Ən nəhəng mağara

Mərkəzi Vyetnamda yerləşən Şondonq mağarası hal-hazırda dünyanın ən böyük mağarası hesab edilir. Bu mağara Vyetnam-Laos sərhədinin yaxınlığında olan Kuanqbin vilayətində Fonqnya-Kebanq milli parkının mərkəzində yerləşir.
Mağaranın tədqiqi nəticəsində hündürlüyünün 200m, eninin isə 150 m çatdığı müəyyən olunub. Unikal mağaranın ümumi həcmi isə 38.5 milyon m³ təşkil edir. O, Malayziyada yerləşən Maral mağarasından 5 dəfə böyükdür.
Cəngəlliyin dərinliyində yerləşən mağaranı ilk dəfə 1991-ci ildə yerli sakin Xo Xan tərəfindən aşkar edilsədə, lakin içəridən gələn su axını və böyük eniş onu daxildən araşdırmağa imkan verməmişdir. Ancaq 2009-cu ildə Vyetnamda Hovard Limbertin başçılığı altında britaniya alimləri qrupu Şondonqun içərisinə daxil olaraq, onu araşdıra bildilər.
Şondonqun flora və faunası alimlər üçün əsl tapıntıdır. Mağaranın ərazisində çoxlu sayda nadır bitki nümunələri bitir. Bu yaxınlarda isə yeni bitki növləri aşkarlanmışdır. Meymunlar, quş-gərgədanlar və uçan tülküyə bənzər yarasalar – bütün bunlar qeyri-adi yeraltı cəngəllikdə yaşayır.
Unikal mağara 2-5 milyon il davam edən su axını prosesi nəticəsində formalaşmışdır.
2013-cü ilin avqust ayının əvvəllərində Şondonqa ilk turistik tur təşkil edildi. Mağaranın içərisinə düşmək üçün ip ilə 80 metr yeraltı dərinliyə enmək tələb olunur. Turistlər orada düşərgə salaraq yeraltı mağara labirintində və ya tonqal kənarında rahat oturaraq vaxt keçirirlər. Sentyabrdan marta qədər mağaraya giriş bağlı olur, çünki bu zaman yağış dövrü olur ki, bu da çox təhlükəlidir.
Ən nəhənq zavod

Təyyarə zavodları dünyanın ən böyük zavodları arasında xüsusi yer tutur. Məsələn, Everettdəki zavod «Boeing» şirkətinin yığım bölməsi yerləşir. Təkcə “Boeing” 747, 767, 777 və 787 modellərinin yığıldığı sexin həcmi rekod ölçülərdədir - 13,3 milyon kubmetr.
Ümumiyyətlə, “Boeing” zavodunun ölçüləri heyrətamizdir: müəssisənin hündürlüyü 40 metr, ümumi sahəsi 50 hektar, həcmi isə 15 milyon kubmetrdir.
Zavodda yığım sexi və anqarlarla yanaşı, təkcə yanğınsöndürmə və mühafizə xidməti deyil, dəmiryol stansiyası, avtostrada, su təmizləmə stansiyası, tibbi mərkəz, uşaq bağçası, ban bölməsi və 20-dən artıq kafe yerləşir. Burada bir neçə növbədə fasiləsiz çalışan 70 min nəfər işçi üçün maksimum komfortlu iş şəraiti yaradılıb.
Bu zavodda köhnə «Boeing 737» modelinin yığımı 11 günə başa çatır. Yeni «Boeing 787 Dreamliner»in yığılması isə cəmi 3 günə tamamlanır. Çünki həmin təyyarənin detallarının böyük hissəsi buraya yük avtomobilləri və qatarlarla hazır gətirilir.
Ən böyük heykəl

Hindistanın müstəqillik mübarizəsinin simvollarından biri olan Sardar Vallabhbhai Patelin heykəli Gujarat əyalətində qurulub. Məhz o, 1947-ci ildə ingilislər ölkəni tərk etdikdən sonra qalan 600 knyazlığı birləşdirdi. 31 oktyabr 2013-cü ildə hindistanlı heykəltəraş Ram Sutar 9 metrlik maket hazırlayaraq, sonradan mühəndis hesablamaları apardıqdan sonra onu 182 metrə qədər ucaldıb . 2018-ci ildə keçirilən açılış mərasimində ölkə rəsmiləri də iştirak ediblər.
Beton və poladdan hazırlanan və "Vahidlik" adlandırılan abidənin hündürlüyü postamenti ilə birlikdə 240 metrdir. Heykəl ABŞ-dakı Azadlıq heykəlindən iki dəfə, Braziliyanın Rio de Janeyro şəhərindəki məşhur Həzrəti İsanın heykəlindən 4 dəfə daha böyükdür. Kənardan baxanda sanki fiqur su üzərində addımlayır.
Beş il ərzində qurulan abidənin içərisində iki lift də quraşdırılıb. 150 metr hündürlükdə müşahidə meydançası qurulub.
Heykəl saatda 180 km sürətlə əsən küləyə, eləcə də 7 bala yaxın zəlzələyə davamlıdır. Deyilənlərə görə, heykəlin üzərində 250 mühəndis, 3 mindən çox işçi çalışıb. Ən böyük heykəlin dəyərinin isə 460 milyon dollar olduğu ehtimal edilir.
Dünyanın ən böyük dondurması
2019-ci ildə "Kemps Diary" şirkəti ABŞ-ın Viskonsin əyalətinin Sedarberg şəhərində keçirilən illik Çiyələk Festivalında dünyanın ən böyük dondurması hazırlandı. Nəhəng dondurmanın tutduğu ümumi sahə bir futbol meydançasına bərabərdi. 1365 kq çəkisi olan dondurma şirkət tərəfindən bölünərək, 733 konteynerə qoyuldu."Kemps Diary" tərəfindən hazırlanan dondurma "Ginnesin Rekordlar Kitabı"na daxil olmuşdu.
Qeyd edək ki, 2011-ci ildə Kanadada dünyanın ən böyük kremli dondurma tortu hazırlanmışdı.Onun hazırlanmasında fasiləsiz işləyən onlarla insan 9 min kiloqramadək dondurma, 91 kiloqram biskvit və 136 kiloqram buzdan istifadə etmişdilər.
Bu dondurma tortu" Ginnesin Rekordlar Kitabı"na düşüb.
Ən nəhənq meteorit

Hoba dünyada tapılmış ən ağır meteoritdir. Onun çəkisi təxminən 60 tondan çoxdu. O, hal-hazırda Afrikanın cənub-qərbində Namibiyada yerləşən "Hoba West" fermasında saxlanılır. Qeyd edək ki, meteorit məhz elə bu əraziyə düşmüşdü. Bu meteorit Yer üzündə ən böyük təbii mənşəli dəmir parçasıdır.
66 tonn ağırlığında və 9 m³ həcmində olan bu dəmir meteoriti 1920-ci ildə Namibiyanın Qrotfonteyn şəhərində tapmışdılar. Onu tapan fermerin sözlərinə görə, o, sahəni şümlayanda bu meteoriti aşkar etmişdi.
Meteoritin çəkisi heç vaxt çəkilməmişdi. Alimlər hesab edirlər ki, onun Yerə düşən zaman ilkin kütləsi təxminən 90 ton təşkil edirdi. Lakin eroziyalara və müxtəlif elmi tədqiqatlar nəticəsində Hobanın çəkisi 60 tona düşdü.
Dünyanın ən böyük qızıl pulu
Avstraliyada istehsal edilmiş dünyanın ən böyük qızıl pulu Honq-Konqda nümayiş etdirilir.
2012-ci ildə hazırlanmış pul, Çinin Hang Seng Bankının baş ofisinin binasında ziyarətçilərə təqdim olunur. İlk dəfə Avstraliya xaricində nümayiş etdirilən dünyanın ən böyük qızıl pulu 1021 kiloqram ağırlığındadır. 99.99% əyar qızıldan istehsal edilmiş pulun qalınlığı 11.9, diametri isə 78.7 sm-dir. Pulun bir üzündə Kraliça II Elizabetin portreti, digərində isə tullanan kenquru fiquru var. Qeyd edək ki,həmin qızıl pulun dəyəri təxminən 39 milyon dollardır.
Dünyanın ən yüksək dağı

Son illərə qədər dünyanın ən hündür dağı Çin-Nepal sərhədində yerləşən və 8848 metr hündürlüyə malik Everest hesab olunub. Lakin bu, heç də belə deyil. Aparılan son araşdırmalara görə, Havay adalarında yerləşən "Mauna Kea" dünyanın ən yüksək dağı hesab olunur. Sakit okeanın dibindən yüksələn və vulkanik dağ olan "Mauna Kea"nın okeanın üstündə qalan hissəsinin hündürlüyü 4207 metrdir. Okeanın dibindən etibarən hündürlüyü isə 10100 metrə bərabərdir. Bir milyon yaşındakı Mauna Kea son olaraq 4600 il əvvəl aktiv olub.
Dünyanın ən böyük pizzası
2012-ci ildə italyanlar tərəfindən hazırlanan və “Ginnesin Rekordlar Kitabı”na düşən bu pizzanın hazırlanması üçün 4 ton pomidor, 680 kiloqram duz, 22 kilo sirkə, 25 kilo pendir və 9 ton undan istifadə edilib. "Margarita" pizzasını hazırlamaq üçün 5 aşpaz 48 saat dayanmadan çalışıb. Pizza hazır olduğu zaman ağırlığı 16 tona çatıb. Qeyd edək ki, həmin pizzanın ümumi çəkisi 23 250 kq idi. Hazır olduqdan sonra nəhəng pizzanı hissələrə bölərək, Romadakı sığınacaqlara payladılar.
Xatırladaq ki, birinci dəfə ən böyük 1990-cı ildə Afrikada hazırlanmışdı və onun ümumi sahəsi 38 kvadrat metr idi.
Ən nəhəng göydələn
2004-cü ilin 21 sentyabrında tikilməyə başlayan "Bürc Xəlifə"nin (digər adı "Bürc Dubay") layihəsi memar Adrian Smit tərəfindən verilib. Smeta dəyəri 4.1 milyard dollar olan binanın tikintisində 330 min kubmetr betondan, 39 min ton armaturdan istifadə olunub. Binanın ərsəyə gəlməsi üçün isə 22 milyon saat iş gedib.
Binanın dəqiq hündürlüyünün nə qədər olması məxfidir, amma onun Taybey 101 binasından daha hündür olması dəqiqdir.
Binanın tikintisi 1.5 milyard dollara başa gəlib. Bina, həmçinin ən hündür mərtəbədə yaşayış, ən hündür xidmət lifti və 124-cü mərtəbədə ən hündür müşahidə zonasına görə fərqlənir. Dünyanın ən hündür məscidi və üzgüçülük hovuzu 158-ci və 76-cı mərtəbələrdə yerləşir.
“Bürc Xəlifə” şəhərin idarəçisi Şeyx Məhəmməd bin Rəşid Əl Maktum tərəfindən rəsmən açılıb.
Açılış mərasimi qazıntı işlərinin başlamasından 1325 gün sonra olub və mərasimdə 60 min qonaq iştirak edib.
Ən nəhənq ağac

Dünyanın ən böyük ağacı - "General Şerman"ın hündürlüyü 83 metrə çatıb. ABŞ-ın Sekvoyya Milli Parkında yerləşən bu ağacın gövdəsi hər il 1,5 sm böyüyür.-00:12
2 min ildən çox yaşı olmağına baxmayaraq, ağac hələ də inkişaf edir. Hazırda onun gövdəsi 24 metrdən çoxdur. Ümumi diametri isə 33 metrdir.
Ağac vətəndaş müharibəsinin qəhrəmanı olan general Şermanın adını daşıyır və Syerra Nevada dağlarının ətəyində yerləşir.
Ən nəhənq körpü
Çinin Şandon əyalətində inşa edilən dünyanın ən böyük körpüsü 2011-ci il iyunun 30-da rəsmi olaraq açılıb. “Çindao Boğaz Körpüsü” adlanan dünyanın su üzərinə qurulmuş ən böyük körpüsü Huandao, Jiaocou və Çindao şəhərlərini birləşdirir. İnşasına 2006-cı ildə başlanan 43 kilometr uzunluğundakı nəhəng körpü 4 ilə tikilib və 8.5 milyard dollara başa gəlib. On minlərlə işçinin çalışdığı inşaatda 450 min ton polad istifadə edilib.
Eni 35 metr olan körpünün 100 illik istifadə müddəti var, 8 bal gücündə zəlzələyə, tayfuna və 300 min tonluq ağırlığa qarşı dayanıqlıdır.
Samirə Tağıyeva, “İki sahil”