Ölkəmiz “Beynəlxalq Ordu Oyunları-2022”də uğurla iştirak edir
Hərbi təmayüllü müxtəlif beynəlxalq yarışların, oyunların və təlimlərin keçirilməsi iştirakçı dövlətlər arasında münasibətlərin möhkəmlənməsi baxımından əhəmiyyətlidir. Üstəlik, bu kimi tədbirlər ordunun peşəkarlıq səviyyəsini nümayiş etdirmək üçün arena rolunu da oynayır, nəticələrdən asılı olaraq müxtəlif qoşun növləri üzrə yeni yanaşmaların tətbiqinə imkan yaradır.
Öz gücünü və qüdrətini bütün dünyaya döyüş meydanında göstərmiş şanlı Azərbaycan Ordusunun peşəkarlıq səviyyəsini artırmaq üçün müharibədən sonra da planlı şəkildə işlər aparılır, Silahlı Qüvvələrimizin hərbi qulluqçularının mütəmadi olaraq beynəlxalq miqyaslı təlimlərdə, yarışlarda, seminarlarda iştirakları təmin edilir.
Təsadüfi deyil ki, təkcə 2022-ci il ərzində Azərbaycanın 30-dan artıq beynəlxalq hərbi təlim və yarışlarda iştirakı planlaşdırılır. “Eternity-2022”, “EFES-2022”, “Sarsılmaz Qardaşlıq-2022”, “Qış təlimi-2022”, “Beynəlxalq Ordu Oyunları-2022” və digər nüfuzlu beynəlxalq təlim və yarışlar burada iştirak edən hərbçilərimizin qarşılıqlı təcrübə mübadiləsi nəticəsində bilik və bacarıqlarını daha da artırmalarına müsbət təsir edir və edəcək. Məlum olduğu kimi, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordu qurulucuğunda müasir innovativ yanaşmaların tətbiqini, döyüş qabiliyyətinin yüksəldilməsini, müxtəlif təyinatlı hərbi birləşmələrin ən yeni silah-sursatla, texnika ilə təmin edilməsini daim diqqətdə saxlayır. Bu isə öz növbəsində Azərbaycan Ordusunun qüdrətini gündən-günə daha da artırmasına zəmin yaradır.
Hərbi əməkdaşlıq baxımından dəyərli hesab edilən tədbirlərdən biri də 2015-ci ildən ənənəvi olaraq keçirilən və ölkəmizin də iştirakçısı olduğu “Beynəlxalq Ordu Oyunları”dır. Bu oyunlar hər şeydən öncə iştirakçı dövlətlərin orduları haqqında məlumatları daha da zənginləşdirir. Sevindirici haldır ki, Azərbaycan bu beynəlxalq arenada qazandığı reputasiya ilə önəmli nüfuz sahibinə çevrilib. Bütün dünya ordumuzun sürətli inkişafını görərək ölkəmizi etibarlı tərəfdaş kimi qiymətləndirir, yarışlar iştirakçı dövlətlərin Silahlı Qüvvələri arasında qarşılıqlı etimad mühitinin formalaşması, dostluq və rəqabət mühitinin daha da artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Xatırladaq ki, Azərbaycan Ordusu “Beynəlxalq Ordu Oyunları”nda 2015-ci ildən etibarən iştirak etməyə başlayıb. Bu günə qədər hərbi qulluqçularımız sözügedən Oyunlar çərçivəsində tank biatlonu, snayper həddi, hərbi tibbi estafet, səhra mətbəxi, artilleriya atəşinin ustaları və dəniz kuboku yarışlarına qatılaraq ölkəmizi layiqincə təmsil edə biliblər. Belə ki, həmin yarışlardan bir qayda olaraq ölkəmizdə keçirilən “Dəniz kuboku” müsabiqəsində təmsilçilərimiz 3 dəfə birinci yeri tutmağı bacarıblar. Komandamızın “Beynəlxalq Ordu Oyunları”nda 2021-ci ildəki nəticələrini də uğurlu saymaq olar. Yarışlar çərçivəsində hərbçilərimiz Rusiyada "Tank biatlonu" və "Mədəniyyət Ordusu", İran İslam Respublikasında "Dəniz kuboku" və Qazaxıstanda "Artilleriya atəşinin ustaları" müsabiqələrində mövqe tutmağı bacarıblar. Belə ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin G-122 və G-124 gözətçi gəmiləri ilə qatılan “Dəniz kuboku” yarışında 3-cü yerə, doqquz ölkəni təmsil edən artilleriyaçıların iştirak etdiyi "Artilleriya atəşi ustaları" müsabiqəsində yenə də 3-cü yerə, "Tank biatlonu" müsabiqəsində isə 19 ölkə arasında dördüncü yerə layiq görülüblər.
Ordumuzun nümayəndələri “Beynəlxalq Ordu Oyunları-2022”də də layiqincə təmsil olunurlar. Hazırda da davam edən yarışlar çərçivəsində hərbçilərimiz Moskva şəhərinin Alabino hərbi poliqonunda keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak etmək məqsədilə Rusiya Federasiyasında səfərdədir. Bundan başqa, komandalarımız ölkəmizdə keçirilən "Dəniz kuboku", o cümlədən qardaş Qazaxıstanda təşkil olunmuş “Artilleriya atəşinin ustaları” və İranın Yəzd şəhərində baş tutan “Snayper həddi" müsabiqələrində də uğurla iştirak edirlər. Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları-2022” 12 ölkənin ərazisində keçirilir. Beynəlxalq müsabiqələrdə 34 ölkədən olan hərbi qulluqçular fərdi və komanda şəklində mübarizə aparırlar.
Sevindiricidir ki, Azərbaycan tankçıları Rusiyada davam edən “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsinə yüksəliblər. Dünən keçirilən püşkatmanın nəticələrinə görə tankçılarımız avqustun 24-də bu mərhələdə Qazaxıstan, Çin və Vyetnam komandaları ilə yarışacaqlar. Yeri gəlmişkən, “Tank biatlonu” yarışlarında Ermənistan komandası da iştirak edirdi. Ancaq yarış zamanı zirehli texnikaları xarab olaraq yarı yolda qaldığından ermənilərin tankını ərazidən qoşqu vasitəsi ilə çıxarmalı olublar.
Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinə isə avqustun 23-də yekun vurulub. Hərbçilərimiz “Beynəlxalq Ordu Oyunları” çərçivəsində keçirilən bu yarışmada növbəti uğura imza atıblar. Belə ki, 9 komandanın mübarizə apardığı yarışın yekun nəticələrinə əsasən Qazaxıstan komandası birinci, Rusiya ikinci, Azərbaycan hərbçiləri isə üçüncü yerə layiq görülüb. Qalib komandalara kubok, medal və qiymətli hədiyyələr təqdim olunub.
Müzəffər Ordumuza döyüş meydanında olduğu kimi, hərbi yarışlarda, müsabiqələrdə də qələbələr yaraşır. Uğur olsun, qəhrəman Azərbaycan əsgəri!
Mahir Rəsuloğlu, “İki sahil”