16 iyun 2022 14:25
1321

Biləcəri qəsəbəsi Xudat bəy Məlikaslanov küçəsi təmir olunur - FOTO/VİDEO

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi üzrə 4.40 km  küçə və yolun təmiri nəzərdə tutulurdu ki, bu istiqamətdə qəsəbənin Xudat bəy Məlikaslanov küçəsinin 5 və 7-ci döngələri əsaslı şəkildə təmir olunur. Hazırda işlər küçənin 5-ci döngəsi üzrə aparılır. 

“İki sahil” xəbər verir ki, uzunluğu 700, eni ortalama 7.5 metr təşkil edən sözügedən yol torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Aparılan yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının və küçənin profilə salınması işləri görülüb. 
Artıq küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi aparılır. 
Tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla aparılan  yenidənqurma və bərpa işləri  daha sonra Xudat bəy Məlikaslanov küçəsinin  uzunluğu 500 metr  olan 7-ci döngəsində icra olunacaq.

Qeyd edək ki, cari ildə Binəqədi rayonu üzrə ümumi uzunluğu 13.6 km təşkil edən küçə və yolun təmiri nəzərdə tutulur.

Agentlik tərəfindən 2021-ci ildə adıçəkilən rayonda 15.4 km uzunluğa malik küçə təmir edilib.