26 iyun 2022 23:34
1148

General-polkovnik: Komando Təlim Mərkəzinin nəzdində “Snayper hazırlığı kursu” fəaliyyətə başlayıb

Türkiyə Silahlı Qüvvələrinin bazasında hazırlanmış təlimatçıların cəlb olunması ilə Komando Təlim Mərkəzinin nəzdində “Snayper hazırlığı kursu” fəaliyyətə başlayıb və bir neçə hazırlıq mərhələsi üzrə peşəkar snayperlərin hazırlanmasına nail olunub.

“İki sahil” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Jurnalistlər Birliyinin üzvü İsa İsmayılov və Azərbaycan Yazıçılar Birliyinin üzvü Nadiyə Qafarovaya müsahibəsində deyib.

Nazirin vurğulayıb ki, Vətən müharibəsində əldə edilmiş təcrübələrə əsasən qoşunların idarəedilməsi ilə bağlı Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri komandanlıqlarında Döyüşü İdarəetmə mərkəzləri və onların tabeliyində olan bölmələrdə döyüşü idarəetmə qrupları yaradılıb, heyətlərin hazırlığı və onların komplektləşdirilməsi işləri təşkil edilib: “Müdafiə Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı təhsil müəssisələrində Vətən müharibəsinin təhlili aparılmış, nəticələrinin tətbiqi məqsədilə tədris proqramlarında yeniliklər edilib. Bundan əlavə, müharibənin təhlilinə həsr olunmuş çoxsaylı tədqiqat işlərinin nəticələri xarici və yerli mətbu orqanlarda nəşr olunub, xüsusi təyinatlı təhsil müəssisələrinin professor–müəllim heyəti tərəfindən bir çox ölkədə keçirilən konfrans və simpoziumlarda İkinci Qarabağ müharibəsinin unikallığının tutarlı faktlarla təsbit olunduğu məruzələr edilib. Eyni zamanda, müharibənin fərqli aspektləri üzrə tədqiqat işlərinin aparılması davam etdirilir və yaxın gələcəkdə konkret məsələlər üzrə dissertasiya işlərinin müdafiəsi planlaşdırılır ki, bu da Azərbaycanda hərb elminin inkişafına öz töhfəsini verəcək”.