30 avqust 2022 03:15
819

Günəş allergiyasından necə qorunmalı?

Günəş allergiyası isti mövsümlərdə bir çox insanlarda meydana gələn və bütün dəridə əsasən üzdə qaşıntılı səpgilər ilə özünü göstərən dəri xəstəliyidir. Mütəxəssislər bildirirlər ki, bu cür dermatoloji problemlər birbaşa günəşin ultrabənövşəyi şüları (UV) ilə əlaqəli meydana gəlir. Günəş şüalarından yaranan dəri problemləri adətən dərinin günəş vuran açıq yerləri və ona yaxın nahiyyələrdə yaranır. Əsasən üz, sinə, qolların xarici səthi, əllərin üstü, baldırların ön tərəfləri və ayaqların üstü daha çox zədələnir. Həkimlər qeyd edirlər ki, günəşlə əlaqəli dəri səpgiləri adətən yaz və yay aylarında, günəş şüalarına daha çox məruz qaldığımız zamanlarda kəskinləşir, payız və qış aylarında isə sönməyə başlayır. Dəridə günəşlə əlaqəli qızartı və qaşıntı fevral ayının sonlarından etibarən başlaya bilər.

Həkimlər onu da bildirirlər ki, UV olaraq bildiyimiz ultrabənövşəyi şüalar dəridə sadəcə günəş allergiyası deyil eyni zamanda, allergik mənşəli olmayan digər dermatoloji problemlər də yarada bilər. Məsələn, “pemfiqus” xəstəliyi günəş şüalarının təsirindən remissiyadan çıxa bilər və xəstəlik kəskinləşə bilir. Günəşin ultrabənövşəyi şüaları herpes xəstəliyini də kəskinləşdirir. “Rozasea” və ya gənə xəstəliyindən əziyyət çəkənlərdə qızartılar alovlana bilər. “Qırmızı qurd eşənəyi xəstəliyi” və “dermatomiozit” xəstəliyi olanlar xüsusən diqqətli olmalıdırlar.

Həkimlər məsləhət görürlər ki, günəş şüalarına allergiyası olanlar fevral ayının sonlarından etibarən günəşdən qorunma qaydalarına əməl etməyə başlamalıdırlar. Günəş həssaslığı olan insanlar sadəcə günəşli sezonlarda deyil, eyni zamanda, qış aylarında xüsusən qarlı havada belə günəş şüalarının mənfi təsirlərinə qarşı diqqətli olmalıdırlar. Lakin, günəşli sezonlarda fotosensitiv insanlar günəşdən həm fiziki, həm də kimyəvi yollarla qorunmalıdırlar. Günəşdən fiziki qorunma dedikdə dekolte nahiyyəsini, aşağı və yuxarı ətrafları örtəcək uzun və dərini sərin tutan geyimlər nəzərdə tutulur. Habelə günəş eynəkləri və baş örtükləri də buraya daxildir. Günəşdən kimyəvi qorunma dedikdə isə dəriyə 2 saatdan bir tətbiq edilən +SPF günəşdən qoruyucu kremlər nəzərdə tutulur. Altı ayından etibarən isə xüsusən uşaqları günəşdən qorumaq lazımdır. Günəşdən qoruma tədbirləri tətbiq edilməsinə baxmayaraq günəş altında qaldıqdan sonra dəridə qaşıntılı, qızartılı səpgilər meydana gələrsə mütləq dermatoloq həkimə müraciət edilməlidir.

Röya Rasimqızı, “İki sahil”