06 sentyabr 2022 18:00
1234

Qeyri-adi həyat tərzi olan İNSANLAR/FOTO

Müasir dövrdə insanları təəccübləndirmək artıq çox çətin məsələdir. Bu yazıda qəribə həyat tərzi sürən insanlar haqqında topladığımız maraqlı məlumatları təqdim edirik.

Özünü itə bənzədən oğlan

Tom adlı britaniyalı  oğlan boş vaxtlarında it kostyumu geyinir və  heyvan kimi davranır. O, it oyuncağları ilə  oynamağı, qabdan yemək yeməyi və çöldə gəzməyi çox sevir. Oğlan etiraf edib ki, bu  qeyri-adi hobbi ona  reallıqdan uzaqlaşmağa kömək edir.

Pişiklərin tüklərini yeyən qadın

ABŞ-ın Miçiqan ştatının Detroyt şəhərində yaşayan Layza adlı bir qadın  15 ildir ki, pişik tükləri yeməklə məşğuldur.

O, indiyədək ən azı 3200 koma pişik tükünü  yediyini etiraf edib.
TLC telekanalında yayınlanan “ My Strange Addiction” proqramının qonağı olan Layzanın sözlərinə görə, hər gün pişik tükü yeməsə, özünü yaxşı hiss etmir.

Evində bir neçə pişik saxlayan 43 yaşlı Layza deyir: "Onların tüklərini bütün mənzil üzrə yığıram, bir yerə toplayıb koma edirəm və sonra da  ləzzətlə yeyirəm. Əminəm ki, pişik tükü dünyanın ən ləzzətli yeməyidir. Pişiklərin tüklərini çeynəyib udanda özümü heyvanlarıma daha yaxın hiss edirəm. Bundan başqa, pişik tükü yeyəndə əsəblərim sakitləşir. Ən böyük arzum evimdə çoxlu pişik tükü olmasıdır. Onda özümü əla hiss edərdim".

 Böcəklərə dəlicəsinə aşiq olan oğlan

Böcək qorxusuna insektofobiya deyilir. Bir çox insanlar insektofobiyadan əziyyət çəkirlər. Bu tip insanlarda  müxtəlif həşəratlarla təmasda olduğu zaman panik qorxusu, dəhşət və çaxnaşma hücumları başlayır. İyrənc canlıların görünüşü belə onları vahiməyə salır.

Lakin bir çox insanlardan fərqli olaraq amerikalı Calvin Viley müxtəlif böcəkləri evinə toplayır. O, böcəklərin zərərsiz olduğunu sübut etmək üçün əlindən gələni edir.  Gənc  oğlan özünün  “İnstagram” səhifəsində fərqli şəxslərin üzündə hərəkət etdiyi böcəklərin  müxtəlif videolarını  paylaşır. O deyir ki, bəziləri  evlərində it, pişik və ya tısbağa saxlayırlar. Mən isə həşəratları çox sevirəm. 2015-ci ildən müxtəlif hörümçəkləri toplamağa başlayan Calvin onların quruluşunu və davranışlarını  dəqiqliyi ilə öyrənmək üçün kiçik bir laboratoriya açmaq arzusundadır. Eyni zamanda,  o, bu sahədə ali təhsil almağı da  planlaşdırır.

Qeyd etmək lazımdır ki, Calvinin  bir çox dostları qəribə hobbisinə görə ondan üz döndəriblər. Lakin heç nəyə fikir verməyən gənc sevdiyi iş ilə məşğul olmağa davam edir.

Digər gənc Kayl   Kandilandda  həyatını böcəklərsiz  təsəvvür edə bilmir. O,  onları təkcə ev heyvanı kimi saxlamır. Kayl bəzi həşərat növlərini, quşları və heyvanları   satış üçün də yetişdirir. Orta hesabla, bu oğlan  təxminən 200.000 tarakan saxlayır. Onun kolleksiyasında 130-a yaxın növ var.

 Rəngə  sevgisi həyat tərzinə çevrildi

Elizabet Rosental  adlı  qadın “çəyirtkə nənə” ləqəbi ilə məşhurlaşıb. Bu rəssam  qadın yaşıl rəngi çox sevir. Onun dediyinə görə, bu rəng onu çox xoşbəxt edir.  Elizabetin bütün geyimləri, aksesuarları, mebelləri, kosmetikası, hətta saçları da yaşıl rəngin müxtəlif çalarlarına  boyanıb. Sənətçi 25 ildən artıqdır ki, bu  qeyri-adi həyat tərzi ilə hər kəsin diqqətini özünə cəlb etməyi bacarıb.

 Qız fantaziyasını həyata keçirdi və su pərisi oldu

Makenzi Klerin bədəni yol qəzası nəticəsində iflic olub.

Bununla belə, 19 yaşlı ABŞ sakini özünün uşaqlıq arzusunu gerçəkləşdirib. O,uşaqlığından bəri su pərilərini çox sevib, hətta özünü onlara bənzətməyə də çalışıb.

Əlil arabasında gəzən yeniyetmə qızı fotoqraf Kerri Leyn məşhurlaşdırıb. Belə ki, Makenzi su pərisi imicində fotolarının çəkilməsi təklifinə məmnunluqla razılıq verib.

Sən demə, özünü su pərilərinə bənzədən insanlar çoxdur. Digər qız Kasia Şels uşaqlıqdan su pərisi gəlincikləri toplayıb. 29 yaşına qədər mifologiyaya  olan bu  sevgini reallığa çevirməyə çalışan Kasia  su pərisinin  kostyumunu  geyinərək  özünü su pərisi hesab etməyə başladır.

Qeyd edək ki, Kasianın  evi daha çox sualtı krallığa bənzəyir.

Sivilizasiyadan uzaq olan təqaüdçü

Şəhərin səs-küyündən və  cəmiyyətdən bezən Mik Dodge sivilizasiyadan uzaq yaşamağa qərar verib. O, Hoh meşəsində məskunlaşaraq,  özünə  yemək hazırlamağa, açıq havada yatmağı və  dişlərini ağacdan düzəlmə fırçalar ilə  fırçalamağı öyrənib.

Dodge 30 ildən artıqdır ki, meşədə yaşayır.” National Geographic” Mik haqqında sənədli film çəkdikdən sonra o, internetdə inanılmaz dərəcədə populyarlaşıb.

Kanadalı ailə müasir həyatdan  imtina edərək keçmişə qayıtdı

Bleyir Makmillan və ailəsi 1986-cı ildəki kimi yaşayır. Onlar nə   müasir qadcetlərdən, nə də ki,  internetdən istifadə edirlər.  Demək olar ki, ailə 1986-cı ildən sonra icad edilmiş texnologiyalardan istifadə etmir. Onlar bir  məlumat əldə etmək üçün  ensiklopediyalar və məlumat  kitabçalarından  istifadə edirlər . Uşaqlar televizor qarşısında çox qalmır, yaradıcılıqla və ya aktiv oyunlarla məşğul olmağa üstünlük verirlər.

70 il yuyunmayan kişi

İranın Faraşband bölgəsindəki Dezhgah  kəndində yaşayan Amoo Hacı adlı kişi 70 ildir suya toxunmadan yaşayıb. 

90 yaşlı bu kişi küllər içərisində primitiv bir həyat sürür. İranın bir xəbər agentliyin in yaydığı məlumata görə, nə duş qəbul edən, nə də üzünü qırxan  bu şəxsin həyatından reportaj hazırlanıb.

Natəmizliyi ilə  məşhurlaşan kişinin  sözlərinə görə, duşa girmək  onun üçün əsl fəlakətə çevrilə bilər. Çünki o, dərhal xəstələnər və ölər.

Samirə Tağıyeva, “İki sahil”