Məşhur milyonçular daim mətbuatın və cəmiyyətin maraq dairəsində olurlar. Məhz buna görə də bu insanların həyat tərzi tez-tez müzakirəyə səbəb olur. Bu yazıda qənaətçil milyonçular haqqında bəhs edəcəyik.
Henrieta Houlend Qrin Qetti aşırı dərəcədə xəsis olduğuna görə “Ginnesin Rekordlar Kitabına” “Dünyanın ən xəsis insanı” kimi daxil olub. Dünyanın ən simic insanı olan Henrieta Houlend Qrin Qettinin sərvəti 8 milyard olsa da bu insan qarnını belə doydurmağa xəsislik edirdi. Henrietanı tanıyan insanlar onun bu dərəcədə xəsis olmağını “carəsiz bir xəstəlik” adlandırırdılar.
Onun 11 yaşlı oğlu belə dağda xizək sürən zaman uşaq yıxılaraq ayağını sındırmışdı. Lakin Henrieta oğlunun müalicəsinə pul xərcləmək istəmədiyinə görə uşağını kimsəsizlər üçün müalicə mərkəzinə aparır. Orada düzgün aparılmayan müalicə nəticəsində oğlunun ayağını amputasiya edirlər.
Henrieta Houlend Qrin Qetti 81 yaşında ürək tutmasından ölür. Bu qəribə qadının ölümü belə xəsisliyindən olur. Marketə gedən Henrieta südün qiymətinin baha olduğuna görə satıcı ilə mübahisə edir və burada ürək tutmasından ölür. Onun ölümündən sonra sərvəti uşaqlarına qalır. Onlar analarından fərqli olaraq 4 milyard dolları xeyriyyə işlərinə xərcləyirlər.
ABŞ-ın Las-Veqas şəhərindən olan və özünü "ən qənaətcil milyonçu" adlandıran sahibkar Eymi Elizabet deyəsən xəsisliyinə görə "Ginnesin Rekordlar Kitabı"na düşmüş Qenrietta Houlendin rekordunu təzələmək niyyətindədir.
Belə ki, sərvəti 5,3 milyon dollar bu olan qadının "qənaət" məqsədi ilə etdikləri hər kəsi heyrətə gətirib. Çox maraqlıdır ki, milyonçu qadın qabyuyan süngəri toz halına gələnə qədər atmır. Su puluna qənaət etmək üçün isə çəngəl-bıçaqları ümumiyyətlə yumur, sadəcə silir. Amerikalı xanım artıq pul xərcləmək üçün təmizlikçi tutmayıb. Amma burada da sahibkar çıxış yolunu tapıb. Onun evindəki təmizliyə keçmiş əri cavabdehdir – o, tualeti yuyur və bağçaya baxır. Elizabet isə bunun müqabilində ona məşqçi və qidalanma məsləhətçisi kimi dəstək olur.
1 milyarddan çox sərvətə sahib olan və dünyanın ən zəngin insanlarından biri, “İKEA”nın qurucusu İnqvar Kampradın çox maraqlı bir həyat hekayəsi olub. Milyarder yeməyi heç də bahalı restoran və kafelərdə deyil, ucuz yerlərdə, xüsusən də “İKEA” restoranlar şəbəkəsində yeməyə üstünlük verirdi. Digər diqqətçəkən məqam isə ondan ibarətdir ki, Kamprad daha az vergi ödəmək məqsədi ilə rəhbərlik etdiyi firmanın baş ofisini Kopenhagendən Amsterdama köçürmüşdü.
Kampradı digər zənginlərdən fərqləndirən daha bir cəhəti onun illər boyu gəzdirdiyi cüzdan və köhnə qol saatı idi. Milyardlarının olmasına baxmayaraq onun özünün şəxsi təyyarəsi olmayıb və lazım olanda daha ucuz uçuşlar həyata keçirən aviaşirkətlərin xidmətlərindən istifadə edirdi. Evinə bazarlığı xanımı Marqarita ilə edən milyonçu adətən alış-verişə endirim kampaniyası dövründə yollanırdı.
Amerkalı aparıcı Cey Lenonun sərvəti təxminən 350 milyon dollardır. Aparıcının 169 avtomobili, 117 motosikleti var. Amma onu paltara çox pul xərcləyən görməzsiniz. Cey Leno deyir ki, məhrəm yerləri örtmək haqqında qanun olmasaydı, o tamamilə çılpaq gəzərdi.
Gənc bloqqer Grem Stefanın sərvəti təxminən 30 milyon dollar civarındadır. Buna baxmayaraq, hər qəpiyinə qənaət edən bloqqer bir müddət əvvəl açıqlama vermişdi ki, “Starbucks”da kofe içməyi israfçılıq sayır. Qrem kofeni həmişə evdə hazırlayır. Ümumiyyətlə, o, aylıq qazancının yalnız 1 faizini xərcləyir.
Hindistanın məşhur texnologiya maqnatı Əzim Premci də sadə həyat tərzi keçirənlərdəndir. O, köhnə avtomobilini idarə edir, ekonom-klassda uçur və beşulduzlu otellər əvəzinə sadə mehmanxanalarda qalır. Premci, həmçinin şirkətinin əməkdaşlarının tualet kağızından qənaətlə istifadəsinə nəzarət edir, otaqdan çıxarkən işığı söndürmələrini tapşırır. Milyarder bütün bunları şəxsi həyatında da tətbiq edir.
“Facebook”un qurucusu Mark Zukerberq sadə həyat sürən zənginlərdəndir. 30 min dollarlıq avtomobil idarə edən milyarder əslində özünə son model “Ferrari” də ala bilər. Ancaq o, 30 min dollarlıq mexaniki üsulla idarə edilən “Volkswagen GTI” sürməyə üstünlük verir. Üstəlik, Zukerberq Prisçilla Çanla toyunu dəbdəbəli toy məkanında deyil, evinin həyətində edib. Bal ayını isə İtaliyada “McDonald’s” da şam edərək keçirib.
Artıq neçə ildir ki, gündəmə sərvəti, bahalı evi, etdiyi xeyriyyə yardımları ilə gələn Bill Qeytsin şəxsi həyatı da iş həyatı kimi maraqlıdır. Qoluna 10 dollarlıq saat taxan ən qənaətcil milyarderlərdən sayılan Billin evində qabyuyan maşını belə yoxdur. Hər gün qabları özünün yuduğunu deyən Qeyts bununla da elektrik enerjisinə qənaət edir.
Kompüter dahisi olan milyarder Devid Çeriton bir paket çayı iki dəfə istifadə edir. O, bahalı restoranlara yolu düşərsə, yarım porsiyadan artıq yemək sifariş vermir. Bahalı avtomobillər əvəzinə velospied sürməyə üstünlük verir. Maşın lazım olarsa, 1986-cı ildə aldığı “Volkswagen” mikroavtobusundan istifadə edir.
Almaniya Federativ Respublikasının sabiq kansleri Angela Merkel həmişə alman pedantlığı və qənaətcilliyi ilə məşhur olmuşdur. Kansler 35 il ərzində qida və evə aid kimyəvi maddələri yığmaq ilə məşğul idi.
“İnditex”in banisi “Zara” brendinin sahibi Amansio Orteqa xanımı ilə çoxmənzilli adi binada yaşayır, hər dəfə İspaniyada eyni kafeyə gedir. Dəbin yolgöstərəni sayılan Orteqo özü isə hər gün mavi jaket, ağ köynək, boz şalvar geyinir. O, həm də şirkətinin işçiləri ilə birgə nahar edir.
Meksikanın zəngin insanı Karlos Slim “Helu” avtomobilini özü idarə edir. Bununla da o, şəxsi sürücüyə verəcəyi maaşa qənaət edir. Üstəlik, Karlos “Mercedes-Benz”in ən köhnə modelini istifadə edir. Adi mağazalardan geyinən milyarder 40 ildir eyni evdə yaşayır və övladlarını da həmin evdə böyüdüb.
Samirə Tağıyeva, “İki sahil”