03 avqust 2022 16:30
945

Rey Kərimoğlu: Dövlət başçımız qazilərə böyük diqqət və qayğı göstərir - VİDEO

«Ölkəmizdə şəhid ailələrinə, müharibə veteranlarına, eləcə də Qarabağ qazilərinə diqqət, qayğı bütövlükdə sosial siyasətin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların qayğıları ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramına start verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. Bu addım yalnız 44 günlük Vətən Müharibəsi deyil, Birinci Qarabağ müharibəsinin iştirakçılarına da dövlət qayğısını göstəricisidir. Artıq ilkin  olaraq sənədləri e-sistemdə olan 11 minədək müharibə əlilinə proaktiv qaydada ödəmə təyin olunaraq bank hesablarına köçürülüb. Birdəfəlik ödəmənin məbləği birinci  dərəcə əlilliyə görə - 8 800 manat, ikinci dərəcə əlilliyə görə - 6 600 manat, üçüncü  dərəcə əlilliyə görə - 4 400 manat təşkil edir.

Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi Prezident İlham Əliyevin növbəti humanist addımıdır.»

Bu fikirləri «İki sahil»ə açıqlamasında Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri, Birinci Qarabağ müharibəsi qazisi Rey Kərimoğlu deyib.

R.Kərimoğlu qeyd edib ki, Prezident İlham Əliyev növbəti humanist addım ataraq ötən ilin dekabrın 23-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" fərman imzaladı.

R.Kərimoğlu Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə görə dövlət başçısına minnətdarlığını bildirərək qeyd edib ki,  Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva həmişə şəhid ailələrinə, qazilərə böyük diqqət və qayğı göstərir. Bu gün başlanılan proses də bu diqqət və qayğının bariz nümunəsidir.

Şəmsiyyə Əliqızı, «İki sahil»