18 avqust 2022 21:35
897

Ermənistan beynəlxalq aləmdə özünü mina terrorunun müəllifi kimi tanıdıb - Ədalət Verdiyev

Dolablarda, soyuducularda qapıya sürpriz minalar bağlana bilər

Laçın rayonunun şərq hissəsində, Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edildi. Avqustun 15-də, bir gün ərzində, minalanmış sahədən ümumilikdə 991 ədəd PMN-E növlü piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla utilizasiya edildi.  Bildirildi ki, bu istiqamətdə aşkar edilən minaların hamısı Vətən müharibəsindən sonra - 2021-ci ildə Ermənistanda istehsal olunub.

Vətən müharibəsinin başa çatmasına baxmayaraq Ermənistan Azərbaycana qarşı mina müharibəsini davam etdirir. Ermənistan ordusunun işğal etdiyi bölgələrdə məhsuldar əkin sahələri, ümumiyyətlə, hərbi zonaya daxil olmayan bölgələr də minalanıb və bu terror siyasəti davam etdirir. Ermənistan tərəfindən minalanmış ərazilərimizin xəritəsinin Azərbaycana verilməsi yenidənqurma işinin vacib hissəsidir.

Mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, Ermənistan tərəfindən bundan sonra hansısa xəritələrin verilməsini artıq gözləməyə dəyməz: “Kifayət qədər uzun müddət keçib. Müharibənin bitməsindən iyirmi bir ay ötüb. İndiyə qədər verilən xəritələrin ortalama olaraq doğruluq faizi iyirmi beş faizi keçməyibsə, bundan sonra verilən xəritələrin də fərqli olacağını düşünməyə dəyməz. Əvvəl cərəyan edən proseslərə də nəzər saldıqda bu prosesin Ermənistan tərəfindən manipulyasiya vasitəsi olduğu aydın görünür. Baxın, Ermənistanda xəritə var idi və onu təqdim etdi”.

Ədalət Verdiyev hesab edir ki, bundan sonrakı dövrdə verilə biləcək xəritələrə zərurət varmı, yoxmu bu artıq müzakirə mövzusudur. Hərbi ekspert bildirdi ki, verilən düzgün olmayan xəritə qarşılığında biz mütləq əks tərəfə nələrisə təqdim edirik: “Erməni terrorçularından az cinayət törətmiş varsa onları qaytarırıq və yaxud da onlara hərdən bir az “nəfəslik” veririk. Yəni müəyyən məsələlərdə onlara bir, iki ay müddət veririk. Ona görə də yanlış xəritə verəcəklər, yenə onlara nə isə verəcəyik. Artıq buna ehtiyac qalmır”.

“Son aşkarlanıb, utilizasiya edilən minaların hamısı Vətən müharibəsindən sonra - 2021-ci ildə Ermənistanda istehsal olunub. Bu, nədən xəbər verir”  sualını cavablayan hərbi ekspert qeyd etdi ki, bu qədər minanın Azərbaycan ərazilərində həm də Qarabağın əlaqəsi olmayan ətraf ərazilərdə basdırılması bir daha onu göstərir ki, Ermənistan dövləti mina terrorunun müəllifi kimi artıq özünü dünyaya təqdim edib: “Dünyada bir çox ölkələr mina təhlükəsi ilə üz-üzə qalıb. Amma Azərbaycanın əraziləri qədər sıx minalanmaya dünyanın heç bir yerində rast gəlinməyib. Xüsusilə də keçdiyimiz keçmiş ön xətdəki ərazilərdə sıx mina var. İndi isə biz eyni mənzərəni Laçında müşahidə edirik. Axı Laçın ərazisində ermənilər az da olsa yaşayırdılar. Bu minaları nə zaman basdırıblar bunu artıq ekspertiza deyəcək. Minanın torpaq qatı altında qalıb keyfiyyət, rəng itirilməsi baxımından təyin etmək olur. İstənilən halda bunu Ermənistan tərəfi basdırıb. Bu iş Ermənistan dövləti səviyyəsində dəstəklənib. Heç bir mülki vətəndaş və yaxud da separatçı rejim bu minanı istehsal etmir. Minaların alınması, daşınması, əraziyə düzülməsi Ermənistan dövləti tərəfindən həyata keçirilib. Separatçılar da ola bilir. Lakin miqyas baxımından indiki halda bunu düşünmürəm. Həm Qarabağ, həm də ətraf rayonların ərazisini əhatə edəcək qədər minanın separatçı rejimdə ola biləcəyi sual doğurur. Bu böyük ehtimalla xüsusi texnikaların vasitəsilə düzülüb”.

 “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və yeni yaradılan beş özəl şirkət, Fövqəladə Hallar Nazirliyinin (FHN) mina təmizləmə alayı, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri mina təmizləmə ilə məşğuldurlar” deyən  minaların təmizlənməsi zamanı əldə edilən məlumatlar, aşkar edilən minalar, onların markası, basdırılma üsulları, sürprizləşdirilməsi və s. məlumatlar bir yerdə cəmlənir, analiz olunur : “Ermənilər də bilir ki, biz artıq əvvəlki fokuslarla tanışıq. Laçın ərazisində yeni fokuslar gözləməyə dəyər. Nələr ola bilər? Laçında Həkəri çayı var. Bulaqlar, artezianlar, su quyuları, çay sahili, balıq tutmaq üçün və yaxud da çaydan su götürmək üçün ərazilərdə ehtiyatlı olmaq lazımdır. Dolablarda, soyuducularda qapıya sürprizlər bağlana bilər. Soyuducunun qapısını açanda qumbaranın qoruyucusunu çəkir və partlayır. Tank əleyhinə mina ilə piyada əleyhinə minanı sürprizləşdirirlər. Altda piyada əleyhinə mina üstdə isə tank əleyhinə mina... Görürsən, arxayın olursan ki, tank əleyhinə minadır. Çünki tank əleyhinə mina insanın onun üzərinə çıxması ilə partlamaz. Onun partlaması üçün 150-200 kiloqramlıq yük lazımdır. Amma altındakı piyada əleyhinə olduğu üçün ayaq basan kimi piyada əleyhinə mina partlayır. Piyada əleyhinə mina aşağı ətrafları zədələyir və ya qoparır. Tank əleyhinə mina isə insanı havaya uçurur. Ona görə də komandirlərin, məsul şəxslərin göstərişi olmadan məlum cığırlardan, təmizlənmiş ərazilərdən sağa, sola bir addım atmaq olmaz. Mütləq yenə bizi mina təhlükəsi gözləyəcək. Düşməni sevindirməmək üçün maksimum ehtiyatlı olmalıyıq. Yolların kənarlarında, evlərdə, baxçalarda, yaşıllıqda, evin içində döşəmənin altında, sandığın içində belə yerlərə yaxın getmək olmaz”.

Həmsöhbətimiz təhlükənin ötən dəfəkindən az olacağını düşünmür. Ə.Verdiyev fikrini belə əsaslandırdı ki, bir yüksəkliyin ətrafındakı ərazidə əgər 900 min mina aşkarlayırıqsa demək ərazilərdə çox diqqətli olmalıyıq: “Bizim düşməndən azad olunan ərazimiz təxminən 160 kvadrat kilometrdir. Ermənilərin keçmiş hərbi infrastrukturu, nəzarət buraxılış məntəqəsi, o cümlədən ruslar əvvəl yerləşdiyi ərazilərdən çıxıb gedəcəklər, hərbi obyektlər olacaq, restoran, bərbərxana, yəni nə olur olsun heç nəyə toxunmamalıyıq”.

“Aşkarlanan minaların istismar müddəti haqqında nə demək olar. Yəni mina tapılıb utilizasiya olunmasa, hansısa heyvan düşməsə neçə müddətdən sonra mina öz istismar müddətini başa vuracaq” sualına cavab olaraq isə hərbi ekspert əhalini arxayınlaşdırmaq istəmədiyini söyləyərək xatırlatdı ki, minaların istismar müddəti on il qoyulsa da bu, zəmanətli müddətdir: “Biz Qarabağda gördük ki, otuz il əvvəl basdırılan və yeni olmayan mina əgər on il də əvvəl istehsal olunubsa, qırxıncı ilində yenə partlayır. İstismar müddətinin üzərində dayanıb kimlərisə arxayınlaşdırmaq istəmirəm. Mina qoyulduğu gün də detonasiya verə bilər”.

Günel Eyyubova, “İki sahil”