Yaxşı yuxu uşaqların elmi uğurları üçün çox vacibdir. Yaxşı yuxu uşaqların əhval-ruhiyyəsini və konsentrasiya qabiliyyətini yaxşılaşdırır. Yuxu məlumatların formalaşmasına və yadda saxlanılması üçün də çox vacibdir.
Bəs yay tətilindən sonra valideynlər nə etməlidir?
Həkimlər bildirirlər ki, bunun sirri uşaqlarda il boyu sağlam yuxu vərdişlərini saxlamaqdır. Çünki müntəzəm yuxu rejiminə, keyfiyyətli yuxu mühitinə və yaxşı yuxu gigiyenasına riayət etmək uşaqların performansına və ümumi rifahına kömək edir.
Daimi yuxu rejimi orqanizm üçün çox vacibdir. Yuxu ritmi yorğunluq və gündüz yuxululuğunun qarşısını almağa kömək edir. Hansı uşaqların və yeniyetmələrin ki valideynləri normal yuxu rejimi təyin edirsə, onlar daha adekvat yuxu alırlar, gün ərzində daha az yorulur və gümrah olurlar.
Uşaqların yuxuya ehtiyacı nə qədərdir?
Həkimlər uşağın yuxuya olan ehtiyacının onun yaşından, fəaliyyət səviyyəsindən və fərdi ehtiyyaclarından asılı olduğunu deyirlər. Onların tövsiyələrinə əsasən məktəbəqədər, yəni 3-5 yaş aralığındakı uşaqlar 10-13 saat, artıq məktəb yaşına çatmış 6-13 yaş aralığındkı uşaqlar 9-11 saat, 14-17 yaş aralığındakı yeniyetmələr isə 8-10 saat yuxuya ehtiyac duyurlar. Əksər uşaqlar və gənclər isə kifayət qədər yuxulamırlar. Təxminən şagirdlərin üçdə ikisi gecə səkkiz saatdan az yatır.
Tətil zamanı uşaqların yuxu rejiminin dəyişməsi başa düşüləndir. Əsasən də yay tətili zamanı. Çünki, hamı kimi uşaqlar da tətildən dincəlmək və enerjilərini bərpa etmək üçün istifadə edirlər. Həkimlər məsləhət görürlər ki, qısa tətil fasilələrində belə uşaqlar normal yuxu rejiminə eməl etməyə çalışmalıdırlar. Belə olduqda tətildən sonra yuxu rejiminə yenidən alışmaq məcburiyyətində olmazlar. Mümkün olduqca uşaqların hər gün eyni vaxtda yatmasına və oyanmasına kömək edilməlidir. Bu yolla uzun fasilədən sonra yenidən dərs başlayanda belə, artıq nizamlı yuxuya öyrəşmiş olurlar.
Tövsiyə olunur ki, təkcə uşaqlarda yox ümumiyyətlə yuxu rejiminin tənzimlənməsi prosesi tədricən olmalıdır. Dərs ilinə bir neçə həftə qalmış alışdığı vaxtda 15 dəqiqə tez oyanmalı və 15 dəqiqə daha tez yatmalıdır. Yuxu və oyanma vaxtları məktəb rejiminə uyğun olana qədər bir neçə gündən bir 15 dəqiqəlik artımlarla tənzimlənməlidir. Məktəbin ilk günündə uşaq artıq yeni yuxu rejiminə alışmalı və diqqətini tam dərsə verməyə hazır olmalıdır.
Bəzi insanlar yeni yuxu rejiminə uyğunlaşmaqda çətinlik çəkirlər. Əgər uşaq 20 dəqiqə ərzində yuxuya getmirsə, o, otağından çıxıb mavi işıqdan, yəni tətil zamanı daha çox vaxt keçirdiyi telefon, planşet və ya kompüterindən uzaq olmaqla sakit, yuxu gətirməyə kömək edə biləcək fəaliyyətlə məşğul olmalıdır. Bir sıra tədqiqatlar göstərir ki, yatmazdan əvvəl mavi işığa məruz qalan insanların yuxu keyfiyyəti pis olur. Mavi işığın bizə yatmaq vaxtının gəldiyini bildirən hormon-elotonini basqıladığı düşünülür. Əgər uşaq yorularsa yenidən yuxu üçün yatağa qayıtmalıdır. Bunun üşün valideynlər səbrli olmalı və vaxtlarını ayırmalıdırlar. Yeniyetmələrlə isə həkimlər yuxunun əhəmiyyəti və yuxu rejimi barədə söhbətlərdən faydalanmağı məsləhət görürlər.
Eyni zamanda, əgər uşaq dərsdən çox yorgun qayıdıbsa və dincəlməyə ehtiyacı varsa, 30 dəqiqə mürgüləmə çox yaxşı təsir edə bilər. Lakin bu 30 dəqiqəni keçməməlidir. Belə ki, uzunmüddətli mürgüləmə gecə yuxusunun keyfiyyətini aşağı salır.
Unutmamalıyıq ki, yaxşı yuxu, yaxşı təhsil, yaxşı fəaliyyət və yaxşı gələcək deməkdir.
Röya Rasimqızı, “İki sahil”