbi Akademiyanın adyunktura və elm şöbəsinin tarixçilərinin respublika daxilində 49 elmi məqaləsi, metodiki vəsaiti, respublika xaricində 22 elmi məqaləsi çap olunmuşdur. 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin İnkişafı Fondunun Qrant layihələri müsabiqəsinə “Azərbaycanın hərb tarixi” (ən qədim dövrdən XVI əsrə qədər) mövzusunda elmi tədqiqat işi N.Əliyevin rəhbərliyi ilə S.Əhmədov, F.Hüseynova və S.Nuriyev tərəfindən hazırlanmış və Fonda təqdim edilmişdir. Silahlı Qüvvələrin Hərbi Akademiyasının adyunktura və elm şöbəsi tərəfindən ilk dəfə təqdim edilmiş layihə Qrant müsabiqəsinin nəticələrinə görə elmi ekspertizadan uğurla keçərək qalib hesab olunmuşdur.
Hərbi Akademiyada Nurulla Əliyev tərəfindən hazırlanmış “Azərbaycan tarixçilərinin elmi əsərlərində hərbi məsələlər” biblioqrafik göstərici respublikanın ali humanitar və xüsusi təyinatlı təhsil müəssisələrinin dinləyiciləri, xüsusilə tədqiqatçı alimlər tərəfindən maraqla qarşılanmışdır. Biblioqrafik göstəriciyə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda, Azərbaycan Milli Tarix Muzeyində, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında və digər elmi müəssisələrdə fəaliyyət göstərmiş tarixçi alimlərin əsərləri daxil edilmişdir. Onu da qeyd edim ki, biblioqrafiq göstəricinin yüksək elmi-nəzəri səviyyədə hazırlanması hərb tarixinə aid əsas məsələlərin araşdırılmasını xeyli asanlaşdırır.
N.Əliyevin elmi məqalələri “Hərbi bilik” (Bakı), “Türkiyə Dəniz Qüvvələri Dərgisi” (Ankara), “Rusiya Hərbi-Dəniz tarixi” (Moskva), “Elmlər Akademiyasının Xəbərləri” (Bakı), “Tarix və onun problemləri” (Bakı) və s. elmi nəşrlərin səhifələrində tez-tez çap olunur. O, “Böyük Dərbənd Ensiklopediyası”nın tərtibatçısı, 10 monoqrafiyanın, 45 kitabın, 13 tədris proqramı və metodik vəsaitin, Azərbaycan Respublikası və xarici dövlətlərin elmi jurnallarında dərc edilmiş 171 elmi məqalənin müəllifidir.
N.Əliyev 2020-сi il 15 mart tarixində Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə Akademiyanın həqiqi (akademik) üzvü seçilib və onun fəxri üzvü statusu ilə təltif olunub. Həmçinin türk dünyası hərb tarixi elminə verdiyi böyük töhfələrə və yüksək ixtisaslı zabit kadrların hazırlanması sahəsindəki xidmətlərinə görə Akademiyanın “Beynəlxalq qızıl ulduz” medalına layiq görülüb.
19 noyabr 2020-ci ildə Qotfrid Vilhelm Leybnic adına Avropa Təbiət Elmləri Akademiyası Rəyasət Heyətinin iclasında ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Arif oğlu Əliyev Akademiyanın həqiqi (akademik) üzvü seçilib və onun fəxri üzvü statusu ilə təltif olunub. O, həmçinin tarix elminə verdiyi böyük töhfələrə görə Akademiyanın Leybnic “Fəxri medalı”na layiq görülüb.
2016-ci ildə Azərbaycan Tarixçiləri İctimai Birliyinin, “Dədə Qorqud” Milli Xeyriyyə Fondunun və “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının üzvü seçilib, 23 iyun 2019-cu ildə Gürcüstan hərb tarixi üzrə cəmiyyətinin Məsləhətçilər Şurasının daimi üzvü və onun Baş məsləhətçisi seçilib.
Nurulla Əliyev 2019-2022-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Silahlı Qüvvələrin Hərbi Akademiyasının nəzdində fəaliyyət göstərən dissertasiya şuralarının üzvü və elmi katibi olmuşdur.
Bu gün Azərbaycan Respublikası Milli Müdafiə Universitetində aparılan tədqiqat işləri Azərbaycan ordusunun yaranma tarixini, onun inkişaf yolunu və hazırlıq səviyyəsini dünyaya tanıdır, əsrlərin qaranlığında qalan hərb tarixi səhifələrini müxtəlif yönümlərdən işıqlandırır, saxtalaşdırılmış faktları təkzib edir və həqiqi, obyektiv reallıqları əks etdirən yeni hərb tarixini yaradır.
Hərbçi alim 1998-ci ildə “Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri üçün kadr hazırlığı (1917-1997-ci illər)” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək 2000-ci ildə “Tarix elmləri namizədi”, 2007-ci ildə “Azərbaycanın Hərbi Dənizçilik tarixi” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək 2009-cu ildə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən “dosent” və 2018-ci ildə “professor” elmi adı alıb.
Hazırda Nurulla Əliyev, 2022-ci ilin mart ayında yaranan, Milli Müdafiə Universitetinin Elmi Tədqiqat İnstitutunda professor vəzifəsində çalışır.
Bu günlərdə ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Arif oğlu Əliyevin 60 yaşı tamam olur. Bu münasibətlə Milli Müdafiə Universitetinin kollektivi də ona ünvanlanan təbriklərə qoşularaq, görkəmli hərbçi alimimizə cansağlığı, işlərində uğurlar və yeni elmi nailiyyətlər qazanmasını arzulayırıq.
Telman ŞAHBAZOV,
Milli Müdafiə Universitetinin fakültə rəisi