Mövsümün qəfil dönüşündə saçlarınızın pişik kimi töküldüyünü görürsünüzsə, ümidsizləşməyin. Tezliklə keçəl ola biləcəyinizi hiss etsəniz də, saç tökülməsindən narahat olmağa nə vaxt başlamağınızın da fərqi var.
Saç tökülməsi hər yaşda kişi və qadınların ən çox rastlaşdığı və həyat keyfiyyətinə mənfi təsir edən problemlərdən biridir. Saç tökülməsi stress səviyyəsinin yüksəldiyi dövrlərdə, dərmanlarımızı dəyişdikdə və ya qaçılmaz olaraq yaşlandıqca daha aydın görünür. Ancaq mövsümi keçidlər zamanı bir çoxları saçlarının görünüşündə və keyfiyyətində dəyişikliklər hiss etməyə başlayır və daraqda ilişib qalan tellərin sayından narahat olurlar. Buradan belə bir sual yaranır: Hava şəraiti saçlarınızın tökülməsinə səbəb ola bilərmi?
Gəlin elmi tərəflərinə nəzər salaq:
Hər bir saç teli inkişaf prosesini tamamladıqdan sonra tökülür. Bu dövr genetikamıza görə dəyişir və tək bir telin aktiv böyümə mərhələsini tamamlaması təxminən iki-səkkiz il çəkir.
Orta hesabla bir insanın baş dərisində 100-150 min, bədənində isə təxminən 5 milyon tük folikulu var. Dermatoloqların fikrincə, hər gün 50-100 arasında saç tökülməsi normaldır, ona görə də duşda bir yığın tük görmək həyəcanlanmaq üçün əsas deyil. Bununla belə, getdikcə daha çox tüklərin töküldüyünü görürsünüzsə və bu tökülmə iki ay və ya daha çox fasiləsiz olaraq baş dərisində keçəl ləkələr və ya saçların seyrəlməsi kimi özünü büruzə verirsə, həkimə müraciət etməyin vaxtıdır.
Saç tökülməsini hansı amillər artırır?
Saçların böyüməsi üç mərhələdən keçən çox mürəkkəb bir prosesdir: aktiv böyümə- anagen, uzanmağı dayandırması -katagen və tökülməyə başlaması-telogen. Genetikamız və hormonlarımız saçlarımızın sıxlığını və qalınlığını təyin edir. Beləliklə, sağlam, qalın saçlar üçün ilkin şərt yaxşı genetikdir. Ancaq müxtəlif hormonal pozğunluqlar, xüsusilə polikistik yumurtalıq sindromu (PCOS) saç tökülməsini artıra bilər. Hormonal dəyişikliklərə aid edilən digər mühüm saç tökülməsi növü də doğuşdan sonra qadınlarda müşahidə olunan reaktiv saç tökülməsidir.
Pəhrizinizdə saçların böyüməsi üçün zəruri olan zülal, vitamin, mineral, amin turşuları və əvəzolunmaz yağ turşuları yoxdursa, saçlarınız mat görünə və ya heç uzanmırmış kimi təsir bağışlaya bilər. Məhdudlaşdırıcı pəhrizlərdən sonra, cərrahiyyə əməliyyatı keçirmək, infeksiyalarla qarşılaşmaq və gündəlik stresə məruz qalmaq və ya son vaxtlar baş verən pandemiya stresi saç tökülməsinə səbəb ola bilər.
Qidalanma və saç arasında əlaqə
Qidalanma və saç tökülməsi arasındakı əlaqə yalnız mövsümi dəyişikliklər zamanı deyil, il boyu davam edir. Saçlarımız istehlak etdiyimiz qidalardan qida maddələrini udur və özünü qurur, eyni zamanda, aktual məhsullar və ətraf mühit faktorları onun sağlamlığını dəstəkləməyə kömək edə bilər. Saçlar sümük iliyindən sonra bədənimizdə ən sürətlə böyüyən toxumadır və buna görə də bu sürətli böyüməyə uyğunlaşmaq üçün protein, vitamin və minerallara ehtiyacı var. Bu cür qidalar olmadıqda saç tökülməsi baş verir və ya mövcud saç tökülmələri daha da şiddətlənə bilər.
Saçımızın ehtiyac duyduğu ən vacib maddələr dəmir, sink, A vitamini, B vitamini (B2, B5, B6, B9, B12 və xüsusilə biotin, B7), C və E vitaminləri və omeqa kimi əsas yağ turşularıdır. Əgər sizdə hər hansı bir çatışmazlıq varsa, həkiminiz sizə müvəqqəti olaraq saç tökülməsini azalda biləcək əlavələr təyin edə bilər.
Mövsümi saç tökülməsi mifdir?
Mövsümi saç tökülməsi hələ də müzakirə mövzusu olsa da, ümumi konsensus ondan ibarətdir ki, hava dəyişiklikləri saç tökülməsini artıra bilər və bu hala qadınlarda daha çox rast gəlinir. Səbəbinin hormonal dəyişikliklər olduğu və ya stresdən qaynaqlandığı düşünülür. Eyni zamanda, bir çox həkimlər bunu ətraf mühit faktorları ilə əlaqələndirirlər: isti aylar ərzində dəniz duzu, hovuzun xloru və günəş şüaları tüklərin aşınmasını sürətləndirir.
Əksinə, araşdırmalar göstərdi ki, yay aylarında saçların böyüməsi baş dərisini günəş işığından qorumaq üçün artır. Daha isti hava keratin istehsal etmək üçün lazım olan qida tədarükünü artırır. Saç proteininin hasili çoxalır, bu da daha sürətli böyüyən, daha uzun saçlar deməkdir. Buna görə, adətən yay aylarının ardından aylarla artan böyümədən sonra bir çox insanlar, xüsusilə sentyabr və noyabr ayları arasında həddindən artıq tökülmələrdən şikayətlənirlər.
Mütəxəssislər qeyd edirlər ki, mövsümi saç tökülməsinin qadınlarda daha çox rast gəlinməsi iki əsas səbəblə bağlıdır: məlumatlılıq, hormonal və psixoloji dəyişikliklər. Qadınlar saçlarının vəziyyətindən daha çox xəbərdar olurlar və hər gün saçlarına daha çox vaxt ayırırlar, həm də hər ay onların psixoloji vəziyyətinə təsir edən daha çox hormonal dəyişikliklər keçirirlər, ona görə də dermatoloqlar bu təsirin saç tökülməsini də artırdığını düşünürlər.
Saç tökülməsini necə müalicə etmək olar?
Dermatoloqunuz ilk növbədə saç tökülməsinin səbəbini müəyyən etməlidir, bu, çox güman ki, fizioloji olacaq. Bununla belə, bu, həm də əsas bir xəstəliyin əlaməti və ya yalnız genetik quruluşunuzla bağlı ola bilər. Reaktiv saç tökülməsi, dəri və ya saç xəstəlikləri, alopesiya (saçların baş dərisində və bədəndə ləkələr şəklində tökülməsinə səbəb olan vəziyyət), infeksiyalar, hormonal dəyişikliklər və androgenlərin dominantlığı, anadangəlmə xəstəliklər və şişlər kimi avtoimmun xəstəliklər bu siyahıya aiddir.
Səbəbini təyin etdikdən sonra müvafiq olaraq müalicə planlaşdırılmalıdır. Minoxidil və Finasteride androgenik alopesiya üçün FDA tərəfindən təsdiqlənmiş tibbi müalicələrdir. Bununla belə, onlar müxtəlif yan təsirlərə səbəb ola bilərlər. Trombositlə Zəngin Plazma (PRP), mezoterapiya, hüceyrə müalicələri, inkişaf etmiş hallarda kök hüceyrə və saç transplantasiyası da müalicə variantları arasındadır. Əgər siz qida çatışmazlığından əziyyət çəkirsinizsə, müalicə bir neçə aydan sonra təsirini göstərən əlavələrdən ibarət olacaq. Əgər bu, PCOS və ya digər hormonal pozğunluqlardan qaynaqlanırsa, başlıca səbəbi aradan qaldırmaq üçün çox güman ki, bir endokrinoloqa müraciət etməli olacaqsınız və nəticəsini görmək daha uzun çəkə bilər.
Saç tökülməsi ilə mübarizə aparmaq üçün hansı saç baxımı məhsullarından istifadə etməliyik?
Dermatologiya mütəxəssisləri deyirlər ki, yumşaq səthi aktiv maddələrlə sulfatsız şampunlardan istifadə etmək, natrium lauril sulfat və natrium lauret sulfatsız məhsulları seçmək yaxşı başlanğıc nöqtəsi ola bilər. Kofein kimi inqrediyentlər vasitəsilə baş dərisində qan axını artıran serumlar və ya məhlullar, həmçinin quruluq və donuqluqla mübarizə aparmaq üçün müxtəlif vitaminlər də müvəqqəti düzəlişlər və dəstəkləyici müalicə təsiri göstərə bilər. Türkiyəli mütəxəssis Hilal Gökarp xüsusilə, yay üzgüçülüyündən sonra xəstələrinə saçların ortasından uclarına qədər nəmləndirici saç maskaları və kondisionerlərdən istifadə etməyi tövsiyə edir.
Saç tökülməsinə qarşı şampunlar həqiqətən saç tökülməsinin qarşısını alırmı?
“Bu məhsullar fizioloji saç tökülmələrində tökülmə prosesinin müddətini azaltmağa kömək edə bilər. Ancaq müşayiət edən bir xəstəlik və ya çatışmazlıq varsa, çox kömək etməyəcək”, -deyə Gökalp bildirib. Eyni şey qida əlavələrinə də aiddir. Onlar saçları gücləndirə və tökülməni azalda bilər, lakin bütün sağlamlıq problemlərində olduğu kimi, ilk növbədə əsas problemlər həll edilməlidir.
Nubar Süleymanova, “İki sahil”