10 avqust 2022 03:16
1503

Sən demə, kabus görmək beynimizin fəaliyyətini artırır

İsveçrə və ABŞ alimlərinin birgə araşdırması nəticəsində müəyyən olunub ki,  gecələr qorxulu yuxular görmək gündüzlər beynimizin qorxulu anlara düzgün reaksiya verə bilməsinə kömək edə bilər .İsveçrənin Cenevrə Universiteti və universitet xəstəxanalarının, o cümlədən, ABŞ-ın Visconsin Universitetinin həyata keçirdiyi araşdırmada beynin yuxu növlərinə necə reaksiya verməsi öyrənilib.

 Alimlər  psixoloji narahatlıq probleminin həllində yuxulardan istifadə edilə biləcəyini bildiriblər. Eyni zamanda, o da qeyd edilib ki, çox qorxulu yuxular insan sağlamlığına mənfi təsir edə bilər. Psixoloji travma yaratmayacaq qədər qorxulu yuxuların faydası varmı? Alimlər bu suala cavab axtarıblar.

250 elektrod bağlanmış 18 şəxslə yuxuları haqqında gündəlik tutan 89 nəfərə baxanda məlum olub ki, gecə yuxuda kabus görmək real həyatdakı qorxulu vəziyyətlərə adekvat reaksiya verməyə yardım edir. Araşdırmanın "Human Brain Mapping" jurnalında dərc edilən nəticələrinə görə, kabus görən insanın beynində qorxulara reaksiya verən hissə daha aktiv olur.

Alimlər aşkar ediblər ki, tez-tez kabus görmək beynin bu hissəsinin daha çox fəaliyyət göstərməsinə səbəb olur.

Cenevrə Universitetinin əməkdaşı Lampros Perogamyros qeyd edib  ki, yuxular əslində  qorxulu anlara reaksiyamız üçün məşq kimi də qəbul edilə bilər. Onlar bizi real həyatda qarşılaşa biləcəyimiz təhlükəli anlara hazırlayır.

Samirə Tağıyeva, “İki sahil”