27 iyun 2022 00:29
1022

Zakir Həsənov: Azərbaycan Ordusunun tədris müəssisələrində yeni fənn tədris proqramına əlavə edilib

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq yüksələn xətlə inkişaf edir.

“İki sahil” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Jurnalistlər Birliyinin üzvü İsa İsmayılov və Azərbaycan Yazıçılar Birliyinin üzvü Nadiyə Qafarovaya müsahibəsində deyib.

Nazir qeyd edib ki, Türkiyə Silahlı Qüvvələrinin mühəndis-istehkam ixtisaslı mütəxəssisləri azad olunmuş ərazilərimizin mina və partlamamış döyüş sursatlardan təmizlənməsi prosesində bizə bilavasitə kömək edirlər: “Türkiyəli təlimatçılar tərəfindən mühəndis bölmələrinin şəxsi heyəti ilə beynəlxalq standartlara cavab verən xüsusi minatəmizləmə və digər kurslar keçirilir. Yeri gəlmişkən, qeyd etməliyəm ki, mühəndis bölmələrinin şəxsi heyəti işğaldan azad olunmuş rayonlarımızda bu günədək ümumilikdə 21 min hektara yaxın ərazini minalardan və partlamamış hərbi sursatlardan təmizləyib. Ərazilərin təmizlənməsi zamanı 9464 ədəd partlamamış hərbi sursat, piyada əleyhinə 6126, tank əleyhinə 2172 mina, ümumilikdə 18 min ədədə yaxın hərbi sursat aşkarlanaraq məhv edilib”.

General-polkovnik vurğulayıb ki, Vətən müharibəsində əldə edilən təcrübələrin təhlili əsasında Türkiyə Silahlı Qüvvələrinin də modeli nəzərə alınaraq yeni döyüş təlimatları hazırlanır: “Türkiyə Silahlı Qüvvələri zabitlərinin iştirakı ilə təşkil edilən bir çox kurslara xeyli sayda hərbi qulluqçunun cəlb olunması mütəxəssis hazırlığını yeni səviyyəyə yüksəldib.

Bilirsiniz, peşəkar ordunun formalaşdırılması çoxşaxəli prosesdir. Bunun üçün uzun illər, bəzən onilliklər tələb olunur. Bizim işimizi yüngülləşdirən və əvvəlcədən də nəticənin uğurlu olacağına təminat verən amil Ali Baş Komandanın ordu quruculuğunu prioritet məsələ elan etməsi, bu proseslə bağlı səmərəli ideyaların, aydın təsəvvürlərin və onun rəhbərliyi altında aparılan hərbi islahatların, atılan addımların konkret istiqamətləri üzrə dəqiq proqramın olmasıdır”.

Zakir Həsənovun sözlərinə görə, Azərbaycan-NATO Birgə Təlim və Tədris Fəaliyyət Planına müvafiq olaraq, Azərbaycan Ordusunun tədris müəssisələrində “Müdafiə strategiyası və planlaşdırılması” adlı yeni fənn tədris proqramına əlavə edilib: “Tərəfdaşlığın Qərargah Vəzifəsi Konsepsiyası” çərçivəsində NATO qərargahlarında Azərbaycan Ordusunun təmsil olunmasını təmin etmək məqsədilə NATO-nun yuxarı səviyyəli qərargahlarında Azərbaycan Ordusu zabitlərinin xidmət keçməsinin hərbi sahədə qabaqcıl və beynəlxalq təcrübənin, eləcə də NATO və tərəfdaş dövlətlərin silahlı qüvvələri ilə qarşılıqlı əməliyyat uyarlılığının əldə olunmasında müstəsna rol oynadığı nəzərə alaraq, Ordumuz üçün daha çox fayda verə biləcək vəzifələr müəyyən edilib və Tərəfdaşlıq Qərargah Vəzifələrinin sayının yaxın vaxtlarda bir qədər də artırılması planlaşdırılır. Bu artım nəticəsində NATO-nun Niderland Krallığının Brunsum şəhərindəki Birləşmiş Qüvvələr Komandanlığının Hərbi-mülki əlaqələr və hərbi tərəfdaşlıq idarəsinin Hərbi tərəfdaşlıq şöbəsində Regional əlaqələndirmə üzrə qərargah zabiti və Türkiyənin İzmir şəhərində Quru Qoşunları Komandanlığında Əməliyyat İmkanları Konsepsiyası üzrə qərargah zabiti vəzifələrinə Azərbaycan Ordusunun nümayəndələri təyin olunacaqlar.

İkitərəfli əməkdaşlıq proqramları və NATO “SNT” proqramı çərçivəsində minaların zərərsizləşdirilməsi, idarəetmə, hərbi tibb və s. sahələrdə təcrübələrinin öyrənilməsi məqsədilə xarici dövlətlərin müdafiə təsisatları ilə əlaqələr genişləndirilib və ekspert görüşlərinin sayı artırılıb. Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi məqsədilə NATO-nun Fərdi Tərəfdaşlığın Əməliyyat Planı çərçivəsində yeni Tərəfdaşlıq məqsədi - “Strateji kommunikasiya” qəbul edilib. Şübhəsiz ki, bu, Azərbaycan Ordusunun strateji kommunikasiya sahəsində imkan və qabiliyyətlərinin artırılmasına töhfə verəcək”.