Yaponiyada xüsusi olaraq yetişdirilən yüksək keyfiyyətli üzüm salxımı ilin ilk hərracında rekord qiymətə - 1,5 milyon yenə (təxminən 10 800 dollar) satılıb.
Qırmızı üzüm növü olan Ruby Roman üçün mövsümün ilk auksionu üzümün yetişdirildiyi İşikava əyalətində keçirilib. Hər biri stolüstü tennis topu ölçüsündə və öz ləzzəti ilə məşhur olan üzümlərə Spa otellərini idarə edən bir şirkət sahib olub.
800 qram ağırlığında 27 üzüm salxımı üçün bu məbləği ödəyən şirkət rəsmiləri üzümləri otellərin qonaqlarına təqdim edəcəklərini açıqlayıblar.
İlk dəfə 2008-ci ildə İşikava əyalətinin rəhbərliyi tərəfindən təqdim edilən Ruby Roman üzümləri yüksək şəkər tərkibinə və həddindən artıq şirəliliyinə görə ən yüksək keyfiyyət kateqoriyasına aid edilir.
Qeyd edək ki, Yaponiyada yalnız yüksək kriteriyalara cavab verdiyi halda satışa çıxarıla bilən üzümlərin hər birinin diametri ən azı 3,1 santimetr, şəkərin miqdarı isə 18 faiz və daha çox olmalıdır.
Vüsal Cahanov, “İki sahil”