21 iyul 2022 02:28
902

İsti havalarda nələrə diqqət yetirməli?

İsti havada bakteriyalar daha tez çoxalır. Buna görə də yay əyləncələrində, xüsusən də çimərlikdə olarkən qida mənşəli problemlərdən qorunmaq üçün bəzi tövsiyələri daim diqqətdə saxlamaq lazımdır. İlk növbədə, gigiyena qaydalarına ciddi əməl olunmalıdır.

Mütəxəssislər bildirirlər ki, əllərin təmizliyi qida yolu ilə yoluxan xəstəlik və digər infeksiya riskini azaldır. Bundan başqa yalnız istehlak üçün yararlı olan sudan istifadə tövsiyə olunur. Göl və ya çaykənarı yerdə dincəlirsinizsə, ilk baxışda oradakı su təhlükəsiz təsir bağışlaya bilər. Lakin unutmaq olmaz ki, bakteriya və viruslar gözlə görülməyəcək qədər kiçikdir. Yaxşı olar ki, yemək hazırlamaq, içmək və ya əl yumaq üçün təmiz su götürülsün. İşlədilən qabların təmizliyi də vacib şərtdir.

Havaların isti olması bir çox insanlarda iştahasızlıq yaradır və mütəxəssislər bunun əsl səbəbini də düzgün qidalanmamaqda görürlər. Onlar qeyd edirlər ki, düzgün qidalanmanın 5 qızıl qaydası var, daha çox maye qəbul etmək, kalori miqdarını azaltmaq, qidalanma saatını qabağa çəkmək, səhər və axşam yeməyini mütləq yemək və daha çox meyvə-tərəvəz qəbul etmək.

İsti havalarda bədənimizin nəm tarazlığı dəyişir və daha çox su itiririk. Həddindən artıq istilərdə qan qatılaşır. Buna görə də isti havalarda qidalanmaya diqqət etmək lazımdır. Bu cür havalarda maye qəbulunu artırmaq, maye tərkibli qidalara üstünlük vermək lazımdır. Maye itkisinin qarşısını almaq üçün hər saatda bir stəkan su içilməlidir. Susuzluğumuzu yatırtmaq üçün adi su və ya şəkərsiz yaşıl çay içmək məsləhət görülür. Yalnız ürək-damar xəstəlikləri, hipertoniya, piylənmədən əziyyət çəkən və böyrəklərində problemi olan insanlara çox maye qəbul etmək məsləhət deyil.

Dietoloqlar qeyd edirlər ki, yemək saatları səhər tezdən 6:00-7:00-da, nahar gün qızmadan öncə 11:00-11:30-da, şam yeməyi isə 18:00-da qəbul edilməlidir. Ac qarnına yata bilməyənlər isə 21:00-da yüngül qəlyənaltı edə bilərlər. Səhər və şam yeməyini yemək çox vacibdir. Həzmin nizamlı olması və çəkinin normada qalması baxımından vaxtında və rejimli qidalanmanın əhəmiyyəti yüksəkdir. Hədsiz isti havalarda qızartma yeməklərindən uzaq durmaq tövsiyə edilir.

Bu cür havalarda qızartma yerinə qaynatma, öz suyunda və ya az suda bişirmə kimi sağlam üsullar seçilməlidir. Çünki yağlı qızartmalar və xəmir yeməkləri bədəndə yorğunluğa, baş ağrısı və yüksək təzyiqə səbəb olur. Ancaq tərəvəz və meyvə salatları, qarabaşaq və düyü, kartof və pəhriz şorbaları mədədə ağırlıq hissi yaratmır, bu səbəbdən onları günorta qəbul etmək məsləhətdir. Belə karbohidratlar orqanizm tərəfindən asan mənimsənilir. Ət yeməklərini şam yeməyinə saxlamaq tövsiyə edilir, çünki sərin havada onlar daha asan həzm olunacaq.

Həkimlər yayda balıq yeməklərindən uzaq durmağı məsləhət görürlər. Belə ki, tərkibi sink, zülalla zəngin bu qida yayda qəbul edildikdə gec həzm olunur və bu maddələr mədədə çox qaldıqda zəhərlənmə ilə nəticələnir.

Mütəxəssislər yayda həddindən artıq, xüsusən də saat 12-dən 4-5-ə qədər günəş şüası altında dayanmağı məsləhət görmürlər. Onlar qeyd edirlər ki, ultra bənövşəyi şüaların neqativ təsirindən bu dövrdə qorunmaq lazımdır. Ümumiyyətlə, xəstə, yaşlı adamlar, qanının qatlaşmasında problemləri olan şəxslər, xüsusən də uşaqlar su içməyə daha çox önəm verməli və günü sərin yerdə keçirməlidirlər. Uşaqların bədən tutumu, çəkisi az olduğuna görə su tutumu da azdır. Su buxarlanması uşaqları pis vəziyyətə sala bilər. Ona görə də bu məsələlərdə diqqətli olmaq lazımdır. Kondisionerə də aludə olmaq lazım deyil. Bayırda çox yüksək temperatur olanda evdə kondisioneri ona uyğun temperatura qoymaq lazımdır ki, nəmişliyi götürsün, nəfəs almanı normallaşdırsın. Kondisioner 23-25 dərəcədə olmalıdır ki, həmin aktiv temperaturu saxlasın və bədənin həddən artıq soyuqlamasına gətirib çıxarmasın.

Röya Rasimqızı, “İki sahil”