26 iyun 2022 23:20
922

Nazir: Azərbaycan Ordusunun şəxsi heyəti Ali Baş Komandanının hər bir əmrinə daim hazırdır

Vətənin keşiyində yüksək əhval-ruhiyyədə dayanan Azərbaycan Ordusunun şəxsi heyəti torpaqlarımızın müdafiəsi naminə Ali Baş Komandanının hər bir əmrinə daim hazırdır.

“İki sahil” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Jurnalistlər Birliyinin üzvü İsa İsmayılov və Azərbaycan Yazıçılar Birliyinin üzvü Nadiyə Qafarovaya müsahibəsində deyib.

Nazir bildirib ki, uğurlu “Dəmir yumruq” əməliyyatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin kiçik modeli kimi yeni keyfiyyət mərhələsinə yüksəlməsi, habelə qoşunların ən müasir silah və hərbi texnika, bütün təminat növləri ilə təmin edilməsi barədə müvafiq göstərişlər verdi: “Eyni zamanda, dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Ordusunun təşkilati-ştat quruluşunda əsaslı dəyişikliklər aparıldı və Azərbaycan Ordusunun tərkibində Quru Qoşunları, əməliyyat (komando) birləşmələri və Milli Müdafiə Universiteti yaradıldı. O cümlədən Xüsusi Təyinatlı Qüvvələr və Hərbi Dəniz Qüvvələrinin ştatlarının optimallaşdırılması həyata keçirilərək qüvvə və vasitələrinin sayı artırıldı”.

Zakir Həsənov qeyd edib ki, Azərbaycan Ordusunda həyata keçirilən islahatlar çərçivəsində yaradılan əməliyyat (komando) birləşmələrinin şəxsi heyəti peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Türkiyə Silahlı Qüvvələrinin bazasında hazırlıq kurslarına cəlb edilib: Hazırlıq kurslarında fərqlənən və yüksək nailiyyətlər əldə edən hərbi qulluqçular əlavə olaraq təlimatçı kurslarına cəlb ediliblər. Nəticə olaraq Azərbaycan Ordusunda Komando Təlim Mərkəzi yaradılıb. Hazırda sözügedən təlim mərkəzində bu birləşmələr üçün şəxsi heyətin hazırlanması davam etdirilir”.