08 may 2022 13:25
1302

Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsi anılıb FOTO

Mayın 8-i Milli Qəhrəman, şəhid polkovnik İlqar Mirzəyevin doğum günüdür. Bu münasibətlə Xətai Rayon İcra Hakimiyyətinin və  Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının nümayəndələri, 317 və 98 saylı tam orta məktəblərin kollektivləri İkinci Şəhidlər xiyabanında Milli Qəhrəmanın məzarını ziyarət edib, anım tədbiri keçiriblər.

“İki sahil” xəbər verir ki,  mərasim iştirakçıları öncə  İlqar Mirzəyevin Xətai rayonunda yerləşən evinin qarşısında qoyulmuş xatirə lövhəsinin önünə gül-çiçək dəstələri düzüblər.

İkinci Şəhidlər xiyabanında keçirilən  anım tədbirində əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin,  Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərasimdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, 317 nömrəli tam orta məktəbin direktor müavini Rəmayə Həziyeva, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı və başqaları çıxış edərək  İlqar  Mirzəyevin şərəfli həyat və xidmət yolundan, onun vətənpərvərliyindən, göstərdiyi şücaət və qəhrəmanlıq nümunələrindən danışıblar.  İ.Mirzəyev 2020-ci ilin iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük İkinci Qarabağ müharibəsində qazandığı tarixi Zəfərdən, Vətən, torpaq sevgisinin bu şanlı Qələbədə rolundan geniş bəhs ediblər. Bildiriblər ki, dünyanın ən güclü 50 ordusu  sırasında qərarlaşan Azərbaycan Ordusu Ermənistanı diz şökdürdü, illərdir yaradılan “məğlubedilməz erməni ordusu” mifini dağıtdı, 30 ilin işğalına 44 gündə son qoydu. Şəhidlərimizin qisası döyüş meydanında alındı. Bu gün  İlqar Mirzəyev  kimi vətənpərvər oğullarımızın qəhrəmanlığı sayəsində torpaqlarımız tarixi sahibinə qovuşub, xalqımız yenilməz, məğrur xalq olduğunu bir daha dünyaya bəyan edib.

Çıxışlarda İlqar Mirzəyev kimi Vətən oğullarının həyat yolunun bir məktəb olduğu, onların xatirəsinin  xalqımızın yaddaşında əbədi yaşayacağı bildirilib.

O da qeyd edilib  ki, şəhid  pokovnikin göstərdiyi rəşadət Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib.  Dövlət başçısının  2020-ci il 9 dekabr tarixli  Sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə İlqar Mirzəyevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə  minnətdarlıqlarını bildiriblər.