Türk dünyası ayrılmaz bir bütöv olmalıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin ortaya qoyduğu baxış artıq öz bəhrəsini verir. Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) məsələsi türk dövlətlərinin paytaxtlarında getdikcə daha fəal şəkildə müzakirə olunur.
“İki sahil” xəbər verir ki, bu fikirləri ŞKTC Məclisinin sədri Ziya Öztürkler Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə səsləndirib.
Ziya Öztürkler bildirib ki, Lefkoşanın növbəti xarici siyasət hədəfi TDT-yə tamhüquqlu üzvlükdür. “Ölkəmiz bu istiqamətdə bütün öhdəliklərini yerinə yetirməyə hazırdır. Türk dünyasının gücü Şimali Kipr Türk Cümhuriyyətinin gücüdür”, – deyə o vurğulayıb.
ŞKTC parlamentinin sədri, həmçinin Şimali Kiprin TDT Ağsaqqallar Şurasında (Oktay Öksüzoğlu – red.) nümayəndəsinin təmsil olunmasının vacibliyini qeyd edərək, Lefkoşanın türk dünyası ölkələri ilə hərtərəfli dialoqa açıq olduğunu bildirib.
Kiprdəki vəziyyətə toxunan Ziya Öztürkler xatırladıb ki, Kipr türkləri hər zaman konstruktiv mövqe nümayiş etdirib və adanın yunan icması ilə dialoqu dəstəkləyiblər.
“Nikosiya danışıqlar prosesində çıxılmaz vəziyyət yaradan köhnəlmiş yanaşmalardan imtina etməlidir”, – deyə o bildirib.
Parlament sədri əlavə edib ki, adada sabitlik və mehriban qonşuluq münasibətləri yalnız qarşılıqlı anlaşma, hörmət və hər iki tərəfin hüquqlarının nəzərə alındığı şəraitdə mümkündür.
Binəli Yıldırım isə çıxışında Türkiyə ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında mövcud olan möhkəm əlaqələri vurğulayıb.
“Ankara ilə Lefkoşa arasındakı əməkdaşlıq yalnız ikitərəfli platformalarla məhdudlaşmır. ŞKTC-nin TDT-də müşahidəçi statusu əldə etməsindən sonra müxtəlif səviyyələrdə, o cümlədən biznes dairələri, universitetlər və vətəndaş cəmiyyəti təşkilatları arasında, xüsusilə Azərbaycan, eləcə də Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanla əlaqələr əhəmiyyətli dərəcədə genişlənib”, – deyə Ağsaqqallar Şurasının sədri bildirib.
O, həmçinin qeyd edib ki, Türk Kipri xalqına uzun illər tətbiq olunan təcrid və embarqo siyasəti tədricən öz təsirini itirir. Onun sözlərinə görə, türk dünyası Şimali Kipr Türk Cümhuriyyətini vahid türk məkanının ayrılmaz hissəsi kimi qəbul edir.
ABŞ-da 907-ci düzəlişin ləğvi və Azərbaycana qırıcı təyyarələrin satışı çağırışı edilib
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir
Prezident gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısının genişləndirilməsini təsdiq edib