08 iyun 2022 14:00
1364

RTİ: Bağçada azyaşlıya zorakılıq edən aşpaz barəsində intizam tənbeh tədbiri görülüb -  YENİLƏNİB/VİDEO

Dağlıq Şirvan Regional Təhsil İdarəsi Şamaxıda uşaq bağçasında azyaşlıya zorakılıq göstərilməsi məsələsinə münasibət bildirib.

“İki sahil” xəbər verir ki, İdarənin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Anar Osmanov məsələ ilə bağlı açıqlamasında deyib ki, hadisə iyunun 2-də baş verib:

“Bağça rəhbərliyi məsələ ilə bağlı tədbir görüb. Aşpaz Sevinc Balkiyeva barəsində intizam tənbeh tədbiri görülüb. Hazırda isə Dağlıq Şirvan Regional Təhsil İdarəsi məsələ ilə bağlı araşdırma aparır. Araşdırma başa çatdıqdan sonra ətraflı məlumat veriləcək".

XXX

Şamaxıda uşaq bağçasında azyaşlıya qarşı zorakılıq edilib.

“İki sahil” xəbər verir ki, sosial şəbəkədə Şamaxı şəhər 3 saylı uşaq bağçasının aşpazının ad günü münasibətilə təşkil olunan mərasimdə tort kəsilərkən uşağın saçından dartması barədə video görüntülər yayılıb. Araşdırmalar zamanı məlum ki, bağçanın aşpazı Balkiyeva Sevinc Balağa qızı 2017-ci il təvəllüdlü qızın saçından tutaraq dartıb. Bu isə bağçada azyaşlıya qarşı zorakılıq kimi qiymətləndirilib.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin nümayəndələri bağçaya gəlib, araşdırma aparılır. Araşdırma başa çatdıqdan sonra nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.