“TurAz Qartalı” təlimləri iki ölkə HHQ-lərinin böyük təcrübə qazanmasında mühüm rol oynayır
Sentyabrın 9-da Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə həyata keçirdikləri genişmiqyaslı “TurAz Qartalı - 2022” taktiki-uçuş təlimləri uğurla başa çatıb.
Sentyabrın 2-də bu təlim üçün Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyəti və aviasiya vasitələri ölkəmizə gəlib. Sentyabrın 5-də isə “TurAz Qartalı - 2022” birgə taktiki-uçuş təlimlərinin açılış mərasimi keçirilib.
Təlimdə plana uyğun olaraq iki ölkə HHQ-lərinin birgə fəaliyyətlərinin planlaşdırılması, qarşılıqlı əlaqə və döyüş uzlaşmasının öyrənilməsi, eləcə də axtarış-xilasetmə tədbirlərinin icrası və digər tapşırıqlar yerinə yetirilib. Müəyyən edilmiş marşrutlarla uçuşlar edən Azərbaycan və Türkiyənin hərbi pilotları yüksək peşəkarlıq nümayiş etdirərək şərti düşmənin hava və yer hədəfinin məhv edilməsi, kiçik və orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri, eləcə də müxtəlif epizodlar üzrə digər tapşırıqları uğurla icra ediblər. Hərbi pilotların fəaliyyətləri təhlil edilərək təlim rəhbərləri tərəfindən yüksək qiymətləndirilib.
Sentyabrın 8-də Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan və Türkiyə HHQ-lərinin iştirakı ilə ölkəmizdə keçirilən “TurAz Qartalı - 2022” birgə taktiki-uçuş təlimi ilə bağlı “Twitter”də paylaşım edib. Müdafiə qurumunun “Twitter” səhifəsində qeyd olunub: “Özümüz bir, sözümüz bir, gücümüz bir. Azərbaycanın ev sahibliyi ilə gerçəkləşdirilən Türkiyə Silahlı Qüvvələri və Azərbaycan Silahlı Qüvvələrinin birgə icra etdikləri “TurAz Qartalı - 2022” təlimi planlaşdırıldığı kimi uğurla davam edir.”
Dünyada və regionda baş verən reallıqlar fonunda Azərbaycan ilə Türkiyə arasında etibarlı və strateji tərəfdaşlığın möhkəmləndirilməsi və bu əməkdaşlığın daha üstün səviyyəyə çıxarılması hər iki ölkənin xarici siyasətinin tərkib hissəsidir. Bu qardaş ölkələrin hərbi sahədə qarşılıqlı əlaqələri, birgə təlimləri, ikitərəfli və çoxtərəfli əməkdaşlıq fəaliyyəti münasibətlərin möhkəmlənməsində mühüm əhəmiyyət daşıyır.
“TurAz Qartalı” təlimləri 2014-cü ildən etibarən mütəmadi olaraq keçirilir. Bu təlimlər iki ölkə HHQ-lərinin böyük təcrübə qazanmasında mühüm rol oynayır. Unutmayaq ki, Türkiyə HHQ-ləri hazırda dünyanın ən təcrübəli pilotlarına malikdir. Türkiyə antiterror əməliyyatlarında aviasiyadan geniş istifadə edən ölkələr sırasındadır. Azərbaycan isə Vətən müharibəsində pilotlu və pilotsuz aviasiyanın köməyi ilə tarixi Zəfər qazanıb. Bütün bunların fonunda “TurAz Qartalı - 2022” təlimlərini Azərbaycan və Türkiyə qardaşlığının gözəl nümunələrindən biri kimi dəyərləndirmək olar.
Cavid Əkbərov, “İki sahil”