Şərəfli peşədən şərəfsizcəsinə istifadə edənlər qanun qarşısında cavab verməlidirlər
"Mətbuatdan sui-istifadə halları, "reket" jurnalistlərin fəaliyyəti son dövrlərdə daha da aktuallaşıb. Azərbaycanda "reket" jurnalistika 90-cı illərin əvvəlindən başlayıb. Həmin vaxt hələ internet resurslarından istifadə məhdud idi. O vaxtlar Azərbaycanda "reket ordusu" formalaşdı. Ölkədə xaos, anarxiyanın tüğyan etdiyi bir dövrdə Azərbaycan mətbuatında da belə bir problem ortaya çıxdı və "reket" jurnalistlər cəmiyyətdə özünə yer elədi. Sonrakı dövrlərdə bunun acı nəticəsini çəkməyə başladıq. Bu gün də ənənəvi jurnalistika da "reket" jurnalistikadan əziyyət çəkir. Ənənəvi mətbuat öz işi ilə məşğuldur, peşə fəaliyyətini diqqətlə yerinə yetirir, Azərbaycan qanunvericiliyinə uyğun fəaliyyət göstərir. "Reket" şəbəkə isə bunun tam əksinə hərəkət edir, yaranmış vəziyyətdən sui-istifadə edir, Azərbaycanda azad söz, azad fikir, azad mətbuatdan öz mənafeləri üçün yararlanmağa çalışır. Bu gün "reket" jurnalistlər sosial şəbəkələrdən modern formada istifadə edirlər".
Bu fikirləri «İki sahil»ə açıqlamasında "SƏS" Media Qrupunun rəhbəri Bəhruz Quliyev bildirib.
Bəhruz Quliyev qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyasında, Prokurorluq və yeni qəbul olunmuş «Media haqqında» qanunda hərbi və dövlət sirri olan informasiyanın yayılması yasaqlanmışdır. Bu məsələ həm qanunla, həm də jurnalistlərin peşə davranış qaydaları ilə tənzimlənir. Hər bir jurnalist həm vətəndaş, həm dövlət, həm də xalq qarşısında məsuliyyət daşıyır. Bu səbəbdən istinad olunmayan, mənbəsi düzgün göstərilməyən, tam araşdırılmayan və yayılması qadağan olan informasiyanın ictimailəşdirilməsi yolverilməzdir. "Reket mətbuatı”na qarşı təkcə media strukturları, jurnalist təşkilatları deyil, bütövlükdə cəmiyyətin özü mübarizə aparmalıdır. Hüquq-mühafizə orqanları ciddi tədbirlər görməli, bu şərəfli peşədən şərəfsizcəsinə istifadə edənlər qanun qarşısında cavab verməlidirlər.
B.Quliyev mediada və sosial şəbəkələrdə Milli Orduya dair bilgilərin yayılması və ictimai rəyin yanlış yönləndirilməsi təmayülləri ilə bağlı da məsələyə münasibət bildirərək deyib ki, kiminsə subyektiv fikrinə, baxışlarına əsaslanan formada ordu haqqında informasiyaların yayılmasının əleyhinəyəm. Rəsmi məlumatların mətbuatda səsləndirilməsi daha məqsədəuyğundur. İstər sosial şəbəkələrdə, istərsə də elektron mediada dövlətin, ordunun mənafeyinə zidd informasiyaların yer alması yolverilməzdir. Əgər kimsə bilərəkdən bunu edirsə, birmənalı şəkildə hüquqi çərçivədə qiymətləndirilməlidir. Bəzən sosial media istifadəçiləri və yaxud mətbu orqanların əməkdaşları özlərini tam hazırlıqlı hüquqşünas hesab edərək hüquqi məsələlərlə bağlı asanlıqla rəy verirlər və qəti fikirlər yürüdürlər. Bu, yolverilməzdir. Məsələnin mahiyyətini, incəliklərini bilmədən, faktlara əsaslanmadan fikir yürütmək yanlışdır. Bu yanlışlar hüquqi müstəvidə öz həllini taparsa problemin həllinə müəyyən qədər nail olmaq olar.
Şəmsiyyə Əliqızı, "İki sahil"
“Sülh Körpüsü” təşəbbüsünün iştirakçıları Qəbələdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə görüşüblər
Azərbaycan və Almaniya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
Bakıda İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin anım mərasimi keçirilib