Prezident İlham Əliyevin Qarabağ regionunda yaşayan ermənilərin nə statusu, nə müstəqilliyi, nə də hansısa xüsusi imtiyazının olmayacağını vurğulaması Ermənistana və separatçı rejimə bundan sonrakı talelərini ciddi şəkildə düşünməyə məcbur edir. Artıq bu gün ermənilər anlayırlar ki, «artsax» reallaşması mümkün olmayan bir xəyaldır. İndi ermənilər də tam dəqiqliyi ilə bilirlər ki, Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesində hər hansı bir «status»dan söhbət gedə bilməz .
Ermənistan cəmiyyətini sarsıdan digər önəmli məsələ isə ölkəmizin başçısının Xankəndi və ətraf bölgə ilə bağlı mövzunun Ermənistana heç bir aidiyyətinin olmaması barədə dedikləridir. Azərbaycanın dövləti başçısı rəsmi Ermənistanın bütün cəhdlərinə baxmayaraq bu mövzunun danışıqlar masasına gətirilməsinə imkan vermədiyini vurğulayıb: «Bu məsələnin Ermənistana nə dəxli var? Bu, bizim daxili işimizdir».
Təbii ki, Azərbaycan liderinin belə açıq və qətiyyətli danışması həm Paşinyan hakimiyyətini, həm də bütövlükdə Ermənistan cəmiyyətini məyus edir. Onlar anlayırlar ki, bundan sonra Azərbaycan liderinin siyasi iradəsinə zidd getmək ölkələrinə yeni bəlalar gətirə bilər. Hətta bəzi erməni analitklər iddia edirlər ki, Ermənistan tədricən Azərbaycan tərəfindən idarə olunma mərhələsinə keçir. Yəni, əgər Prezident İlham Əliyev bölgədə hərbi əməliyyatlar barədə qərar veribsə, deməli, mütləq reallaşdıracaq. Hətta nə Ermənistanın, nə də ermənilərin ənənəvi beynəlxalq himayədarlarının mövqeyi və müdaxiləsi belə onları xilas etməyəcək.
Əslində, Prezident İlham Əliyev özü də bu barədə danışaraq örnək kimi bir müddət öncə reallaşdırılmış «Qisas» əməliyyatını göstərib: «Ermənistan bir daha gördü ki, bizi heç kim və heç nə dayandıra bilməz. Nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə də hansısa telefon zəngi... Bunu Azərbaycan xalqı yaxşı bilir. İkinci Qarabağ müharibəsi də bunu göstərib. Əminəm ki, Ermənistan tərəfi də bunu bilir. Sadəcə olaraq, hərdən bunu unudurlar. Ona görə də belə faciəvi hadisələr baş verir».
Bütün bunlara rəğmən demək olar ki, Qarabağda yaşayan ermənilər də Azərbaycanın digər vətəndaşlarının sahib olduqları hüquqlar çərçivəsində yaşamalı olacaqlar. Yəni, Azərbaycan Konstitusiyası heç bir vətəndaş üçün hər hansısa fərqlənmə və imtiyaz nəzərdə tutmur. Ümumiyyətlə, burada əsas məsələ kimin nə istəməsi deyil, Azərbaycan xalqının və dövlətinin ortaya qoyduğu siyasi iradədir. Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyev bu önəmli geosiyasi prinisipləri bundan sonra da ön planda tutacaq. Məhz belə qətiyyətlilik və prinsipallıq Ermənistanı Azərbaycanın geopolitik iradəsi ilə hesablaşmağa vadar edəcəkdir. Xüsusilə Xankəndindən Ermənistana yeni avtomobil yolunun çəkilməsi, Laçın şəhərinin və kəndlərinin işğalçı ermənilərdən təmizlənməsi son günlərin ən dəyərli hadisələridir.
Bundan başqa, ötən həftənin digər əhəmiyyətli hadisələri erməni hərbçilərin müəyyən hissəsinin Qarabağdan çıxarılması oldu. Prezident İlham Əliyev vurğulayıb ki, «Qisas» əməliyyatından sonra yüzlərlə erməni hərbçisi torpaqlarımızdan çıxarılıb: «Bu, onu göstərir ki, belə əməliyyatların təsiri var. Ancaq buna gətirib, çıxarmaq lazım deyildi. Sadəcə olaraq, Ermənistan bizim xəbərdarlıqlarımızı təhlil edib, düzgün nəticə çıxarsaydı, buna ehtiyac qalmazdı.»
Bütün bunlara rəğmən açıq şəkildə demək olar ki, Azərbaycan dövlətinin prinsipal mövqeyi Ermənistanı bir dövlət kimi seçim qarşısında qoyub: ya Azərbaycanın haqlı şərtlərini qəbul edərək bir dövlət kimi mövcudiyyətini qorumaq, ya da baş verə biləcək ikinci «Qisas» əməliyyatından sonra birdəfəlik məhvə məhkum olmaq.
Elçin Zaman, «İki sahil»