03 iyun 2022 16:11
821

Makovski: Kiyevdə min, Bakıda iyirmi üç min maaş alırdım

Bir vaxtlar “İnter”də (hazırda “Şamaxı”) çıxış etmiş Mixail Makovski Azərbaycandakı gəliri haqda açıqlama verib.

“İki sahil” xəbər verir ki, Belarus millisinin sabiq üzvü football.by saytına müsahibəsində Bakı və Kiyevdəki həyatı barədə müqayisə apararkən deyib: “Mənə “Dinamo”da min dollar verirdilər. Bakıda, “İnter”də isə maaşım yüksək idi: 23 min dollar. Mükafata gəlincə, “İnter”də dörd günlük istirahət verəndə Kiyevə ailəmin yanına gedirdim. Klub bizim üçün 8 pulsuz uçuş təşkil edirdi. Qələbə oyunundan sonra Ukraynadan Bakıya qayıdanda bazadakı yatağımın üstünə konvert qoyulurdu. İçində də 500 dollar. Ən maraqlısı isə bu idi ki, orada içmirdik. Bakıda hava o qəsər isti idi ki, içsən “uça” bilərdin. +50 dərəcə. Otaqda kondisionerin olmasa, əziyyət çəkirdin. Bizim birinci məşqimiz səhər saat 6-da, ikinci isə axşam 9-dan sonra olurdu”.

45 yaşlı veteran futbolçu "İnter"dəki maaşının cəmi min dollarını xırda xərcləri üçün özünə saxladığını, qalan 22 min dollarını isə Ukraynadakı həyat yoldaşına göndərdiyini diqqətə çatdırıb. O, ümumilikdə 2 il ərzində yarım milyon dollar qazandığını dilə gətirib. M.Makovski qazancının sonrakı aqibətindən də danışıb: "Həyat yoldaşım biznesə girdi və "yandırdı". İcarəyə vermək üçün iki ekskavator aldı. Amma xeyri olmadı və onlar Ujqorodda qaldı. Bəlkə elə indi də oradadırlar. Üstəlik, xanımımla birlikdə 350 min dollara Kiyevdə hələ tikilməyən mənzil aldıq. Sonradan 450 min dollara satmaq imkanımız var idi. Amma həyat yoldaşım gözləməyimizi istədi. Bu vaxt dolların kursu kəskin dəyişdi, 4 dəfə artdı. Nəticədə evi cəmi 80 min dollara satdıq. Nə qədər itirdiyimizi özünüz hesablayın".

O həmçinin deyib ki, müqaviləmi vaxtından əvvəl pozduğu üçün "İnter"in ona bir milyon dollar borcu olub. O, borcun yalnız 50 minini məhkəmə yolu ilə geri ala bildiyini söyləyib.

Qeyd edək ki, M.Makovski 2004-06-cı illərdə “İnter”də çıxış edib.