13 iyun 2022 20:46
1192

DSX-nin Xüsusi Məktəbində məzunların buraxılışına həsr edilmiş təntənəli tədbir keçirilib

Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbində 2021-2022-ci tədris ilinin başa çatması ilə əlaqədar məzunların buraxılışına həsr edilmiş təntənəli tədbir keçirilib.

“İki sahil” xəbər verir ki,  DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlanan tədbirdə çıxış edənlər məktəbin müəllim və kursant kollektivini, onların valideynlərini təbrik edərək Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərindən, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasını qeyd ediblər.

DSX-nin Xüsusi Məktəbinin yaradılmasında, formalaşdırılmasında və onun zəruri tədris bazası ilə təchiz olunmasında Birinci vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun xidmətləri xüsusi olaraq vurğulanıb.

Fəaliyyət göstərdiyi qısa müddətdə DSX-nin Xüsusi Məktəbi ölkəmizdə çox böyük nüfuz qazanıb. Məktəbdə təhsil almaq arzusunda olanların sayının qəbul planından dəfələrlə çox olmasını, məktəbə olan xüsusi marağı nəzərə alaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məktəbin yeni inşa edilmiş və ən yüksək standartlara cavab verən tədris korpusunun 2018-ci il martın 5-də Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilməsi kursantların sayının üç dəfəyədək artırılması imkanını yaradıb.

Məktəbdə yüksək ixtisaslı pedaqoji kollektivin yaradıldığı, təlim və tədrisin müasir tələblər səviyyəsində qurulması üçün qabaqcıl metodların bacarıqla tətbiq edildiyi, hər il məktəbi bitirən kursantların əksəriyyətinin uğurla imtahan verərək DSX-nin Akademiyasına qəbul olunduğu məmnunluq hissi ilə qeyd olunub.

Mərasimdə 2022-ci ildə DSX-nin Xüsusi Məktəbini bitirən kursantlara döş nişanları təqdim olunduqdan sonra məzunların xatirəsini əks etdirən adlı siyahı Xüsusi Məktəbinin “məzun simvolu” olan rəmzi nar ağacına sancılıb.

Sonda DSX-nin Nümunəvi Hərbi Orkestri maraqlı konsert proqramı ilə çıxış edib.