Avqustun 16-da Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 103 illiyi münasibətilə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisinin müavini general-leytenant Abbas Xəlilov və Aparat rəhbəri, general-mayor Elçin İbrahimov birgə mətbuat konfransı keçirib.
"İki sahil" xəbər verir ki, əvvəlcə Azərbaycan Sərhəd Mühafizəsinin yaranması, o cümlədən Vətən müharibəsindəki DSX-nin şəxsi heyətinin döyüş fəaliyyətini əks etdirən videoçarx nümayiş edilib.
Qeyd olunub ki, Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti 44 günlük Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuraraq dövlət sərhədlərimizə tam nəzarətin həyata keçirilməsinə və sərhədlərimizin mühafizəsinə nail olunması yolunda əsl qəhrəmanlıq və şücaət göstərdi.
Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın Dövlət Sərhəd Xidmətinin qarşısında qoyduğu döyüş tapşırıqlarının uğurlu icrası üçün bütün qüvvə və vasitələr tam səfərbər edildi. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında şücaət və qəhrəmanlıq göstərdilər.