01 sentyabr 2022 00:41
790

Müdafiə sənayemiz hərbi gücünü durmadan artırır

"Azərbaycan 1000-dən artıq adda silah-sursat istehsal edir, “ADEX” sərgisinin məqsədi ölkəmizin hərbi nailiyyətlərini dünyaya nümayiş etdirməkdir."

Bu fikri sentyabrın əvvəllərində Bakıda keçiriləcək  "ADEX” və  Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgilərinə həsr olunan mətbuat konfransında Azərbaycan müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev səsləndirb. O, qeyd edib ki, sərgidə ölkələr ən müasir silah növləri ilə təmsil olunacaqlar: "Biz də özümüzün ən yeni müasir silahlarımızı bu sərgidə nümayiş etdirəcəyik. Bildirmək istəyirəm ki, Azərbaycan 1000 addan artıq silah-sursat növü istehsal edir. Biz sərgidə bunları nümayiş etdirəcəyik. Sərgidə Azərbaycan istehsalı olan ən müasir pilotsuz uçuş aparatları sərgi iştirakçılarına nümayiş etdiriləcək".

Bəli, müstəqilliyimizin ilk illərində yoxdan yaradılan Azərbaycan müdafiə sənayesi artıq bir neçə ildir ki, silah-sursat istehsalı ilə məşğul olur. Onun hazırladığı silahlar özünü İkinci Qarabağ müharibəsində doğrultdu desək, şübhəsiz, səhv etmiş olmarıq. Döyüşçülərimiz həmin silahlarla düşmənin canlı qüvvəsinə, zirehli texnikasına ağır zərbələr vurublar, səngər və atəş nöqtələrini darmadağın ediblər. Müharibə veteranlarımız istifadə etdikləri öz sevimli silahlarından bu gün də həvəslə danışırlar.

Xatırladaq ki, ölkəmizdə milli müdafiə sənayesi müstəqillik illərindən bir qədər keçəndən sonra yaradılıb. Bu mühüm işin təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycan SSRİ-nin tərkibində olduğu üçün öz müstəqil hərbi sənayesi yox idi. “Mərkəz” müttəfiq respublikalara, o cümlədən də Azərbaycana bu sənaye növünü yaratmağa icazə vermirdi. 1970-ci illərdə Azərbaycana rəhbərlik edən ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə hərbi təyinatlı bir neçə zavod və müəssisənin açılmasına nail olmuşdu. Ulu Öndər Azərbaycanda xalqın təkidli tələbləri ilə ikinci dəfə hakimiyyətə gələndən sonra hərbi və mülki təyinatlı zavod və fabriklərin bazasında müdafiə sənayesinin yaradılmasını zəruri saydı. Çox qısa müddətdə bu iş üçün lazım olan hər şey təşkil edildi və müdafiə sənayesi silah-sursat və texniki vasitələr istehsalına başladı. İlk vaxtlarda məhdud növdə hərbi təyinatlı məhsullar hazırlansa  da onların çeşidi artırıldı və keyfiyyəti getdikcə yüksəldildi. Artıq Azərbaycan Ordusu öz zavodlarımızda hazırlanan döyüş sursatları və hərbi texnikası ilə silahlandırılırdı. Bəzi silah və sursatlarımız xarici hərbi ekspertlər tərəfindən yüksək qiymətləndirilirdi. Bəzi hərbi məhsullarımız sərgilərdə bəyənilir və onların alınması üçün sifarişlər də gəlirdi. Bu, Azərbaycanın böyük uğuru idi.

Hərbi-texniki əməkdaşlıq sahəsində də bir sıra mühüm işlər həyata keçirilmişdir. Belə ki, Müdafiə Sənayesi Nazirliyi yarandığı zaman respublikamız sahə üzrə yalnız Türkiyə Respublikası ilə əməkdaşlıq edirdisə, bu gün aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş 20-dən çox dövlətinin 50-dən çox firma və şirkəti ilə sıx əməkdaşlıq edir. Birmənalı şəkildə qeyd etmək lazımdır ki, əməkdaşlıq sahəsində əldə olunmuş bu uğurlar Prezident İlham Əliyevin apardığı xarici siyasətin nəticəsidir.

Artıq nazirliyin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar beynəlxalq sərgilərdə nümayiş olunur.  Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisələrdə yaradılan və istehsal olunan 27 adda müdafiə təyinatlı məmulatla ("İstiqlal" tipli snayper tüfəngi, atıcı silahlar üçün müxtəlif növ döyüş sursatları, artilleriya minaları və optik cihazlar və.s) respublikamızın beynəlxalq sərgidə təmsil olunması qısa müddət ərzində görülmüş işlərin nəticəsidir.

Nazirliyin mütəxəssisləri İordaniya Haşimilər Krallığının Əmman şəhərində keçirilən SOFEX-2010 beynəlxalq sərgidə Azərbaycanı layiqincə təmsil etmişdir. Ulu Öndərin doğum günü ərəfəsinə təsadüf edən bu sərgidə Azərbaycan 50-dən artıq müdafiə təyinatlı məmulatla təmsil olunub. Azərbaycanı qüdrətli dövlət kimi görmək istəyən ümummilli lider Heydər Əliyev tərəfindən ötən əsrdə əsası qoyulan bir qurumun bu gün dünyanın 70-dən cox ölkəsinin dövlət qurumları və qabaqcıl şirkətləri tərəfindən istehsal olunan məmulatların sərgiləndiyi məkanda öz milli məhsullarını nümayiş etdirməsi hamımızı çox sevindirir.

Nazirliyin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatların həcmi ildən-ilə artır. Cari ildə bu məmulatların  sayının 1000-ə çatdırılması fərəh doğurur. İstehsalı mənimsənilən məhsullar arasında uzaqməsafəli minaatanlar, snayper tüfəngi, əl qumbaraatanı, müxtəlif növ tank əleyhinə minalar, optik nişangahlar, aviasiya təlim bombaları, maskalanma toru, müxtəlif döyüş sursatları və bir sıra digər məmulatlar var.

Xeyli müddətdir ki, Müdafiə Sənayesi Nazirliyi Cənubi Afrikanın "Paramaund Group" şirkəti ilə "Matador" və "Marauder" tipli zirehli transportyorların birgə istehsalını aparır. Eyni zamanda, nazirliyin müəssisələrində NATO standartlarına uyğun "Zəfər", "Zəfər-K" və "İnam" tipli müasir tapançaların istehsalına başlanmışdır. Silahlı Qüvvələrdə istifadə edilən keçmiş SSRİ istehsalı olan müxtəlif tipli zirehli döyüş maşınlarının müasir tələblərə uyğun təkmilləşdirilməsi işləri də həyata keçirilir.

Dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, nazirliyin müəssisələrində də müdafiə təyinatlı məmulatların istehsalı ilə yanaşı, mövcud istehsal bazasından istifadə etməklə mülki məhsulların yeni növlərinin mənimsənilməsi istiqamətində də məqsədyönlü işlər aparılır. Onların sırasına polad panelli radioatorların müasir modeli, müxtəlif təlim-tədris stendləri, piyadalar üçün yol keçidi, müxtəlif kalibrli ov patronları, pnevmatik tir tüfəngləri, səhra çadırları, işıqforlar, xəstəxana və hərbi hospitallarda istifadə olunan ortopedik tibb çarpayıları, çoxsaylı çap lövhələri, dəmir torlar, tikanlı məftillər və digər yeni məhsullar daxildir.

Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" Yerin kosmosdan tədqiqi sahəsində perspektiv istiqamətləri müəyyənləşdirməyə, ölkədə bilavasitə kosmik texnika və texnologiyaların yaradılması və aerokosmik məlumatlardan istifadə etməklə müxtəlif tətbiqi məsələlərin həlli ilə məşğul olan nazirliyin Milli Aerokosmik Agentliyinin (MAKA) texniki tərəqqisi üçün geniş imkanlar yaradıb.

Həyata keçirilmiş tədbirlər və görülmüş işlər bir daha təsdiq edir ki, ulu öndər Heydər Əliyevin siyasi irsinə, dövlətçilik ənənələrinə və Azərbaycan xalqının iradəsinə söykənən Prezident İlham Əliyev ötən illər ərzində dövlətimizi daha da inkişaf etdirərək Ümummilli Liderin dövlətçiliklə bağlı arzu və istəklərinin həyata keçməsinə nail olmuşdur. İkinci Qarabağ müharibəsində qazandığımız Qələbədə müdafiə sənayemizin çox böyük payı var. Bu sahədə çalışanların parlaq Qələbə ilə fəxr etməyə haqları çatır. Onları biz də təbrik edirik!

Vəli İlyasov, “İki sahil”