23 avqust 2022 00:31
832

Saçları və libidonu yox edir: Uzun COVID-in yeni simptomları üzə çıxıb

Qoxu itkisi, nəfəs və sinə ağrısı ilə yanaşı, koronavirus infeksiyasının daha az rast gəlinən simptomları üzə çıxıb.

Sağalmış hesab etdiyimiz koronavirus bədəni uzun müddət “tiranlaşdıra” bilər. Tədqiqatçılar COVID xəstəsi olanlarda baş verən dəyişikliklərin tam spektrini müəyyən etməyə çalışıblar.

Yeni bir araşdırma uzun “COVID” adlanan xəstəliyin əvvəllər düşünüldüyündən daha çox simptomlara sahib olduğunu müəyyən etdi. Məsələn, sağalmış bir çox xəstə saç tökülməsindən və cinsi disfunksiyadan şikayətlənir.

Britaniyalı tədqiqatçılar 2020-ci ilin yanvarından 2021-ci ilin aprelinə qədər hazırlanmış 2,4 milyon anonim tibbi qeydin üzərində təhlillər aparıblar. Onların arasında COVID-19-dan sağalmış təxminən yarım milyon insanın və xəstəliyə yoluxmamağı bacaran insanların simptomları haqqında məlumatlar var.

COVID-19-un az rast gəlinən simptomlarına amneziya (yaddaş itkisi, apraksiya (adi hərəkətləri yerinə yetirə bilməmə), bağırsaq problemləri, erektil disfunksiya, halüsinasiyalar, əzaların şişməsi və saç tökülməsi daxildir.

Tədqiqatçılar, həmçinin qadınların, gənclərin, rəngi fərqli olan və qarışıq etnik mənsubiyyətli insanların daha çox uzunmüddətli  COVID riski altında olduğunu müəyyən ediblər.

Bundan əlavə, uzunmüddətli COVID simptomları daha çox sosial-iqtisadi vəziyyəti aşağı olan insanlarda, siqaret çəkənlərdə, artıq çəkidən və ya piylənmədən əziyyət çəkən insanlarda müşahidə edilmişdir.

Tədqiqatın müəllifləri cinsiyyət və ya etnik mənsubiyyətin uzun müddət davam edən COVID simptomlarının inkişafında nə üçün xüsusi rol oynadığını öyrənməyi vacib hesab edirlər.

Alimlər qeyd edirlər ki, məsələn, qadınlar avtoimmun xəstəliklərə daha çox meyillidirlər. Qadınların COVID-19-un uzunmüddətli təsirlərinə daha çox məruz qalması bu simptomların inkişafında avtoimmun sistemin xüsusi rolunu göstərə bilər.

Yeni araşdırma "Nature Medicine" elmi jurnalında dərc olunub.

Nubar Süleymanova, “İki sahil”