Aparılan struktur islahatları çərçivəsində ordumuzda elmin və hərbi təhsilin inteqrasiyası daha böyük uğurlara yol açacaq
Xəbər verildiyi kimi, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universiteti yaradılıb. Aparılan struktur islahatları çərçivəsində ordumuzda elm və hərbi təhsil sahəsinin daha da uğurla inkişaf edəcəyi önə çəkilib.
Milli Müdafiə Universiteti Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan ali hərbi təhsil müəssisəsidir. Qərara əsasən, əvvəllər mövcud olan Silahlı Qüvvələrin Hərbi Akademiyası, Hərbi Elmi-Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitutu, Azərbaycan Daxili Qoşunlarının Ali Hərbi Məktəbi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası, Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzi, Heydər Əliyev adına Hərbi Lisey, Cəmşid Naxçıvanski adına hərbi lisey və Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi Milli Müdafiə Universitetinin adı altında fəaliyyət göstərəcəklər.
Türkiyə Silahlı Qüvvələrinin təhsil sisteminin bənzəri olaraq Azərbaycan Ordusunda da Milli Müdafiə Universitetinin yaradılması mövcud olan bütün xüsusi təyinatlı ali təhsil müəssisələrinin ən müasir standartlara uyğunlaşdırılmasını təmin edəcəkdir. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində xüsusi təyinatlı ali təhsil sahəsində yeniliklərin tətbiq olunması Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların müvafiq elmi dərəcələr əldə etməsini və eyni şəkildə hərbi qulluqçu olmaq istəyən müdavim namizədlərin ordu sıralarında xidmət etməyə maraqlarını daha da stimullaşdıracaqdır.
Bu mənada uzun illər hərbi təhsil sahəsində əhəmiyyətli təcrübəsi olan professor, general-leytenant Heydər Piriyevin Milli Müdafiə Universitetinin rektoru təyin olunması da təqdirəlayiq hesab edilməlidir. Uzun illər Heydər Əliyev adına Ali Hərbi Məktəbə və daha sonralar Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasına rəhbərlik etmiş general-leytenant Heydər Piriyev müxtəlif dövrlərdə ordunun bünövrəsi sayılan təhsil ocaqlarının qorunmasında ciddi fədakarlıqlar etmiş şəxslərdən biridir. Ən çətin dövrlərdə belə milli təfəkkürlü gənc kadrların yetişməsində müstəsna rolu olan generalımızın xüsusi təyinatlı ali təhsil müəssisələrinə rəhbər təyin olunması heç şübhəsiz ki, bu sahənin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcək.
Cavid Əkbərov, “İki sahil”