Yaşlılıq bədən qədər beyinin gücünə də mənfi təsir göstərir.ABŞ alimləri beyini yaşlanmaqdan qorumaq üçün bunları etməyi məsləhət görürlər.
Qulaqlarınızı qoruyun
Eşitmə qabiliyyətini itirmək, beyini lazımlı xəbərdarlıq mənbəyindən məhrum etdiyi və diqqət mənasında əlavə yük yaratdığı üçün, beyindəki boz toxumanın itkisinə səbəb olur. Bir araşdırma nəticəsində məlum olub ki, eşitmə qabiliyyətinin itməsi altı illik bir zaman ərzində məlumat qəbulunun azalma riskini 24% artırır.
Yaşdan aslı olmayaraq eşitmə qabiliyyətinə mənfi təsir edən faktorlara diqqət etmək lazımdır. Gündə sadəcə 15 saniyə yüksək səsli rok musiqisinə qulaq asmaq eşitmə duyğusuna zərər verməyə yetər. Eyni şəkildə gündə 15 dəqiqə fenden istifadə səsləri ayıran hüceyrələri zədələyir. Əgər eşitmə probleminiz olduğunu düşünürsünüzsə, mümkün qədər tez həkimə müraciət edin.
Yeni dil öyrənin
Zehni gücləndirmək üçün yaradılan beyin gimnastikası proqramları məhduddur. Lakin xarici bir dil və ya yeni bir musiqi alətində ifa etməyi öyrənmək, beyini daha çox işlədəcək. Bunların hər ikisi, bir çox bacarığın eyni anda işə düşməsinə səbəb olur. Yeni notları və sözləri öyrənərkən yaddaş məşqi, diqqət, eşitmə qabiliyyəti və nəzarət kimi bir çox bacarıq hərəkətə keçir. Bu cür fəaliyyət yaddaşı sürətləndirəcək. Son illər ərzində aparılan araşdırmalarda musiqiçilərdə əqlin zəifləməsi (demensiya) ehtimalının heç bir alət ifa etməyən insanlarla müqayisədə 60% daha az olduğu göstərilib. Başqa bir tədqiqatda isə xarici bir dili bilmənin Alsheymer xəstəliyini beş il gecikdirdiyi ortaya çıxıb.
Ayaqüstü yeməklərdən uzaq durun
Aşırı çəki beyinə, bir çox mənada zərər verə bilər. Damarlarda xolesterinin yığılması beyinə qan axınını məhdudlaşdırır və bu orqanın düzgün fəaliyyəti üçün lazımi qida və oksigendən məhrum edir.
Sinir hüceyrələri insulin hormonu səviyyəsinə qarşı son dərəcə həssasdır. Mütəmadi olaraq şəkərli və yüksək kalorili qidalar qəbul etdikdə insulin siqnalları kəsilir, zəncirvari reaksiyaya və beyində zərərli düyünlərin yaranmasına səbəb olur.
Omeqa 3 kimi yağ turşuları, D və B12 vitaminləri yaşlanma ilə bağlı əmələ gələn beyin problemlərini azalda bilirlər.
İdman edin
Əslində beyin ilə bədən arasında ayrı-seçkilik etmək doğru deyil. Beyini qorumağın ən təsirli yollarından biri də bədəni fiziki aktivliklə gücləndirməkdir. Beləcə, beyinə qan axını artacaq və sinir hüceyrələri arasındakı əlaqələri yaradan proteinlər də işə düşəcəkdir.Yerimək və aerobika kimi yüngül məşqlərdən tutmuş, ağır atletika və bədən formasını inkişaf etdirməyə qədər olan hər növ fiziki aktivliyin istənilən yaşda faydalı olduğu sübut edilmişdir.
Samirə Tağıyeva, “İki sahil”